Yuxarı

Heç nəyə görə həbs olunanlar: Kürdəxanı - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayram günlərində material hazırlamaq istəyəndə ağlıma ilk gələn Kürdəxanadakı istintaq təcridxanasına getmək, dustaq həyatı yaşayan insanların doğmaları ilə görüşüb-söhbət etmək oldu. Və ağlıma gələn istəyin ardınca düşdüm.

Təcridxananın qarşısı qələbəlikdir. Əzizləri ilə görüşmək istəyənlərin, boyunlarını büküb içəriyə göndərdikləri sovqatın və oradan gələcək əl boyda kağıza yazılmış sözlərin gətirəcəyi son xəbəri gözləyənlərin simasında illərin üst-üstə yığılmış kədəri qaysaqlanıb.

Hər kəs hər şeyin qiymətini əzbər bilir

Təcridxananın qarşısında tikilmiş yeni tikilidə həm kafe-çayxana, həm də dustaqlarla görüş və gönəriləcək sovqatın icazə vərəqi yazılan xüsusi otaq var. Burada da növbədir. Mən də növbəmi müəyyənləşdirib gözləyirəm. Qediyyat aparılan otağın qapısı açılanda içəri boylanıram. İki nəfər ədliyyə giziri və bir nəfər mülkü geyimli şəxs ziyarətçiləri qəbul edir, şəxsiyyət vəsiqələrini yoxlayır və icazə-buraxılış vərəqələrini yazırlar. Vərəqələrini alan ziyarətçinin stolun üstünə qoyduğu "şirinliyə" isə heç gözucu da baxmırlar… Burda hər kəs hər şeyin qiymətini əzbər bilir.

Bir nəfərin növbəsiz içəri girmək üçün icazə istəməsi diqqətimi çəkir:

- Mümkün olsaydı mən keçərdim, tələsirəm...

İcazənin verilmədiyini görüb narahat olur. "Hər kəs tələsir burda", – kimsə sıradan səslənir. Mən öz növbəni ona təklif edirəm. Sevinir və anındaca:

- Bəs, siz? – deyir.

- Mən tələsmirəm, yanına gəldiyim adam hələ çox olacaq burda. Vaxt tapıb görüşərəm.

Dərinə də getmək olmur

Söhbətimiz alınır. Kənara çəkilib siqaret yandırırıq. Mənim ona verdiyim növbənin çatmasına isə hələ beş adam var. Rahat söhbət etmək olar.

- Bu uşağı heç nəyə görə tutdular dənə. Gəldi, düşdü də bura, – dərdini bölüşmək istəyir. - Dərdli-dərdlini yaxşı başa düşər, sən məni başa düşərsən. Bir araşdırma-zad da aparmırlar. Uşaq 8 aydır bu xarabadadır.

Adı Rövşən olan həmsöhbətim Neftçaladandır.

- Oğlum hərbiçidir. Onun əsgəri özünü öldürüb. Avtomatla yaxından özünə atəş açıb. Oğlum isə 10 günlük məzuniyyətdə olub.

- Bəs nədə günahlandırırlar?

- Nə bilim, deyirlər ki, gərək əsgərinin təlim-tərbiyəsi ilə ciddi məşğul olaydın. Qardaş, dərinə də getmək olmur…

- Dərinə getmək deyəndə nəyi nəzərdə tutursan?

- Ehh, çox şeyi. Soruşan yoxdur ki, bu adamı ölüm həddinə kim çatdırıb?

Hadisənin necə olması ilə maraqlanıram.

- Nə bilim, doğrusunu Allah bilir. Amma bu yazıq rəhmətlik əsgərin nəsə zibili olur. Deyirlər ki, iki min gətir. Valideyininə zəng vurub ki, 2000 manat göndərsin. Valideyin də verməyib o pulu. Yəqin olmayıb da, yoxsa 2000 nədir axı. Yazıq əsgər də çıxışı özünü öldürməkdə görüb. İndi də zibilə biz düşmüşük. Psixiator var, həkim var, öyrənmək gərəkdir ki, bu uşaq niyə belə oldu.

Bakıda evimi satmışam

- Yoluna qoymaq lazımdır, - canıyananlığım dərdinin çözülməsinə gətirir.

- Ay qardaş, Bakıda evimi satmışam. Neçə il əziyyət çəkdi. 8 il oxudu. Kapitan idi.

Rövşənin növbəsi çatır, mənə bir daha təşəkkür edir. Sağollaşırıq.

Vəkilə deyin, adam kişi olar

Buraxılış məntəqəsinə yaxınlaşıram. Adamlar qrup halında durub dərdləşirlər. Nəzarətçi çıxıb, "Sona xala, gəl, "veş"lərini apar, – deyir. Başı çalmalı qadın içəridən gələn əşyaları – boşalmış qabları, çirkli paltarlarla, mələfə ilə tıxaclanmış zənbili və nəzarətçini ona uzatdığı kağız bükülüsünü – məktubu alıb kənara çəklilr. Məktubu açıb baxır, ətrafa boylanır, hiss edirəm ki, oxumağa çətinlik çəkir. Yaxına gəlirəm.

- Xala, nə təhərdi uşağın vəziyyəti?

- Kürəkənimdi. Nə bilim, ay qardaş, yazıb, "zapiska" göndərib, oxuya bilmirəm təzə hərfləri.

- Ver baxım görüm, - ərklə əlimi məktubu tutduğu əlinə tərəf uzadıram.

- Başuva dönərəm sənin, gör nə yazır?

Məktubu oxuyuram. Yeznə qayınanasına əziyyət çəkməməyi, bir daha gəlməməyi xahiş edir: "Burda yeməyə hər şey verirlər. Uşaqlardan muğayət ol. Üzlərindən öp. Mən yaxşıyam. Vəkilə deyin, adam kişi olar, gəlsin, sözüm var ona".

Sonda isə xahişinin əksinə çıxır: "İşdi gəlsəniz, başağrı dərmanı gətirərsiz, bir də iki mayka".

- Can ay bala, dədəniz sizi yetim qoydu. Onu doğan arvadın qarnına şiş batsın. Heç maraqlanmırlar da balası, balasının balası nə yeyir, nə içir…

Nəyə görə tutulduğunu soruşuram.

- Heç nəyə görə. Bir qadın vardı. Faizə pul verirdi. 10.800 də yeznəm götürübmüş. Qaytara bilmədi, o da bunu tutdurdu.

- Allah qapısını açsın.

Sona xala Şəmkirdən gəlmişdi. Qatarla axşam geri qayıdacaqdı.

Fotokameramı çıxarıb bir-iki şəkil çəkmək istəyirəm. Nəzarətçilər mane olur. Kameranı yığışdırıram. İki nəfər qayğılı adam diqqətimi çəkir. Həmsöhbət oluram.

Rəisə də "dolajit" eləyəydin ki…

- Salyandanıq. "Razvedka"dan, - Ələkbər adlı kişi deyir. Bir az dərdləşirik. Onların kimi olduğunu soruşuram. Ələkbər kişi:

- Oğlum burdadır. Təzə gətiriblər.

- Nəyə görə tutublar?

- Heç nəyə görə. Cibindən bir baş şey tapılıb. Denən ay namərd, tapmısan, yaxşı eləmisən, bə adamluğun hardaydı, ataydın yerə, rəisə də "dolajit" eləyəydin ki, heç nə yoxuydu üstündə. Biz də özümüzə görə adamuq da, xəcalətli qalmazduğ.

Ələkbərin yanındakı oğlan söhbətə qoşulur:

- And içdi ki, mənlik deyil. "Nakolka"ya gəlmişdilər. Əgər, deyir, cibində olmasaydı, cibinə qoyacaqdıq. Çox çənə döydüm. Onu tutanda yanında idim. Çöldən metallalom yığırdıq. Mənə dedi ki, elə etmə, səni satan kimi, onu da çəkən kimi "oformit" edim. Guya edə bilməzdi? Genə də insaflı idilər…

Bir nəfərdən pula alıb

Bir qədər kənarda söhbət edənlər isə tələbə yoldaşlarının yanına gəliblər. Bir azdan görüşəcəklər. Söhbət edirəm, dostlarının niyə tutulduğunu soruşuram.

- Heç nəyə görə! Adı korrupsiyada hallanır. Elşad Abdullayevlə bir iş görübmüş. Bir nəfərdən pul alıb ötürüb ona ki, oğlunu işə düzəltsinlər. İş də düzəlmədi. Elşad da qaçıb getdi. Bunlar şikayət edib. Yazıq o pulu qəpiyinə qədər qaytarsa da, əl çəkmədilər…

Təcridxanadan uzaqlaşıram. Ramiz Rövşənin şeirini ürəyimdə təkrar edirəm:

Hamı günahkardı dünyada amma,

Dünyada heç kimin günahı yoxdur.

Tarix
2014.03.27 / 17:52
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla