Yuxarı

Vəli Küçük Paşa – Qafqazın Qladiosu? – Müsahibə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəhbəri, millət vəkili Sabir Rüstəmxanlı müsahibəsində Türkiyədə "Ərgənəkon" əməliyyatı zamanı həbs olunanların azadlığa buraxılması, onların Türkiyə siyasətinə bundan sonrakı təsiri, eləcə də DAK-ın İdarə Heyətinin üzvü Vəli Küçük Paşa haqqında bir sıra qaranlıq məqamlara aydınlıq gətirib.

"Onların azadlığı kamalçıların mövqeyini möhkəmləndirəcək"

- Ərgənəkon əməliyyatında həbs olunanlar 5 ildən sonra azadlığa çıxdı. Onların bundan sonra Türkiyə siyasətinə təsirlərini necə görürsünüz?

- Onlara qarşı cinayət işi başlayanda da, məhkəmə prosesi gedəndə də bunun uydurma iş olduğu məlum idi. Bu şəxslər Türkiyədə kifayət qədər nüfuza, siyasi həyata təsir etmək imkanına malik olduqlarına, millətçi təfəkkürə sahib olduqlarına görə həbs olundular. Türkiyəni indiyə qədər davam edən Atatürk yolundan uzaqlaşdırmaq, bəzi kənar qüvvələrin diktəsi ilə Konstitusiya islahatları adı altında aparılan prosesləri sürətləndirmək və asanlaşdırmaq üçün bu tipli adamların aradan götürülməsi, müvəqqəti olaraq meydandan çıxarılması lazım idi. Bu göz qabağında olan məsələ idi. Orda həbs olunanların arasında Türk Provaslav Kilsəsinin təmsilçisi Sevgi Əronal var idi. O, İstanbulda Yunan Pravoslav Kilsəsinin apardığı siyasətin anti-türk mahiyyətini görürdü və bunları aşkar sürətdə dilə gətirirdi.

Türkiyədə həm ordu, həm də siyasətin içində ölkənin müstəqilliyini düşünən, kənar diktələri qəbul etməyən adamlar var. Onlar demorkatik tərbiyə görmüş, qanunlar çərçivəsində fikirlərini azad ifadə edən insanlardır. Amma buna bir "Ərgənəkon" adı verməklə bunu guya vaxtilə Türkiyədə baş vermiş hərbi çevrilişlər silsiləsinə bağladılar. Onların gücünü zəiflətmək və Türkiyədə meydanı boş qoyub, istədikləri layihələri həyata keçirmək məqsədilə bu həbslər aparılmışdı.

Məncə, bu insanların azadlığa çıxması Türkiyədəki millətçi kəsimin, Türkiyənin müstəqil siyasət yürütməsinin tərəfdarı olan, Atatürk yolunda olmasını istəyən insanların mövqeyini möhkəmləndirəcək.

Vəli Küçük Paşa DAK İH üzvüdür"

- Ola bilərmi ki, bu şəxslər hansısa siyasi partiya qursunlar?

- Türkiyədə bu gün kifayət qədər siyasi partiya var. Onların toplaşıb ayrıca siyasi partiya yaratmaları mənə inandırıcı görünmür. Çünki həbs olunanlar arasında olan Doğu bəyin İşçi Partiyası var və kifayət qədər çevrəsi, gücü olan, Türkiyə siyasətinə təsiri olan partiyadır. O biri hərbçilərin siyasətə qoşulacağını düşünmürəm. Amma ola bilsin ki, onlar müxalifət düşərgəsində olan ayrı-ayrı partiyalara dəstək versinlər.

- Vəli Küçük Paşa da həbsdən azad olundu. Əslən azərbaycanlı olan bu generala Azərbaycanda kifayət qədər maraq var. O həm də DAK-ın İdarə Heyətinin üzvü idi. Onun DAK-da təmsil olunması necə oldu?

- Azərbaycan cəmiyyəti Vəli Küçük Paşanı kifayət qədər tanıyır. Onun haqqında bu yaxınlarda ayrıca kitab da çap olunub. Bakıda da var, maraqlananlar oxuya bilərlər. Vəli Küçük Paşa doğrudan da çox cəsur, Türkiyəyə bağlı, öz ölkəsini sevən, Türkiyənin torpaq bütövlüyünə, demokratik inkişafına çalışan adamdır. O, terrorçu qruplaşmalarla, separatçılarla mübarizə aparmış insandır. Azərbaycanı, həm də Cənubi Azərbaycanı yaxından tanıyır, bölgələdə nələrin baş verdiyini yaxşı bilir. Hər şeydən əvvəl, o, ömrü boyu Azərbaycan sevgisi ilə yaşamış adamdır. Türkiyədə mənim bağlı olduğum mərhum professor Turan Yazqanın rəhbərlik etdiyi Türk Dünyası Araşdırmaları Vəqfinə bağlı idi.

Ora gəlib gedirdi, biz tez-tez orda görüşürdük. Bundan əlavə DAK-ın qurultaylarında iştirak edirdi. Vəli Küçük Paşa DAK-ın İdarə Heyətinin üzvü seçilmişdi. İdarə Heyətində kifayət qədər fəal olan insanlardan idi. Faktiki olaraq da İdarə Heyətinin üzvüdür. Təkcə DAK yox, DAK çevrəsində də Azərbaycanın taleyi ilə bağlı bir sıra adamlara həmişə dəstək verirdi. Misal üçün, Doktor Mahmud Çöhrəqanlı Bakıya gəldi, burdan Türkiyəyə getdi. Mən rica etdim ki, orda onu yüksək səviyyədə qarşılasınlar. Vəli Küçük Paşa onu qarşıladı, görüşlərdə dəstək verdi, himayədarlıq etdi.

O həbs olunanda biz Ukrayna qurultayında buna etiraz olaraq bəyanat verdik. Dəfələrlə mətbuatda da yazmışam ki, o, Türkiyənin ziyanına olan addım atmaz. O qanunlardan kənarda heç bir şey etməz. Özü dediyi kimi, nə iş görübsə, dövlətin xeyrinə və Türkiyə iqtidarının istəyi ilə həyata keçirib. Sevinirəm ki, haqq bu gün yerini tapdı. Vəli Küçük Paşanın özü də həbsdən çıxanda gözəl bir söz dedi. Dedi ki, "mən 5 ildir ölkəmin xidmətində olan hərbçi kimi növbədə idim, növbəm qurtardı. Azadlıqda da boynuma hansı vəzifə düşəcək, onu yerinə yetirəcəm". Yəni bu dərəcədə hər şeyə yuxarıdan baxan, ancaq dövlətinin və millətinin mənafeləri görən bir adamdır.

Amerika onu Cənubi Azərbaycan layihəsində istifadə etmək istəyirmiş

- Həbs olunarkən açıqlamışdı ki, Amerika onu Cənubi Qafqazla bağlı planda istifadə etmək istəyib, o buna razı olmadığı üçün başına bunlar gəlir.

- Bu həbslərdə kənar sifarişlərin, kənar əllərin olduğunu biz bilirik. Amma detalları mənə məlum deyil. Konkret Vəli Küçük Paşanın həbsinin pərdəarxası mən aydın deyil. Bunun Güney layihələri ilə nə qədər bağlı olması haqqında da bir söz deyə bilmərəm. Amma onu bilirəm ki, rəsmi sənəd olmasa da, "Böyük Yaxın Şərq" deyilən bir layihə var. Bu layihəyə daxil olan xəritədə Cənubi Azərbaycanın Qərb hissəsi gələcəkdə yaradılacaq Kürdüstana birləşdirilib. Bu layihə Amerikada hazırlanıb. Mən ABŞ-da olarkən Konqresdə etirazımı bildirmişdim ki, bu nə layihədir, harda hazırlanıb. Onlar da deyirlər ki, bu rəsmi bir şey deyil, buna o qədər də ciddi əhəmiyyət vermək olmaz. Amma məlumdur ki, bu, bir beyin testidir, psixoloji hazırlıqdır. Dünyaya yayırlar ki, ABŞ-ın niyyəti elə budur, Amerika deyirsə, buna etiraz etmək olmaz. Halbuki heç bir dövlət başqa bir xalqın torpağını əlindən alıb başqa bir xalqa verə bilməz, buna böyük dövlətlərin haqqı çatmır. Dünyada hər şey zorla həll olunmur, müəyyən qanunlar da var. O qanunların da nüfuzu azalmır, getdikcə artır.

"Böyük Yaxın Şərq " ilə bağlı Türkiyənin indiki hakimiyyəti dönə-dönə deyib ki, biz bu layihədə rəhbərlərdən biriyik, yəni Türkiyə burda həmsədr olaraq çıxış edir. Əslində bu proyektin Azərbaycana və Türkiyəyə zərərli tərəfləri göz qabağındadır. Orda Türkiyənin də torpaqlarına iddialar var, Güney Azərbaycanın da. Belə olan halda buna həmsədrlik etmək və bunu qürurla demək bir dövlət başçısının səlahiyyətinə daxil olan məsələ deyil.

Ola bilsin ki, bütün bunların hamısı "Ərgənəkon" məsələsinin ortaya çıxmasına səbəb olan amillər sırasındadır. Amma bunlar ehtimallardır. Motivlər aydınlaşmayana qədər tam inamla bir söz deyə bilmərəm. Şübhəsiz ki, bunun arxasında dayanan məsələləri bilən adamlar var. Məhkəmə prosesində "Ərgənəkon" məsələsinin incələnməsində yaxından iştirak edənlər də var, onlar bu barədə kitablar yazıblar. Mən sadəcə öz ehtimallarımı deyirəm.

Vəli Küçük Paşa Qladionun rəhbəri idi?

- Belə iddialar var ki, Vəli Küçük Paşa Türkiyə Qladiosunun gizli rəhbəri olub və Azərbaycanda Xocalı, 20 Yanvar hadisələrinin törədilməsində rolu olub.

- Bu gülünc və tamamilə cəfəngiyat söhbətlərdir. Vəli Küçük Paşa Azərbaycan xalqının ziyanına heç bir addım atmaz, bir nəfərin də burnunun qanamasına razı olmaz, yaxından, uzaqdan olan maraqlara xidmət edəcək addımlar atmaz. O, istefada olan jandarma komandanı idi. Çox şeyi bilirdi, amma bu cür layihələrə heç vaxt qoşulmazdı.

- Vəli Küçük Paşa yenə də DAK-da fəaliyyət göstərəcək?

- Təbii ki, o, qurultaya dəvət olunacaq. Ən yaxın vaxtlarda mən ola bilsin ki, onunla görüşüb bir sıra məsələləri müzakirə edəcəyik. ("Publika.az")

Tarix
2014.03.16 / 22:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla