Yuxarı

“Ən böyük arzum rahat tualet tapmaqdır...” – Dərdli

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ilaxır çərşənbədir. Küsənlər barışacaq, insanlar sevinclərini bayramlaşmaqla paylaşacaqlar. Çoxlarının gözündə sevinc işartıları görünəcək. Çoxları bu bayramın yaratdığı əhval-ruhiyyənin fövqündə dünənki ağrısını, qayğısını unudacaq. Heç olmasa bircə gün. Ancaq Vaqif demişkən: "Bayram gəlib, bizim evdə axta zoğal da yoxdur", - deyənlər də az deyil. Gözlərində, sifətlərində sanki bir ilin ağır yükünü çəkdiklərinin iztirabı duyulmaqdadır... adama elə gəlir ki, bayramın gəlişinə heç sevinmirlər də....

"Səfillər"in qonağı

Bayramın sevincini sifətlərində yaşada bilməyənlərdən biri ilə görüşüb söhbət etdim. Əhmədlidəki "Bizim Market"in meyvə-tərəvəz bölməsinin tullantılarını toplamaqla məşğul olan bu qadını "Səfillər"in qonağı etmək istədim.

Bayram təbrikindən diksinmək

Əynində və sifətində illərin kiri-hisi, gözlərində isə ətrafdakı insanlara və insanlığa hirsi yuvalayıb. Ürək ağrıdıcı siması, görkəmi var. Kələm yarpaqlarını, əzik pomidorları yenidən saf-çürük edir və əlindəki çirkli torbaya doldurur. Dodaqlarının altında nəsə mızıldayır. Əlləri kimi əsən dodaqlarının arasına siqaret qoyur, kibritlə yandırır və yenə də işi ilə məşğul olur.

Yaxınlaşıram. "Bayramın mübarək", - deyirəm. Diksinir:

- Nə??!

Allah bilir bu səfil günündə yaşayan qadın neçə illərdir ki, bayram təbrikini eşitmir.

Milislər qovur ordan...

- Yuxarıda yarmarka var, get ora, sənə oradan nəsə verərlər, burda əlinə bir şey keçməz.

- Milislər qovur ordan... – onun yaddaşında polislərimiz hələ də milisdir.

"Nu, vot, tebya..."

- Harda yaşayırsan?

- Nəyinə gərəkdir? - bir qədər kobud cavab verir.

- Sizə qonaq gələcəm, yaşadığın evin yerini öyrənmək istəyirəm.

Sarı seyrək dişlərinin arasındakı siqaretinin kötüyünü tüpürür. Baş barmağını iki barmağının arasından çıxarıb mənə tərəf uzadır:

- Nu, vot, tebe...

- Sənin kimi bir xanımdan belə hərəkəti gözləməzdim, – deyirəm.

- Yeri alə, tayuvu tap, mən sən deyənlərdən deyiləm...

Həə, bu artıq onun xatirələrdən üzü bəri boylanan çağlarının səsidir. Özünü xanım, qadın kimi hiss etdikləri zamanın səsi ilə danışır mənimlə.

- Utanmırsan? Deməzlər bu kişi kimdir? – deyir və yuxudan ayılırmış kimi əllərinə, üst-başına baxır. Mənə elə gəlir ki, oynamaq istədiyi roldan utanır bir az. Bu mənə elə gəlir... Amma:

- Sən niyə burda durmusan? "JEK"də işləyirsən? Onsuz da indi "samasvalt"a yükləyib aparacaqlar bunları. Baxım, görüm bir şey tapmaq olar?..

- Yox, "JEK"də işləmirəm, səni bir nəfərə oxşatdım, sonra gördüm ki, o deyilsən.

- Adam adama oxşayar. Nə çəkirsən? - siqaretə işarə edir

Siqaret çıxarıram. Götürür, alışqanla yandırıram. Ovurdları bir-birinə batana qədər sümürür, hisli burnundan bom-boz siqaret tüstüsü canını qurtarırmış kimi havaya uçur:

- Yerim yoxdur qalmağa. Yayda hava yaxşı olanda parkda yatıram. İndi isə yuxarıda "Ukrainski"dən (Ukrayna dairəsi - F.B.) yuxarıda beş mərtəbələr var ha, onun "podval"ında oluram.

Evlənmək istəyirsən mənimlə?

- Tək qalırsan orada?

- Nədi, evlənmək istəyirsən mənimlə?

"Yox, bu olmadı", - fikirləşdim. Bunun səsində, hərəkətində adamı özünə çəkən, həmsöhbət olmağa maraq doğuran heç nə yoxdur, deyəsən...

- Yox mən ailəliyəm. Dedim, bəlkə duldan-zaddan qabağıma çıxsa, sən tərəfə yönəldim, elçilik edim.

- Get, alə...

Getmədim, adını soruşdum. Hələ siqareti çəkib qurtarmayıb. Yarımçıq qalmış torbasını da doldurmalıdır.

- Adım Rozadır. Amma daha Rozalığım qalmayıb. O günlərim yoxdur.

Ərim nakişi çıxdı

Deyəsən söhbətim alınacaq axı... bir qədər də özümü mehriban göstərirəm. Ailəsinin, uşaqlarının olub-olmadığını soruşuram.

- Ərim nakişi çıxdı. Mənim kimi qadının qədrini bilmədi. Zavodda tokar işlədim. Pul qazandım. Yorğun gəldim evə. Ev işi, yemək-içmək hazırlamaq, yatmaq, təzədən işə getmək - mənim günüm belə keçdi. Kişim, allah ona lənət eləsin, mənim pulumnan bir rus "matişkə"sini yedirtdi, içirtdi. Girdi onun evinə. İndi də hansı cəhənnməmdədir, bilinmir.

O şorgöz neynədi ki, doğam?..

- Bəs övladların nə oldu..

- Övladların nədir? O şorgöz neynədi ki, doğam-tökəm? Bir qızım oldu, böyüməyinə kömək oldu, qohumuna aldı. Yeznəni gətirdi evə, yeznə də mənim dalıma bir təpik vurdu, atdı çölə.

- Roza xanım...

- Alə, dolamısan məni? "Xanım" nədi? Xanım bax o bəxtəvərlərdi, evlərindən durub iş-güclərinin dalına düşüblər, - yoldan keçənlərə tərəf əlini uzadır.

- Yox vallah, dolamaq nədir, deyirəm, bəlkə sən də yeznə ilə yola getməmisən?

- Hə, getməmişəm. Saat beş olmamış qızı da götürüb aparırdı gəzməyə, nə bilim hara. Gəlirdilər, salam-kalam, çimib girirdilər yatmağa. Adamı saymırdılar. Heç olmasa bir söz soruşalar... Gəlib otaqlarının qapısında xəlvətcə qulaq asırdım. Görürdüm yatmayıblar. Elə hey pıçhapıç, cırhacır... Pis olurdum.

- Paxıllığın tutub da yəqin, ərindən görə bilmədiyini qızın kürəkəndən görüb. Yəqin nəvələrin də var.

- Allah vurmuşdu onları. Nəvəm yoxdur. Qız uşağa qala bilmir. Əri də boşamır. Hazır ev, qayınatası da,- başı batmış kişini deyirəm,- yaxşı baxır. Maşın alıb, işə düzəldib. Başının altında da eynən mənim kimi gözəl qız.

Deyəsən səhv etdiyini başa düşür, dediklərinə aydınlıq gətirir: - Mənim cavanlığım pis olmayıb...

- Roza, ilaxır çərşənbədir, ürəyindən nə keçir?

Xeyli fikrə gedir. Hiss edirəm ki, nə isə demək, arzusunu, niyyətini demək istəyir.

- Desəm, heç kəsə deməzsən ki?..

- Yox, demərəm, amma yazmaq istərdim, icazə versən.

- Hara yazacaqsan? – duruxur.

- Sözgəlişi dedim, narahat olma.

Ər çörəyi necə olur?

- Bax, sənə deyim, - hələ bir dənə də siqaret ver, - mənimki az qalıb. Hə, istədiyim odu ki, ərə gedəm...

- Yaxşı istəkdir, bəs gözaltın var? Ya marıtlayanın-zad?

- Yox, yoxdu. İstəyirəm, o vaxtlarım olsun, təzədən ərə gedəm, ərimin çörəyini yeyəm, görəm ər çörəyi necə olur? - deyir və şit bir gülüş bağışlayır dünyaya...

- Roza, düzünü de, heç ağlayıbsan son vaxtlar? Fikir verirəm, elə gülürsən...

Ciddiləşir:

- Mənim günüm var ki, sonu, ya əvvəli olsun? Ağlamağı unutmuşam. İçimə axır göz yaşım. Hönkürə bilmirəm, ağlamaq istəmirəm...

Dünyanın ən böyük arzusu

- Ürəyindən ən çox nə keçir, nəyi arzulayırsan?

- Desəm, bəlkə inanmayacaqsan... Ən çox arzuladığım şey, rahat bir ayaqyolunun olmasıdır. Evim yox, maqazinlərin, "stalova"ların tualetinə də buraxmırlar. Gedirəm hansısa kolun arxasına, başımı örtürəm, otururam... Duranda məni söyürlər, bir dəfə oturduğum yerdə belimdən təpiklə vurdular, ağzı üstə yerə yıxıldım...

Və birdən Rozanı hönkürtü tutur. "Ağlaya bilmirəm" deyirdi. Amma Roza ağladı. Çox pis, çox iniltili, çox köməksiz vəziyyətdə, əsə-əsə ağladı. Bu cür ağlamağı çox görmüşdüm. Səfil, kimsəsiz insanlarda deyil, əsil analarda, qadınlarda görmüşdüm belə için-için ağlamağı... Oğlunun, övladının, doğmasının itkisinə sızıldayanları belə hönkürtü vuran görmüşdüm. Roza bu anlarda özünə, keçmişinə, qadınlığına qayıtmışdı. Adi təbii borcunu insan kimi yerinə yetirə bilməməyin acısını yaşamaq hissi, qadın hissi oyanmışdı onda...

Tarix
2014.03.18 / 18:43
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla