Yuxarı

Elçibəy toyumda “Süleymani”ni oynadı...

Ana səhifə İntervyu
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xatirə dəftəri" həmişə maraqla oxunub. Hər kəsin yaşadığı acılı-şirinli xatirələr onun yaşadığı ömrün bir parçasıdır. Biz, "Axar.az" olaraq bu xatirələri vərəqləməklə müsahibimizi təkcə ötənlərə qaytarmırıq, həm də yaşanan günlərə işıq tutub bu günün baxışları ilə qiymət veririk...

Gənc şair, ssenarist Ehtiram İlhamın "Xatirə dəftəri"ni oturub onunla birlikdə vərəqləmək istədiyimi dedim. "Dərdiş, mənim xatirələrim kimə gərəkdir ki?" – cavab verdi, ardınca da sualı gəldi:

- Sənə nə olub, bir təhərsən?

- Dişim ağrıyır..

- Əəə, nə üçün? – soruşdu. "Maraqlı sualdı", - fikirləşdim, ardıyca dedi: - Araq iç, keyisin.

Allah kəssin, hamısı zülümdi, əziyyətdi

- Bu aralar az görünürsən, nə işlə məşğulsan?

- Evdəyəm, əlimdə redaktələr var.

- Nə redaktələrdi elə? Kimləri redaktə edirsən, sifariş kimdəndi?

- Kitab... çoxdandı nəşriyyatlarla, müəlliflərlə əməkdaşlıq edirəm də. Kim hansı kitabı versə. "Qanun" nəşriyyatı ən müxtəlif və məşhur müəllifləri verir...

- Demək, dolanışığın ordandır. Başqa yerdən maaş-zad almırsan ki?

- Demək olar həm də ordandı, yəni başqa işlərim də olur. Hərdən... uzun söhbətdi, gəl araq içək, dişin keyisin...

Yaxından tanımaq üçün, yaxın əyləşmək lazımdı, dərdiş

- Dişimlə işin olmasın, məsələn, nədi başqa işlər, baş kəsib, qan tökürsən?

- Faiq, qadan alım, mən baş kəsənəmi bənzəyirəm? Dedin söhbətim var, nə söhbətdi elə?

- Elə söhbətdi də edirik...

- Şəmistan Əlizamanlı ilə QHT-miz var. Düşəndə film çəkirik. Sonra belə işlər. Amma Allah kəssin, hamısı zülümdi, əziyyətdi. Sənədli filmlərdi, müharibə, milli qəhrəmanlarımız, işğal olunan torpaqlarımız, yaxın tariximiz... yaxından tanımaq üçün, yaxın əyləşmək lazımdı, dərdiş. Filmlərin prodüsseri də özüməm... Allah qıymasın, pis deyil...

Adam ha döy...

- Dərdiş demişkən, dişlərim yaman ağrıyır, dedim sənə, necə düşünürsən, varmı elə bir filmin baxam, dişimin ağrısı kəsə?

- Həkimə niyə getmirsən ki! Ayə, Vasifə de, bir dənə şeir desin, ağrısı kəsəcək, o araq içə bilmir ha...

- Vasifə zəng vurdum ki, görüşək, deyir, vaxtım yoxdur...

- Adam ha döy... O gözəllikdə şair olasan, amma dostlara vaxt ayırmayasan, Allahın arağın içə bilməyəsən, gərək onu bir abıra salaq, ayıbdır e, tənəsi bizə dəyər...

- Bir filmdən nə qədər qazana bilərsən?

- Qəpik-quruşdu qazanc. Ailəni dolandırmağa, dostlarla araq içməyə çatır deyəsən.

- Ssenarilərin hollivuda gedib çıxa bilər?

- Hollivuda bədii filmlər gedir, amma sənədli filmlər festivalına bəlkə də göndərmək olar.

- Yəni ssenarist kimi heç fikirləşmirsən sənin filmlərinə uzaq Qvineyada baxsınlar?

- Hər şey istəkdən asılıdı... Adamına baxır həm də. Vallah, elə qəliz məsələlərlə məşğul olammıram. Amma universitetdə ürəyimdən çox şey keçirdi... O ki qaldı ssenarist məsələsinə, vallah, mən utanıram özümə ssenarist deməyə. Gözəl şair, romançı Əyyub Qiyas olan yerdə adam bu sözü öz ünvanına götürə bilmir… Mən fəal hərəkatçı olmuşam axı... Azərbaycan torpaqlarının azadlığı, bütöv məmləkət–filan.

- Ürəyindən keçənləri gerçəkləşdirmək mümkün olmadı?

- Gördüyün kimi. Amma ilahi arzular və coşqulu illər idi.

- O illərə dönmək mümkün olsaydı...

- Keşkə...

- Nə edərdin ki?

- Amma mən yenə hərəkatçı olardım.

- Hərəkatçı olduğunu deyənlər var, amma hərəkətsiz qalıblar.

- O baxır insan xarakterinə və qismətinə..

- Kimlərlə daha çox ünsiyyətdəsən? Kim ki sazı daha çox sevir, onlarla?

- Dostlarımla. O dost sazı sevməyə də bilər, amma yetər ki, soyuq yanaşmasın.

Ayə, qıvlasız, kimi oxumuşamsa, əzbərimdədir...

- Ən çox kimi oxuyursan, daha doğrusu - kimi əzbərdən bilirsən?

- Yaddaşımda şeirlərin sayı-hesabı yodur, – xeyli fikrə gedir. - Sən adların de, mən əzbərdən deyim şeirlərini... Abbas Tufarqanlı, Qaracaoğlan, Səməd Vurğun, Nihal Atsız, B.Vahabzadə, H.Arif, M.İsmayıl, A.Səməd, M.İlqar, Murad Köhnəqala, Şaiq Vəli, İbrahim, Vasif, birmi, beşmi, hər kəsdən əzbər deyim... Nəbi Xəzri, Sabir Yusifoğlu, gəldi üzü belə... Salam, Pərviz, Aqşin... ayə, qıvlasız, kimi oxumuşamsa, əzbərimdədir...

- Seçim qarşısında qalmısan. Tərəzi var, bir tərəfinə saz-söz qoyulub, o biri tərəfinə nə qoyardın?

- Dostlarımın xatirəsini, Azərbaycanın bütövlüyünü, bütövlüyümüzə özümü qurban verərəm, nəinki sözü, sazı... Baxmayaraq ki, sazın səsi mənim damarımdan axan qanı tənzimləyir.

- Xatirələrdən bəhs edirsən, amma heç o dəftəri vərəqləmirsən, danışmırsan...

- Xatirə dəftəri 2 cür olur – biri orta məktəbdə yazılan "Xatirə dəftəri", bir də var insan yaddaşının "Xatirə dəftəri". Birinci dəftərim olmasa da, ikinci dəftərim xeyli böyükdür və ordan "kimlər gəlib, kimlər gedib..."

Aşıq ola bilmədi... getdi, professor oldu

- Yəni elələri olub ki, həmin xatirə dəftərindən silinib, yoxsa vərəqləmək istəmirsən?

- Silinəni də var, vərəqini qatladığım da, amma silinməyənlər o qədər çoxdu ki... Məqamı çatıb, sənə bir olmuş söhbəti danışım. Demək, şair dostumuz Akif Əhmədgilin evində balaca bir məclis vardı. Məmməd İsmayıl, professor Nəsir Əhmədli, onun böyük qardaşı, mərhum dilçi-alım Bəşir Əhmədli, rəhmətlik Akif Səməd və başqa dostlar. Məclisin şirin yerində Bəşir müəllim divardan asılan sazı götürüb sinəsinə sıxaraq, asta-asta çalmağa başladı. Məmməd İsmayıl dedi: - Ay Bəşir müəllim, maşallah olsun, nə gözəl çalırsız sazı...

Nəsir müəllim həmişəki hazırcavablığıyla dilləndi: - Məmməd müəllim, Bəşir cavanlığında aşıq olmaq istəyirdi, ola bilmədi. Getdi, professor oldu.

Elçibəy toyumda "Süleymani"ni oynadı

- Xatirə dəftərləri insanın iç dünyasıdır. O dünyana kimisə buraxsaydın, kimlərlə bağlı olan səhifələri açardın?

- Övladlarıma vaxtsız itirdiyim valıdeynlırim və qardaşlarımla bağlı səhifələri açardım. Könlüylə içimi oxşayan insanlara isə açmağa fəxr eləyəcəyim xeyli səhifələr var... Məsələn, Əbülfəz Elçibəylə, Aşıq Xanlarla, Akif Səmədlə, Şaiq Vəliylə, Milli Qvardiyanın komandanı var idi - Tahir Məmmədov, onunla, Samir Tağızadə ilə və s. bağlı səhifələri açardım. Faiq, qadan alım, Elçibəy 1997-ci il noyabrın 26-da toyumda iştirak edib, əla çıxış eləyib, "Süleymani"yə qol qaldırıb oynayıb.

- Döyüşmüsən?

- Ömrümüz döyüşlərdə keçmədimi? Çiynimdə silahlar daşımışam. Səngərlərdə gecələmişəm..

- Hərakatda oldun, mitinq, tətil, müharibə. Ötən günlərdən hansılarını "Xatirə dəftəri"ndən silmək istəyirsən, amma bacarmırsan?

- Elə hadisələr çoxdu, ay qardaş. Ən çox da hərəkatın və bəzi hərəkatçıların bu vəziyyətə düşməsi, torpaqların işğala düşməsinə səbəb olan amillər... Dərdiş, sən gəl iç e... dişin də toxdasın... Yaxşı olacaq inşallah.

Bu dırnağın ucu boyda yaltaqlanmaq bəsdir

- Musiqi, saz, silah, hərakat, redaktə, kitablar, araq məclisləri... Sənin "Xatirə dəftəri"ndə salamat yer olmaz...

- Şeiri unutdun, deyəsən. Heç içimdə də salamat yer yoxdu, dərdiş... Məmməd İsmayıl, Məmməd İlqar, Zirəddin... Bunların hər biri ustaddır, hər birinin də mənim ürəyimdə ayrıca yeri var. Böyük adamlardı həm də... Bir dəfə rəhmətlik Akif Səmədlə bir məclisdə televizora baxırdıq. Tanınmış şairlərdən biri yenə öz ampluasında - yaltaqlanmağında idi. Akif Səməd bir az tamaşa edəndən sonra dedi: - Ay həpənd, dolanmaq üçün bu dırnağın ucu boyda yaltaqlanmaq bəsdir axı... Bu boyda hara girirsən belə?.. Və hirsindən rəngi qap-qara qaralan Akif Səmədlə məclisi tərk etməli olduq. Mənim xatirələrim, xatirə dəftərim o qədər zəngin olmasa da, çox maraqlıdır, dərdiş.

Ehtiram birdən süfrəyə qoyulmuş arağa tərəf baxır:

- Sən bunu bəyənmirsən, deyəsən, hansı araqdan içəcəyik, özün de, heç olmasa arağı mən alım, qonaqlığı özün verirsən də...

Ehtiram İlham həmin gün araq içmədi, heç mən də... onun xatirələrinin sərxoşu olmuşdum...

Tarix
2014.03.25 / 17:35
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla