Yuxarı

Bayram kasıbın harasına yaraşır? – Reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu sözləri "Axar.az"ın əməkdaşına bayramqabağı reportaj hazırladığımız bazarda sadə vətəndaşlardan biri dedi…

Bəli, artıq baharın gəlişini qarşılamağa, "Novruz bayramı"nı ənənəvi milli bayram kimi qeyd etməyə az saylı günlər qalıb. Bunun üçün də hər evdə bayram ab-havası hiss olunmalıdır. Bayram simvolu olaraq süfrələrdə xonçanı bəzəmək üçün səməni, şəkərbura, paxlava, şorqoğalı və şamın olması vacib sayılır. Ən əsası da bunları hazırlamağa və bayramı keçirtməyə imkanın olması çox vacibdir. Və belə bir məqamda həmişə olduğu kimi bazarlarda bayram qabağı süni qiymət artımı başlayıb.

Ucuz bazarda yanğın

Hazırda bayram qabağı bazarlardakı qiymətləri öyrənmək üçün bu dəfə də yolumuzu hamının ucuz və sərfəli bazar kimi tanıdığı və oradan bazarlıq etdiyi "Səkkizinci kilometr" bazarından saldıq. Bazara girər-girməz gözümüz qiymətlərə sataşdı. Qiymətlər əvvəlki vaxta nisbətən od tutub yanırdı. Səbəbini öyrənmək üçün satıcılara yaxınlaşaraq söhbətə başladıq. Satıcılar qiymətlərin heç də baha olmadığını bildirdilər. Amma onlardan fərqli olaraq alıcılar çox narazılıq etdilər. Şikayətləndilər ki, bu bahalıqda aldıqları maaş, pensiya ilə necə bazarlıq edəcəklərini bilmirlər.

Qoz, fındıq, şabalıd…

Əvvəlcə qoz, fındıq, şabalıd və s. qiymətlərlə maraqlandıq. Satıcının deməsinə görə, qiymətlərdə elə də çox artım yoxdur:

- Əsas qoz və şabalıd bahadır. Qoz bir manat artıb. Yerli çərəzlərin xarici çərəzlərə nisbətən qiymət fərqi çoxdur.

Qoz: 7-11 manat

Fındıq: 6-8 manat

Şabalıd: 12 manat

Sarı kişmiş: 5-8 manat

Qara kişmiş: 6-10 manat

Quru meyvələr: müxtəlif.

Meyvələrin qiyməti ilə maraqlandıq. Burada da qiymətlərdə xeyli dəyişiklik var idi. Hətta satıcının sözlərinə görə, əksər meyvələr xarici olsa da, yerli meyvə adı ilə satılır. Malı satılsın deyə, məcburdur ki, alıcını aldatsın. Amma qiymətlərin baha olmasını boynuna almasa da, baha aldıqlarından danışdı.

- Qiyməti heç kəs qaldırmır. Biz baha aldığımıza görə baha da satırıq. Əksər meyvələr də xaricidir, yerli çox azdır. Alıcıların çoxu yerli meyvə istəyir. Biz də məcburuq ki, xaricdən gələnləri alıcılara yerli meyvə adı ilə sataq.

Alma: 1-3 manat

Apelsin: 2-4 manat

Mandarin: 2-3 manat

Ananas: 4-7 manat (1 ədəd)

Kivi: 3 manat

Süfrələrin yaraşığı səməni və xonçaların qiyməti də müxtəlifdir:

- Şamların qiyməti bir manatdan üç manata qədərdir. Üç manatlıq şam isə ətirli şamdır. Səmənin də qiyməti müxtəlifdir, lap on iki manatlıq səməni də var.

Səməni: 2-12 manat

Şam: 1-3

Ürəyimiz istəyəni ala bilmirik

Qiymətləri öyrəndikdən sonra bazardan çıxanda alıcıların fikrilə maraqlandıq. Yalnız müəllimə olduğunu deməklə kifayətlənən xanım qiymətlərdən çox şikayətləndi:

- Qiymətlərdən razı deyilik, hər şey bahadır. Aldığımız maaş bayram keçirtmək üçün bizi qane etmir, ürəyimiz istəyəni ala bilmirik. Kimin pulu varsa, bayramı yaxşı keçirdəcək. Allah verən hər şeydən bir az aldım ki, süfrəmiz boş qalmasın, evimdən, ocağımdan bayram tüstüsü çıxsın".

Kasıblara bayram keçirtmək yaraşmır

Fikrini soruşduğumuz yaşlı bir nənə isə bazardan çıxaraq öz-özünə deyinirdi. Yaxınlaşıb niyə gileyləndiyini soruşduq. Deyəsən nənə bayaqdan narazı qaldığını bildirmək üçün bizi izləyirmiş. O da hamı kimi qiymətlərdən şikayətləndi, hətta bazarlıq etməyə pulunun çatmadığını dedi:

- Əlli manat pensiya alıram, ailədə on bir baş adamıq. Bazarlıq etməyə pulum çatmadı. Hər şey bahalaşıb. Evdə siyahı tutub gəlmişdik, çox şey ala bilmədik. Kasıblara bayram keçirtmək yaraşmır.

Apardığımız kiçik hesablamadan məlum oldu ki, bayram bazarlığı üçün ən azı 150-250 manat arası xərcləməlisən. Bu da çoxlarının bir aylıq maaşı deməkdir. Bir aylıq maaşını da bayram bazarlığına sərf edən imkansız nə etsin ki, bir ay ac qalmasın?

Nə isə, bayramınız mübarək...

Tarix
2014.03.15 / 17:33
Müəllif
Gülnarə Kərimova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla