Yuxarı

Guya həmişə qadınlar yazıq, saf və təmizdir...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Söhbətimiz bu dəfə şair Elnaz Eyvazlı ilə davam edir. İncə ruhlu şerləri və səmimi etirafları ilə diqqəti cəlb edən bu xanımın söhbəti maraqlı olar deyə düşündük.

Təmiz pəncərəmdən baxıb çirkli dünya görürəm

- Elnaz xanım, dünya sizdən ötrü haradır, cənnət, yoxsa cəhənnəm?

- Nə bilim... Bilmirəm cənnət, cəhənnəm var, ya yox. Hər kəs dünyaya öz pəncərəsindən baxır. Kimin dünyaya açılan pəncərəsi təmizdirsə, dünyanı da təmiz və gözəl görür. Kimin pəncərəsi çirklidirsə, o da dünyanı çirkli görür. Mənim pəncərəm təmizdir. Amma təmiz pəncərəmdən baxıb çirkli dünya görürəm. Dünya hər kəsin görmək istədiyi yer deyil, bir məqamda cənnətdir, digər məqamdasa cəhənnəm...

- Məsələn, gördüyünüz çirkinliklər nələrdir?

- Baxıram ki, getdikcə insanlar bir-birinə qarşı qeyri-səmimi olurlar. Dəyər hesab etdiyimiz nələr varsa, onlar itir. İnsanlara etibar etmək olmur. Gördüyüm çirkinliklərdən biri də budur.

Soyuqqanlı, biganə olsaydım...

- Özünüzə qarşı insanlardan tez-tezmi etibarsızlıq görürsünüz?

- O qədər olub ki....

- Əgər şer yaza, yaşadıqlarınızı ifadə edə bilməsəydiniz, sizə daha çətin olardı?

- Təbii ki... Bu xarakterlə, bu iç dünyası ilə çətin olardı. Başqa xarakterdə, soyuqqanlı, biganə olsaydım, yazıb-yazmamağın mənə fərqi olmazdı.

Elə qadınlar var ki, onlarla kişini bədbəxt edir

- Şeirlərinizdən belə hiss olunur ki, xanım kimi çox problemlər yaşamısınız. Özünüzü bədbəxt qadın hesab edirsiniz, yoxsa düşünürsünüz ki, bunları çoxları yaşaya bilər?

- Mən bədbəxt qadın deyiləm, əksinə, çox xoşbəxtəm! İstər qadın olsun, istər kişi, mənim üçün insan anlayışı var. İnsanları cinslərə ayırıb ucuzlaşdırmaq, xırdalamaq həmişə mənə yad olub. Taleyi gətirməyən həm kişilər, həm də qadınlar var. Bir kişi bir qadını bədbəxt edirsə, bir qadın da bir kişini bədbəxt edir. Guya həmişə qadınlar yazıq, saf, duru və təmizdir? Xeyr, belə deyil. Elə qadın var ki, onlarla kişini bədbəxt edir, evini yıxır.

- Taleyinizdən, yaşadıqlarınızdan narazısınız?

- Yox qətiyyən... Nə yaxşı ki, hər şey belə oldu. Bir qadına xoşbəxt olmaqdan ötrü mütləq ər lazım deyil. Bir qadını xoşbəxt etməkdən ötrü mütləq onun yanında kişi olmalı deyil. Bu olmalı olan şərtlərdəndir, vacib olanlardan biridir, hamısı yox.

Bizim cəmiyyətdə kişi olmaq da əzabdır

- Necə bilirsiniz, qadın olmaq hər yerdə və həmişə çətindir?

- Başqa ölkələrdə, başqa cəmiyyətdə bilmirəm necədir. Amma bizdə çətindir. Bizim cəmiyyətdə kişi olmaq əzabdır, o ki qala qadın ola...

Mən istədiyimi Allahdan istəyirəm

- Bir qadın olaraq istəyiniz nədir?

- Heç nə istəmirəm. Ümumiyyətlə, heç bir bəndədən istəyim yoxdur. Mən istədiyimi Allahdan istəyirəm.

- Yaxşı, bir gün Allahla üz-üzə qalsaydınız, ona verəcəyiniz sual və istəyiniz nə olardı?

- Yəqin ki, nə istəmişəmsə, nə veribsə, ora qədərdir. Amma əgər Allah məni o məqama çatdırarsa, daha mənə nə gərəkdir ki?!

Yazanda rahatlayıram

- Şairə olmağınız sizi daha da duyğulu edir, yoxsa şeri yazıb bitirdikdən sonra normal həyata qayıdıb hamı kimi davam edə bilirsiniz?

- Mənim şairə olmağım məni duyğulu etmir. Mən duyğulu olduğuma görə yazıram, yaza bilirəm. O qədər duyğulu adamlar var, təbiətcə şairdirlər. Amma yazmırlar, ya da yaza bilmirlər. Nə yaxşı ki, bu təbiətlə yaza bilirəm. Allah məni belə yaradıb. Yazıram, yazandan sonra rahatlayıram.

- Deyirsiniz ki, duyğulu olduğuma görə yazıram. Nə vaxtsa bu duyğular bitsə, tükənsə, yaza bilməyəcəksiniz?

- Yox, o bitəsi bir şey deyil ki... Bu mənim xarakterimdir. Bu vərdiş deyil ki, bitsin. Duyğulu olmaq insanın xarakteridir, inanmıram duyğusuz yaşayam. Əgər o duyğular nə vaxtsa bitəcəksə, deməli, mən o gün yoxam. Ancaq mən həyatda olmayanda mənimlə doğulan xüsusiyyətlər ölə bilər.

"Məndən ötdü qardaşıma dəydi"

- Niyə AYB üzvlüyündən çıxdınız?

- Orda mənə təzyiq, kobudluq olmadı. Başqalarına qarşı münasibətləri, təpkiləri görürdüm. Mən ora tədbirdən tədbirə gedirdim, heç çoxu bilmirdi oranın üzvüyəm. Heç bir məqamda "məndən ötdü qardaşıma dəydi" prinsipinə uya bilmirəm.

Sevməsəm, vecimə də olmaz

- İnsanlarla ünsiyyətdə olmaq çətindir, yoxsa onlarla paylaşmağı, birlikdə vaxt keçirməyi sevirsiniz?

- Mən əhval-ruhiyə adamı deyiləm. İnsanlar arasında olmağı xoşlayıram. Ümumiyyətlə, insanpərvərəm, qəlbim sevgiylə doludur. Etdiyim gileylər də, incidiyim məqamlar da, hamısı insanı sevdiyimdən irəli gəlir. Sevməsəm, vecimə də olmaz. Paylaşmaq isə hər adamla olmur. Həyatımda hər şeyi paylaşdığım yeganə adam var ki, onun yanında olanda, onunla paylaşanda rahat oluram.

- Kimdir, bilmək olar?

- Rəfiqəmdir Leyla... Hətta rəfiqədən də artıqdır, biz onunla iyirmi ildir dostuq. Ona olan hisslərimi heç kəslə müqayisə edə bilmirəm. Tam fərqli biridir Leyla mənim üçün...

Mənə yazdığın mətn maraqlıdır, şəxsi həyatın yox...

- Bəs Azərbaycan ədəbiyyatında baş verənlərə, qalmaqallara necə baxırsınız?

- Hər halda, kənardan baxanda yaxşı görünmür. Məsələn, bu günlərdə mənimlə söhbət edənlərdən biri dedi ki, sizin ədəbiyyatdan iyrənirəm. Soruşdum ki, nə olub? Demə, hansısa saytda bir yazarın yataq həyatı ilə bağlı material qoyulub, sonra da siliblər. Sözün düzü, mən görməmişdim. Oxucu kimi yanaşanda, mənə sənin yazdığın mətn maraqlıdır, şəxsi həyatın yox... Mən ümumiyyətlə, elə başlıqda olan yazıları açmıram. Çünki saytlarda elə başlıqları rəqabət xətrinə qoyurlar. Heç söz adamı kimi danışmıram, adi bir oxucu kimi mənə sənət, mətn maraqlıdır, kimin kimlə harada yatdığı yox...

- Sizcə, daha çox yazmaq lazımdır, yoxsa daha çox yasaq mövzularla gündəmdə olmaq... Hansı daha yaxşıdır?

- Ümumiyyətlə, həm xarakterimdə gözə girmək yoxdur, həm də qalmaqalla gündəmdə olmağı sevmirəm. Sənətdə şou ilə gündəmdə olmaq düzgün deyil. Götürək Yaşar Nurini, Səyavuş Aslanı, Markesi və yaxud da Nizami Gəncəvini - bunları biz yaradıcılıqları ilə tanımışıq. "Ədəbiyyat adamı" ifadəsi çox ağır ifadədir. Hər mənada bunu daşımağı bacarasan gərək. Elə beş şeir, üç hekayə yazdımsa, məni on adam oxudusa, deməli, mən oldum "ədəbiyyat adamı"? Xeyr, bunu zaman ələyəcək.

- Dünyadan, hətta övladınızdan, yaxınlarınızdan bezdiyiniz, tam olaraq uzaq bir yerə gedib təkliyə çəkilmək istədiyiniz vaxtlar olub?

- Bezmək yox, amma bəzən yorulur adam... Təbii ki, yorulduğum, baş götürüb getmək istədiyim vaxtlar olur. Leylamın yanında olmaq istəyirəm. O da İstanbulda yaşayır. O, haradadırsa, orada olmaq istəyərəm - hər şeydən, hamıdan yorulanda...

Allah insanı cəzalandıranda, onu müəllim edər...

- Maraqlıdır, müəllim peşəsini sevirsiniz, yoxsa məcburən müəlliməlik edirsiniz?

- Müəllimlik sənətini sevib gəlməmişəm, mənim arzum başqa sənətə olub. Amma müəllimlik gözəl sənətdir. Hətta haqqında kifayət qədər şişirdilmiş təriflər var. Amma bu gün bizim Azərbaycanda müəllim olmaq, doğurdan da əziyyətdir. Yunan atalar sözü var, deyir ki, Allah insanı cəzalandıranda, onu müəllim edər. Düşünürəm ki, onu demiş dahi insanlar məhz bizim üçün deyib. Müəllim sənəti həkim sənətindən də məsuliyyətlidir. Çünki müəllim mənəviyyatsız, vicdansız, iç dünyası kasıb olsa, hər sinifdə ən azından iyirmi vicdansız, mənəviyyatsız vətəndaş yetişdirəcək.

Hamımız günahkarıq

- Deməli, cəmiyyətdə mənəviyyatsız vətəndaşın formalaşmasında müəllimin böyük rolu var. Heç müəllimə olaraq özünüzü günahkar sayırsınız?

- Hamımız günahkarıq! Mən də, sən də, o da... Televiziya da, məktəb də, ədəbiyyat da günahkardır. Bugünkü gün bütün televiziya kanallarında seriallar çəkilir. Müasirləşirik, avropalaşırıq, milyonlarla pul ayrılır seriallara... Nəyi aşılayır insanlara o seriallar? Azərbaycan dilinin evini yıxıblar. Mən baxmıram, baxanda da görürəm ki, mənim dilimi nə günə qoyublar. Gücüm çatmır, nə edə bilərəm, necə ala bilərəm qarşısını? Dili bu qədər də məhv etmək olmaz. Mənim borcum ləyaqətli vətəndaş yetişdirməkdir, mütləq alim yetişdirmək deyil. Hər şagird gələcəyin atası, anasıdır. Hərəsi iki uşaq tərbiyə eləsə, budur mənim qazancım, becərdiklərim.

Əgər millətin belini qırmaq istəmirlərsə...

- Müəllimə kimi Təhsil Nazirindən istəyiniz nədir?

- Deməyəcəm ki, müəllimlərin maaşını artırmağını istəyirəm. Onsuz da mənim deməyimlə deyil, özləri nə bilirlərsə, elə də edirlər. Təhsil üçün xeyirli nədirsə, onu eləsinlər. Azərbaycan naminə, onun gələcəyi naminə etsinlər etdiklərini... Belə bir söz var, "bir millətin belini qırmaq istəyirsənsə, onun müəllimini səfil vəziyyətə salıb, təhsilini də iflic etmək lazımdır". Əgər millətin belini qırmaq istəmirlərsə, onun müəllimini səfil etməsinlər, təhsilini iflic olmağa qoymasınlar. Vəssalam...

- Bəs nə vaxtsa dünya şöhrətli şair olacağınızı düşünürsünüz?

- Qarşıma konkret məqsəd qoymamışam ki, mütləq dünya şöhrətli şair olmalıyam, məni dünya tanımalıdır. Şöhrət elə bir şeydir ki, sonradan adamın qanadlarını qırıb göylərdən yerə salır. O qədər şöhrəti göz deşən adamları sonradan, əslində, sənətsiz biri kimi "mükafatlandırıblar ki... Təkcə ədəbiyyatda deyil. Tutaq ki, biri dəbdə olur, bir yazıçını hamıya oxutdururlar, həzm etdirirlər, sonra da qusdururlar. Baxırsan, sadəcə şöhrətlənib, populyar olub... Onun yazısı nədir ki? Ondan da yaxşı yazanlar var. Məsələn, rəssam əlinə fırça alıb rəsm çəkəndə fikirləşsə ki, mənim əsərimi hamı tanıyacaq, hamı bəyənəcək, buna kimlər baxacaq, bunu alacaqlar, o əsər alınmayacaq... Əsəri işləyəndə ki, hər şey yaddan çıxırsa, hətta şöhrət, qazanc, o zaman o əsər tanınacaq, şöhrət qazanacaq.

Kim belə sevirsə, sevsin...

- Səmimisiniz, yoxsa cəmiyyətdə, insanlar arasında bir maska daşımaq zorundasınız. Məsələn, ağlamaq istəyəndə gülürsünüz, əsəbi olanda sakit görünmək zorundasınız... Belə hallar olur?

- Nəyəmsə, buyam... Kim belə sevirsə, sevsin, sevməyən də sağ olsun, sevən də... Ağlamaq istəyəndə ağlayıram, gülmək istəyəndə gülürəm. Heç kəsin xətrinə rola girmək kimi borcum yoxdur. Mənim maskam yoxdur, bacarırlarsa, özümü sevsinlər.

Tarix
2014.03.23 / 00:45
Müəllif
Gülnarə Kərimova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla