Yuxarı

Londondan Bakıya baxanda… – I yazı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

British Council, Tomsun Fondu və "Paşabank"ın birgə layihəsi olan "Biznes jurnalistikası" layihəsində iştirak etmək üçün Londonda keçirilən təlimlər başa çatıb. Layihəyə seçilənlər sırasında "Axar.az"ın əməkdaşı da olub. Həmkarımız səfər təəssüratlarını oxucularla bölüşüb.

Böyük Britaniya və paytaxtı London haqqında ilk təəssüratlarımı orta məktəbdə ingilis dili müəlliməm yaratmışdı. Dili öyrənmək məqsədilə verilən kiçik mətnlərdə Londonun görməli yerləri, maraqlı tarixi hadisələrindən bəhs olunurdu. Müəllimə bu barədə o qədər həvəslə danışırdı ki, hamımız həmin səhnələri canlı görmək arzusu ilə yaşayırdıq. Jurnalistika tarixini öyrənərkən də mənə ən maraqlı olanı ingilis mətbuatı olmuşdu. Ona görə də bir gün həmin yerləri görmək, medianın bu günkü iş rejimini izləmək istəyi məni tərk etmirdi. Təxminən 20 ildən sonra bu arzularım gerçəkləşdi.

Uzun və yorucu hava yolu üzü şimala istiqamət aldı. Yol boyu harada qalacağımız, havaya, qidalara necə öyrəşəcəyimiz, kimlərlə və necə görüşəcəyimiz, təlimlərdə daha hansı yenilikləri öyrənəcəyimiz barədə suallar beynimi qarışdırırdı. Nəhayət, Londona Qriniç (Greenwich) kəndinin üzərindən fırlanaraq daxil olan təyyarə yerli vaxtla saat 15:10-da Hitrou (Heathrow) hava limanına endi. Əslində, həmin vaxt Londonda havanın soyuq, yağmurlu olacağını gözləyirdik. Amma Allahdan ilk gün və sonrakı günlər hava sarıdan bəxtimiz gətirdi, günəş öz istisi ilə uzun yolçuluğun yorğunluğunu çıxarmağa imkan verdi.

Yad ölkədə doğma insanlar

Qərib bir yerdə öz millətinin nümayəndəsi ilə görüşmək isə ayrıca bir sevinc idi. Hava limanında qrupumuzu uzun illər Londonda yaşayan dəyərli ziyalı Məhbubə xanım Seyidova qarşıladı. Nəcibliyi, səmimiliyi, qonaqpərvərliyi ilə seçilən Məhbubə xanım uzaq Londonda belə xalqımızın dəyərlərini qoruyub saxlaya bilib. Çöhrəsindəki nur onu tanıyan və tanımayan hər kəsdə ancaq müsbət hisslər yaradır. Onu da deyim ki, M.Seyidova mərhum professor Yusif Seyidovun qızıdır. Elə Londonda da sevimli peşəsi ilə məşğul olur. Məhbubə xanım İngiltərəyə yeni gələn xarici vətəndaşlara ingilis dilini öyrətmək kimi çətin bir missiyanı üzərinə götürüb.

Tıxacsız, təmiz…

Hava limanından şəhərə doğru gedərkən yolboyu diqqətimi çəkən məqamlardan biri küçələrin, yolların təmizliyi oldu. İstirahət günü olmasına baxmayaraq yollarda tıxaca rast gəlmədik. Amma şəhərdə böyük qələbəlik var idi. Martın 16-da ingilislər Müqəddəs Patrik gününü qeyd edirdilər. Hər tərəf yaşıl rəngə boyanmışdı. Bu, həmin bayramın rəmzidi. Böyük-kiçik hər kəs küçədə, meydanlarda toplaşaraq bayramı özünəməxsus şəkildə qeyd edirdi. Ümumiyyətlə, İngiltərədə insanlar həftəsonunu ancaq istirahət edirlər. Həmin günlər bütün idarələr, hətta alış-veriş mərkəzləri belə bağlı olur. İnsanlar səyahət edir, parklarda, meydanlarda ailəliklə toplaşaraq əsil həftəsonu həzzini yaşayırlar. Burada yaşayan digər ölkələrin vətəndaşları da artıq bu şəraitə uyğunlaşıb.

Jak Şirak gülməli vəziyyətə düşüb

London çoxmillətli şəhər olsa da, öz tarixiliyini qoruyub saxlaya bilib. Bayram günü ilk baş çəkdiyimiz məkan da məhz tarixi Trafalqar meydanı oldu. Bura tarixi Trafalqar döyüşünün şərəfinə belə adlandırılır. Yeri gəlmişkən, parlament binasındakı görüş zallarının birində bu döyüşü əks etdirən böyük şəkil çəkilib. Onunla üzbəüz divarda isə Vaterloo döyüşü təsvir edilib. Məlumdur ki, hər iki döyüşdə ingilislər farnsızlara qalib gəlib. Fransanın həmin zalda bir neçə dəfə çıxış edən keçmiş prezidenti Jak Şirak sonradan həmin şəkillərə etirazını bildirərək yığışdırmağı xahiş edib.

Temzada axşam gəzintisi

Təlimçimiz Den Meyson həm də Londonu tanımaqda bizə əla bələdçilik etdi. Onun tapşırıqlarını yerinə yetirməklə bərabər öz istəklərimizi də gerçəkləşdirməyə fürsət tapdıq. Ən çox görmək istədiyim Temza çayında gəmi gəzintisi idi. Bu təklifimi dəyərləndirən Den həmkarlarımla birgə bizi Temzada gəzintiyə apardı. Yorğun olsaq da, oradakı ürək açan mənzərələr, gecə işıqlarının yaratdığı zövqlü görüntülər istirahət etməyə imkan verdi. Məhşur "London Bric" abidəsini, dünyanın ən körpülərindən sayılan Temza cayı üzərindəki "Breic Tauə" körpüsünü seyr etdik.

Ümumiyyətlə, Londonun gecələri çox gözəldi. Həm də küçələrdə maşın az olduğundan insan rahat hərəkət edə və dincələ bilir. Bakıdan fərqli olaraq Londonda avtomobil daha çoxdur. Ancaq mərkəzi küçələrdə gəzərkən siz bunu hiss edə bilməzsiz. Şəhərin dar küçələrində heç vaxt tıxaca rast gəlməzsiz. Siqnal səsindən isə ümumiyyətlə, söhbət gedə bilməz. Buna səbəb artıq çoxdan oturuşmuş şəhər idarəetmə sisteminin qaydalarına hamılıqla riayət edilməsidir. Belə ki, Londonun mərkəzi küçələrində maşınların hərəkəti məhdudlaşdırılıb. Bəzi avtomobillərə və küçələrə isə pullu xidmət tətbiq edilir. Buna görə də şəhərdə tıxaclar çox az hallarda olur.

Tərs yollar, sərt qaydalar

Britaniyada nəqliyyatın hərəkətində fərqli və mühüm məqamlardan biri avtomobillərin bizim öyrəşdiyimiz istiqamətlərin əksinə hərəkət etməsidir. Belə ki, Londonda maşınların sükanı sağ tərəfdə qoyulub. İngilislər bunu hərəkətin daha təhlükəsiz olması ilə izah edirlər. Və deyəsən istəklərinə də nail olublar. Şəhərə çıxanda ilk aldığımız xəbərdarlıq da məhz nəqliyyatın hərəkət istiqaməti ilə bağlı oldu:

"Londonda maşınlar Bakıdakının əksi istiqamətdə hərəkət edir. Ona görə də yollarda diqqətli olun. Yolu keçərkən ilk olaraq sağa baxın".

Ümumiyyətlə, Londonda ilk dəfə olan adam yol hərəkəti qaydalarını öyrənməkdə çətinlik çəkə bilməz. Çünki bütün yollarda sürücülər və piyadalar üçün işarələr, keçidlərdə saga və ya sola baxmağın lazım olduğunu göstərən yazılar (look right, look left), avtobuslarda istiqaməti və növbəti dayanacağı elan edən xüsusi səsli monitorlar qoyulub.

Nəqliyyatda daha bir maraqlı məqam dayanacaqlarla bağlıdır. Bakıdan 4-5 dəfə böyük olan Londonda avtobus dayanacaqlarına daha tez-tez rast gəlinir. Lakin bu heç də avtobusun hər addımbaşı saxlanılması demək deyil. Hər bir istiqamət üzrə hərəkət edən avtobusun öz dayanacağı var. Həm də onlar dayanacaqdan bir addım belə kənarda saxlamazlar. Dayanacaqlarda qoyulan informasiya monitorları da tam dəqiqliklə çalışır.

Hər yerdə eyni kartdan istifadə edirlər

Piyadalar da ancaq onlar üçün xüsusi ayrılan yerüstü keçidlərdən istifadə edirlər. Hər şey yerli-yerində olduğundan, insanlar və avtomobillər qaydalara tam əməl etdiyindən çoxmillətli şəhərdə təhlükəsiz hərəkət edə bilirsən. Londonda olduğumuz bir həftə ərzində bir dənə də olsun avtoqəzaya rast gəlmədik.

Londonun yeraltı dünyası

Londonun nəqliyyat infrastrukturundan danışarkən metrodan bəhs etməmək olmaz. Olduqca uzun və çoxpilləli yeraltı nəqliyyat şəhərin müxtəlif istiqamətlərini bir-biri ilə birləşdirir. Çoxpilləli olduğundan stanssiyaların tavanı xeyli alçaqdır. Lakin vaqonlar çox geniş, təmiz və rahatdır. İstiqamətləri xətlər (line) vasitəsilə müəyyən etmək mümkündür. Hər xəttin də özünəməxsus rəngi var. Metroda ödəniş sistemi də fərqlidir. Qeyd edim ki, Londonda insanların rahatlığını təmin etmək üçün bütün nəqliyyat vasitələrində vahid kartdan (oyster kart) istifadə olunur. Metroda gediş haqqını çıxarkən ödəyirlər. Avtobuslarda isə birinci qapıdan minərək ödəniş edilir, axra qapılardan isə düşürlər. Ancaq gediş haqqı Bakı ilə müqayisədə dəfələrlə bahadır - 1.40 funt sterlinq.

Qəzetlər vaqonlarda, avtobuslarda

Şəhərin demək olar ki, bütün nəqliyyat vasitələrində qəzetləri görmək olar. Sərnişinlər yolboyu həmin qəzetlərdən özlərinə lazım olan informasiyaları ala bilirlər. (İngiltərənin inkişaf etmiş media qurumlarının təcrübəsi barədə növbəti yazıda ətraflı danışacam.) Məncə, bu ölkənin nəqliyyat sistemindəki müsbət xüsusiyyətləri əxz etməyə dəyər.

London küçələrində diqqətçəkən məqamlardan biri tarixi şəxsiyyətlərə və ya hadisələrə həsr olunan abidələrdir. Biz abidələri əsasən, park və xiyabanlarda görməyə öyrəşmişik. İngiltərədə isə öz tarixlərinə fərqli yanaşmanın şahidi oldum. Onlar müharibələrdə həlak olan qəhrəmanlarının heykəllərini nəqliyyatın sıx olduğu küçənin ortasında ayrılmış xüsusi sahədə qoyublar. Bu, hər dəqiqə yoldan keçən insanların həmin şəxsləri və hadisələri yada salması, tanıması məqsədi daşıyır.

Tarix
2014.03.27 / 20:08
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd... - AB

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla