Yuxarı

“Bank of Baku”nun kredit maxinasiyaları

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi rəqmələrə görə, ölkədə fəaliyyət göstərən banklar tərəfindən 15 milyard manatdan çox kreditləşmə həyata keçirilib.Bu isə banka borcu olmayan vətəndaş qalmayıb, deməkdir. Əhalinin borclanma faizinin artdığı bir zamanda bankların şərtlərini yüngülləşdirilməsi deyil, əksi müşahidə olunur. Xüsusilə, sektorda inhisarçı funksiyasını yerinə yetirən bəzi bankların faizləri nə Mərkəzi Bankın uçot stavkasına, nə də əmanətlər üzə sığorta faizlərinə uyğun gəlir.

"Axar.az" xəbər verir ki, "Publika.az" həmin banklardan olan "Bank of Baku"nun vətəndaşların cibinə necə girməsini araşdırıb.


Bahalı kredit siyasəti

İstehlak kreditləri sahəsində ölkənin fəal banklardan olan "Bank of Baku" hazırda ən yüksək faiz siyasəti yeridən banklardan biridir. Maraqlısı isə odur ki, borcalanlar bankın internet ünvanında bir faizlə, qapısında başqa faizlə qarşılaşırlar.

Qısası, faizlərdə endirim reklamları sadəcə müştəri ovuna hesablanıb. Reallıqda hər hansı faiz endirimindən deyil, artımından söhbət gedə bilər. Başlayaq nağd pul kreditlərindən. Hazırda bank təkrar müştərilər üçün 7000 azn, müddəti 3 aydan 36 aya qədər kredit təklif edir.


Kreditin illik faiz dərəcəsi 28-30 faiz, faktiki illik faiz dərəcəsi minimum 22,80, maksimum 36,19 faizdir. Yeni müştərilər üçün nəzərdə tutulan nağd kredit xəttinin minimum məbləği 250 manat, maksimum məbləği 1000 manatdır. Bu kreditin müddəti də 6 -12 ay, faiz dərəcəsi illik 28-32 faiz, faktiki illik faiz dərəcəsi 36,19, maksimum 39,27 faizdir. Göründüyü kimi, faizlər 28 faizdən başlayır. Hələ bura müştərinin bankın onlayn səhifəsində rast gəlmədiyi, bankda tanış olduğu komissiya haqqını da əlavə etsək, minimum faizlər 32 faizdən başlayır.

Bankın müştərilərə təqdim etdiyi daha bir kredit təklifi sonuncu ayın anutet ödənişinin həddiyəsi ilə bağlıdır. Şərtlərə nəzər yetirəndə görürük ki, bank elə 6 ayda öz pulunu geri qaytarır. Belə ki, bu kredit xəttinin minimum məbləği 390 manat, maksimum məbləği 1300 manat, müddəti 13 aydır. Bankın şərtində bildirlir ki, 1000 manat kredit götürdükdə 13 ay ərzində 100 manat ödəniş aparılır. Təkcə bir kredit xəttində bank 300 manat qazanmış olur.

Təhsil işçiləri üçün nəzərdə tutduğu kreditin məbləği də aşağı deyil. Məbləği 5000 manat olan kreditin müddəti 6-36 ay arası təşkil edir. Orta aylıq əməkhaqqı 280 manat olan təhsil işçisinə açılan kredit xəttinin faizi 32-dir. Faktiki illik faiz dərəcəsi minimum 32,65 faiz, maksimum 39,27 faizdir.

Bankın istehlak kreditlərinin məbləği də aşağı deyil. Götürək, komputer kreditlərini. "Bank of Baku"nun xətti ilə verilən komputer kreditinin maksimum məbləği 1500 azn təşkil edir. Faizlər 28-30 faiz arasında dəyişir. Bu hamısı deyil. İlkin ödəniş də var. 20 faizdən başlayaraq.

Mebel kreditində də vəziyyət eynidir. Maksimum məbləği 3000 manat, müddəti 3-24 ay, illik 28-30 faiz, ilkin ödəniş 20 faizdən başlayaraq avtomobil kreditlərinə gəlincə, "Audi" markalı avtomobil üçün bank 60 min dollar krerdit ayırır.

Müddət 12, 18, 24, 36, 48, 60 aydır. İllik faiz 17-18 faizdən, ilkin ödəniş 40 faizdən başlayaraq kreditləşmə həyata keçirilir.

"Chevrolet" markalı avtomobillərdə də maksimum məbləğ 60 min dollardır. Müddəti 12-60 ay arasıdır. İllik faiz dərəcəsi 17-18 faizdir.İlkin məbləğin 40 faizini ödəmək şərtilə.

Rusiya istehsallı avtomobillər üzrə isə faizlər yüksəkdir. Minimum 500 dollar, maksimum avtomobilin dəyərinin 50 faizi dəyərində məbləğ ayrılır. İllik faizi 26 faiz təşkil edir. İlkin ödəniş 50 faizdən başlayır.


"Bolkart"la al, bala-bala dərdə düş


Kartlara gəlincə, başlayaq el arasında məşhur olan "Bolkart" taksit kartından. "Bolkart"la al bala-bala ödə" deyən "Bank of Baku" 200 min nəfər istifadəçiyə heç də aşağı olmayan faizlər, şərtlər irəli sürür.

Əvvəla bildirək ki, balansında minimum 300, maksimum 5000 manat olan kartı pulsuz əldə etmək mümkündür. 36 ay müddətində kartla alış-veriş edib 1, 3, 6, 12 aya qədər ödəniş aparılır.

Bankın digər taksit kartı - "Bolkart Nar"a gəlincə, orada da şərtlər eynilədir. Sadəcə, fərq "Bolkart Nar"da MasterCard loqosunun olmasıdır. Hansı ki, bununla istifadəçi dünyanın istənilən məkanında alış-veriş imkanı qazanır.


Eyni zamanda, kartın balansındakı limiti nağdılaşdıra bilir. Bəzi "Nar" istifadəçilərinə hətta daimi nağdlaşma imkanı yaradılır. Qeyd etdiyimiz bütün bunlar kartların görünən "üzləridir". Hər bir şirin yalanın arxasında acı həqiqət dayandığı kimi, "Bank of Baku"nun da taksit kartlarının acısı böyükdür.


Necə? Başlayaq Novruz Bayramı ərəfəsində "Bolkart" sahiblərinin nağd pula olan ehtiyaclarını ödəmək məqsədilə "Bank of Baku" ASC-nın reallaşdırdığı nağdlaşdırma kampaniyasından. Şərtlərə əsasən, martın 15-19-da kartdan pul çıxaran "Bolkart" sahibləri mayın 10-dək faizsiz ödəniş imkanı qazanırlar. Nağdlaşdırmaya görə komissiya haqqı isə 3 fazdir.

Yəni ötən ilin analoji dövründə "Bolkart" dakı məbləğin nağdlaşdırılması üzrə komissiya haqqından yüksək. 2013-cü ildə bu rəqəm 2,5 faiz idi. Görünür, istifadəçilərin sayının çoxluğu bankı komissiya haqqını qaldırmaqla bağlı həvəsə gətirib. Lakin bu məsələnin asan tərəfidir. "Bolkart"da vəsait nağdlaşdırılan zamanı borcun anuitet ödənməsi imkanı yaradılmır. Belə ki, bank əvvəldən 3 faiz komissiya haqqı tutmaqla bərabər, limit müddətində borcu ödəmədikdə əlavə aylıq 3 faiz alır. Məsələn, siz 250 manat nağdlaşdırmısınızsa pul tam şəkildə qaytarılana qədər aylar üzrə hər 100 manata 3 faiz – 7.5 manat ödəniş edəcəksiniz. Bu vəsait əsas borcdan silinməyəcək. "Bank of Baku" konkret klassik sələmçi funksiyasını yerinə yetirir.

Partnyor mağazaların faizləri digər taksit kartlardan yüksəkdir


Taksitlə alış-verişin şərtlərinə nəzər yetirək. "Albalı" kartdan fərqli olaraq, "Bolkart"da partnyor mağazaların faizləri aşağı deyil. Düzdür, reklam çarxlarında, elanlarında kartın əsas üstünlüyü kimi faizsiz olması önə sürülür. Əslində doğurdan da bank birbaşa heç bir faiz tətbiq etmir.

İstifadəçilər faizlərlə partnyor mağazalarda tanış olurlar. Xüsusilə, bahalı dükanların faizləri bəzən hətta adi ipoteka kreditlərinin faizlərini belə geridə qoyur.

Məsələn, 1 st "COMP Electroniks" 6 aylıqda əlavə 9 faiz, 12 aylıqda 17 faiz, "Billur Electrik" 3 aylıqda əlavə 8 faiz, 6 aylıqda əlavə 13 faiz, 12 aylıqda əlavə 21 faiz, "Baku Electronics" 6 aylıqda öz qiymətinə, amma 6 faiz komissionla, "İntegral Plus" 6 aylıqda əlavə 10 faiz, 12 aylıqda 15 faiz, "Beko" 3 aylıqda 6 faiz, 6 aylıqda 10 faiz, 12 aylıqda əlavə 16 faiz, "Bermud City" 3 aylıqda 6 faiz, 6 aylıqda 10 faiz, 12 aylıqda əlavə 16 faiz, "Comp-City" 3 aylıqda əlavə faiz, 6 aylıqda əlavə 14 faiz, 12 aylıqda əlavə 20 faiz, "Cred Ex" 3 aylıqda əlavə 8 faiz, 6 aylıqda əlavə 14 faiz, 12 aylıqda 21 faiz, "EV Electronics" 3 aylıqda əlavə 8 faiz, 6 aylıqda əlavə 14 faiz, 12 aylıqda əlavə 20 faiz, "LG" Eloktrincs 3 aylıqda əlavə 8 faiz, 6 aylıqda əlavə 14 faiz, 12 aylıqda əlavə 21 faizlə alış-veriş imkanı verir. Geyim dükanlarında da vəziyyət eynidir.


"Batik"də "Bolkart"la alış-veriş edəkən müştərinin hesabından 3 və 6 ayda 10 faiz, "Barutti"də 3 aylıqda əlavə 6 faiz, 6 aylıqda əlavə 12 faiz, "Cacharel"də 3, 6 aylıqda 14 faiz, "GUESS kids"də əlavə komissiya ilə 3 aylıqda əlavə 5 faiz, 6 aylıqda əlavə 7 faiz, "MANGO"da 3 aylıqda 5 faiz, 6 aylıqda 7 faiz, "Next"də 3 ay üçün 5 faiz, 6 aylıqda 7 faiz, "Daniels"də 6 aylıqda 10 faiz, 12 aylıqda 15 faiz tutulur.


Beləliklə, taksit kartı adı altında az qala istehlak keditlərinin faizlərinə bərabər faizlər tətbiq olunur. Mobil telefon dükanlarının faizlərindən danışmağa belə dəyməz.


"Əlincə Line"də 3 aylıqda əlavə 8 faiz, "Mobiltel"də 3 aylıqda əlavə 8 faiz, 6 aylıqda əlavə 13 faiz, 12 aylıqda əlavə 21 faiz, "Nur Mobile"də 3 aylıqda əlavə 8 faiz, 6 aylıqda əlavə 16 faiz, 12 aylıqda əlavə 24 faiz, "Azercell Nurlan Telekom"da hətta 12 aylıqda faizlər 25 faizlə satış həyata keçirilir.

Məsələnin ciddi tərəfi faizlərdən banka da pay düşməsidir. Bank mağazalarla anlaşma nəticəsində faiz alır. Sadə dillə desək, alış-veriş zamanı alınan hər bir paltara, əşyaya görə həm partnyor, həm də bank gizli gəlir götürür.


Partnyor mağazalar bankın səhmdarlarına aiddir



"Bolkart"da partnyor olan mağazaların əksəriyyəti "Bank of Baku"nun ən böyük səhmdarına - "Nab Holding"ə (40%) məxsusdur. Əsas ofisi İstanbulda yerləşən holdinq Azərbaycan, Türkiyə və Tacikistanda bir sıra sektorlarda fəaliyyət göstərir. Hansı ki, bura avtomobil, maliyyə, xidmət sektorları daxildir. Azərbaycanda pərakəndə satış sektorunda şirkət "Baku Electronics"lə təmsil olunur. "Samsung", "Siemens", "Bosch", "Tefal", "Nintendo", "Moulinex" və "Canon" kimi tanınmış markalarla yanaşı, ümumilikdə 80-a yaxın markanın distributorluğunu həyata keçirir.

Bundan əlavə, "Baku Service Company", "Auto Azerbaijan", "Qafqaz Lizinq", "Buta Sığorta" da şirkətə məxsusdur. Düzdür, "Bolkart"da "Buta Sığorta"nın xidməti 6 aylıqda öz qiymətinədir. Bununla belə, "Buta Sığorta"nı partnyorlar sırasına daxil etməklə, "Bank of Baku" ikitərəfli qabağa düşüb. "Bolkart"da restoran xidmətinə daxil olan partnoylardan "Sultan’s Restaurant" ve "Sultan’s Plus" fast-food şəbəkəsi də "Bank of Baku"nundur. Hərçənd ki, bu restoranların xidmətindən istifadə 1-ci ayda öz qiymətinədir. Amma sonrakı aylarda "Bank of Baku"nun hansı faizləri biçəcəyini özündən başqa kimsə bilmir.

Milyonların müqabilində işçilərlə davrana bilmir

Audit hesabatlarına əsasən, 2012-ci ildə bankın faiz gəliri 94,305 min manat, xalis faiz gəliri 58,098 min manat təşkil edib. 2013-cü il tarixində isə "Bank of Baku"nun kredit portfeli ötən ilin sonunda 570 milyon 923 min 300 manata çatıb. Kreditlərin 548 milyon 211 min 400 manatı və ya 96%-i fiziki şəxslərə verilib.

Bank ticarət və xidmət sahəsinə 15 milyon 432 min 300 manat, kənd təsərrüfatına 6 milyon 650 min 600 manat, maliyyə lizinqinə isə 629 min manat vəsait ayırıb. Kredit portfelində vaxtı keçmiş kreditlərin (25 milyon 395 min 100 manat) xüsusi çəkisi 4,5% təşkil edib. 2013-cü ilin sonuna bankın aktivləri 665 milyon 530 min 210 manat, depozit portfeli 392 milyon 830 min 920 manat olub. Konkret "Bank of Baku" 2013-cü ili 38 milyon 259 min manat xalis mənfəətlə başa vurub. Xalis mənfəət əldə etməkdə rəqiblərini geridə qoyub.

Çoxları düşünə bilər ki, bu qədər yüksək maliyyə göstəriciləri olan bankın xidmət səviyyəsi yüksəkdir, Koorporativ Sosial Məsuliyyət layihələrində aktiv iştirak edir, işçilərə münasibət əladır. Heç də yox.
Götürək bankla telefon əlaqəsini. "Bank of Baku"ya müraciət edən vətəndaş işçi sayının azlığı səbəbindən dəqiqələrlə növbədə gözləməli olur. Operator növbədə bəzən 20 nəfərin gözlədiyini deyir. Bu hamısı deyil. 38 milyon 259 min manat xalis mənfəəti olan bankda məvaciblər də aşağıdır. Əmək haqqı regionlarda 400 manat, mərkəzdə maksimum 700 manat təşkil edir. Məhz bu və digər səbəbdən də bankın onlarla yüksək ixtisaslı, sıravi işçisi digər banklara transfer edib. Son 1-2 ildə "Bank of Baku"nu tərk edərək "AG Bank", "Kapital Bank", VTB-yə üz tutanlar var.


"Bank of Baku" "Wikileaks"də


Bankın adı son zamanlar qalmaqallarda hallanır. Keçmiş İqtisadi İnkişaf naziri və qardaşının bankda paylarının olduğu irəli sürülür. 2010-cu ildə isə "Wikileaks"də "Bank of Baku"nun iranlı iş adamları tərəfindən idarə olunduğu və İrandan xarici ölkələrə çirkli pulların çıxarılmasında iştirak etdiyi yazılmışdı. Lakin sonradan bank bu məlumatı təkzib etmişdi. Bildirdi ki, əsas səhmdarlardan olan "Nab Dıs Ticaret" Türkiyədə yaşayan iranlı iş adamları Eromi ailəsinə məxsusdur. Eromi ailəsinin üzvləri həm Azərbaycanda, həm də ölkədən kənarda tanınmış və nüfuzlu iş adamlarıdırlar.

Tarix
2014.03.18 / 16:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla