Yuxarı

Qulu Məhərrəmli: “Heç bilmirəm hansını deyim...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yağmurun qonaqları rubrikasının budəfəki qonağı BDU-nun "Televiziya və radio jurnalistikası" kafedrasının professoru və Xəzər TV-nin məsləhətçisi Qulu Məhərrəmlidir. Yəqin gözləyirsiniz ki, Qulu Məhərrəmli mütləq Azərbaycan telekanallarının problemlərindən danışacaq. Amma biz bu dəfə söhbəti bir az fərqli istiqamətdə apardıq.

Xəyallarımdakı adam olmasam da...

- Qulu müəllim, adətən insanlar haqqında danışanda onları bir neçə cümləyə sığışdırmağa çalışırıq. Özümüz haqqında danışanda da böyük və mənalı cümlələr qurmağa çəkinirik, çünki ayıb olduğunu düşünürük. İndi gəlin, bu kompleksi bir kənara qoyaq... Özünüzdən başlayaq. İstədiyiniz insan kimi formalaşa bildinizmi? Bu gün bir zamanlar xəyalını qurduğunuz insansınızmı?

- İnsanın xəyalında arzuladığı kimi olması çətin məsələdir, çünki xəyal həmişə düzxətlidir, romantikası çoxdur, gerçəkləri, xüsusən maneələri nəzərə almır. Həyatın isə öz sərt qaydaları, xeyli keçilməz dönüşləri var. Həmin dönüşlərdə insanın məzmunu, xarakteri və əxlaqı formalaşır. Bu baxımdan mən yüz faiz xəyallarımdakı adam olmasam da, mahiyyətcə ona çox yaxınam.

- Dünya, həyat sizi çoxmu dəyişdi, yoxsa siz heç dəyişmədiniz, insanların dəyişmək kimi dəyərləndirdikləri, əslində, sizin özünüzə dönməniz olub?

- Dəyişmək deyəndə kimin nəyi nəzərdə tutması önəmlidir. Sən cəmiyyətdə yaşayırsansa, görüb-duyub qavrayırsansa, deməli, daim dəyişmə halındasan. Bu hal daimi hərəkəti, yeniliyi duymağı, ətrafındakı dəyişmələrə reaksiya verməyi tələb edir. Dəmir işlədilməyəndə paslandığı, su durğun qalanda xarab olduğu kimi, cəmiyyət və insan da sükunətdə qalanda çürüyür. Bu, dəyişmənin zahiri tərəflərinə subyektiv baxışdır. Bir də var mahiyyətlə bağlı dəyişiklik ki, o baxımdan mənim həyat prinsiplərim dəyişməyib.

Harada çalışmağımdan asılı olmayaraq, mən həmişə daxili azadlığımla peşə borcum arasındakı harmoniyanı qoruyub saxlamağa çalışmışam. Düzdür, bəzən kiçik güzəştlərə də getmişəm ki, insanın mahiyyətini dəyişən böyük güzəştlərə getməyim. Yəni həmişə öz prinsiplərimə sadiq qalmağa çalışmışam. Uzun illər işlədiyim AzTV-də də, bir vaxtlar üzv olduğum Mətbuat Şurasında da, Xəzər TV-də də, indi dərs dediyim BDU-da da belə olub. İnsana ictimai mahiyyət verən onun ləyaqəti, ədalət duyğusu, azadlıq və həqiqət hissidir. Məncə, bunları itirəndə insanın məzmunu da itmiş və ya dəyişmiş olur.

Vicdanlı adamlar azalıb

- Bu gün ölkədə hamı nədənsə narazıdır, sizcə, bu insan xarakterindən irəli gəlir, yoxsa narazı olmaq üçün əsaslar var?

- Burada hər iki məqam var. Narazılıq daha çox ondan irəli gəlir ki, insan təbiəti etibarilə konkret nə istədiyini bilmir, amma həmişə mövcud vəziyyətin dəyişməsini arzulayır. Psixoloji olaraq, ona elə gəlir ki, bu dəyişmə qayğılarını azaldacaq, həyatını yüngülləşdirəcək. Konkret bizim ölkəyə gəldikdə, hesab edirəm ki, adamların narazılığı üçün ciddi əsaslar var: ədaətsizliyin miqyası böyüyüb, yerində olmayan məmurların sayı artıb, onların nəfsi itiləşib, təbii ki, rüşvət və korrupsiya da genişlənib. Digər tərəfdən vicdanlı adamlar azalıb, bəlkə bütün bunlara görədir ki, cəmiyyətdə ümidsizlik artıb.

İndi sanki vəhşi instinktlər işə düşüb

- Baş verənlər zəmanədəndir, yoxsa elə dünya, həyat belə olmalıdır? Ya bəlkə bizim başqa təcrübəmiz yoxdur, ona görə düşünürük ki, dünya elə belə olmalıdır, ədalətsiz, haqsız...

- Təbii ki, zəmanə də, dəyərlərin dayanıqlı olmaması da, susqunluğa meyillilik və mentalitet də bu məsələdə müəyyən rol oynayır. Amma məncə, burada çox şey insan xisləti ilə bağlıdır. İndi sanki vəhşi instinktlər işə düşüb, tamah artıb, adamların bir-birinə sevgisi azalıb, şəfqət hissi itib. Halbuki Allah insanları bir-birinə kömək üçün yaradıb, bir anlığa insanın quruluşuna baxın, təbiətən hər şey harmoniyadadır: iki əl bir-birinə kömək üçündür, ayaqlar da bir-birinə dayaq verir, alt çənə üst çənə ilə birlikdədir. Amma cəmiyyətdə, insan münasibətlərində, ictimai ünsiyyətdə bunlar pozulub. Bizi fəlakətə aparan bir səbəb də budur.

...Don Kixotu yada salırıq

- Ədalətsizliyə qarşı dayanmaq indi sizə Don Kixotluq kimi görünmür ki?

- Baxır bu dayanışı kim necə qiymətləndirir. Əslində, bütün dünya tarixi ədalətsizliyə, ictimai haqsızlığa qarşı mübarizə tarixidir. Hələ uşaqlıqdan insanın içində ədalətsizliyə qarşı bir od olur. Mütilik üstün gəlməsə, bu odu qoruyub saxlayanlar yaxşı vətəndaşa çevrilə bilir. Ölkə konstitusiyası ədalətsizliyə qarşı durmaq üçün böyük hüquqlar verir, Quran da haqsızlıq və ədalətsizlik önündə susmamağı tövsiyyə edir. Bəs onda biz niyə belə ümidsiz danışırıq? Burda bir psixoloji məqam da ondan ibarətdir ki, hamı ədalətsizliyə qarşı dayanmağı özünün yox, başqalarının borcu hesab edir. Ona görə də kimlərinsə ədalət hayqırtıları ətrafda əks-səda verməyəndə biz Don Kixotu yada salırıq. Sizə deyim ki, bu davranışın bir səbəbi də səssizliyə əbədi bəraət qazandıran bir sevimli milli cümləmizdə gizlənib... "Əşi, bunlar mənə qalmayıb ki..."

Xalqı şərəfləndirməyin canlı nümunəsi

- Özünüz necə, xalq üçün savaşıb ölmək istəyərdiniz, yoxsa Əkrəm Əylisli demişkən, heç qəhrəman olmaq fikrində olmamısınız?

- Qəhrəmanlıq haqqında düşünən və guya özünü bunun üçün hazırlayan adam heç vaxt qəhrəman olmur. Xalq, vətən və qəhrəmanlıq haqqında pafosla danışanların səmimiyyətinə mən heç vaxt inanmamışam. Uzaq tarixdəki hadisələri bir yana qoyuram, son illərdə istənilən azərbaycanlı üçün vətəni sevməyin, onun heysiyyətini qorumağın, xalqı şərəfləndirməyin canlı nümunəsi Mübariz İbrahimovdur. Vətənpərvərlik də, millət və xalq sevgisi də söz deyil, əməldir. Mənim üçün qəhrəmanlıq insanın öz nəfsinə qalib gəlməsindən, bir də öz ləyaqətini qoruya bilməsindən başlanır. İstəklər, iztirablar doğurduğu kimi, bu iki amilin olmaması da insana mənəvi faciələr gətirir, onu hara desən sürükləyə bilir.

- Deyəsən, sizdə də bir az axına qarşı üzmək meyli var...

- Yox, tam elə deyil... Bilmirəm, kənardan necə görünür, amma mən özümü dərk edəndən axına qarşı getməkdən çox kütləyə qoşulmaqdan ehtiyatlanmışam. Mənim üçün həyat çoxluğun tərəfində olmaq deyil, öz içimdə yaratdığım qaydalarla yaşamaqdır. O yerdə ki, kimə və nəyə qarşısa, "ura" ilə hücum var, orada çox vaxt Şərin izləri olur. Kütlə hər şeyi ağ və ya qara, müsbət, yaxud mənfi görür. Bu, reallığın təhrif olunması, düşüncənin zədələnməsidir, həm də plüralizmin, özgəfikirliliyin, dözümlüyün istisna olunması deməkdir. Halbuki, kamilliyə iddia edən insan bunlarsız ötüşə bilməz.

Bilik həlledici deyil

- Maraqlıdır, siz kamil insanı necə təsəvvür edirsiniz?

- Məncə, kamillik nə təkcə biliklə, Allaha ibadət etməklə, elm və təhsillə, nə də ayrıca əxlaqla ölçülür. Kamil insan bütün bunları özündə birləşdirə biləndir. Qədim filosoflar da, orta əsr maarifçiləri də hesab edirdilər ki, oxuyub savadlanmaqla insanları cahillikdən, nadanlıqdan qurtarmaq olar. Bəli, bilik insanları kamilliyə aparan çox vacib amildir, amma həlledici deyil. Biliyə qalsa, görün göz qabağında nə qədər savadlı, hətta alim diplomlu, yaxşı yazı və natiqlik qabiliyyəti olan yaramaz var. Deməli, kamillik üçün bilik, savad kifayət deyil, bu məsələdə mütləq və mütləq əxlaq faktoru iştirak etməlidir.

- İnsanlar başqa planetlərə köçə bilsəydilər, siz də yeri tərk edənlər sırasında olardınız, yoxsa buranı düzəltmək üçün mübarizə aparardınız?

- Təbii ki, başqa planet insanın arzuladığı möcüzədir. Əli hər şeydən üzüləndə insan möcüzəyə inanmağa başlayır. İşdir, belə bir möcüzə baş versə, maraq üçün başqa planetlərə də baş çəkmək olardı, amma Allah insan üçün bu Yeri yaradıb. Ona görə də burada yaşamaq və ən azı kölə olmamaq üçün qımıldanmaq zorundayıq.

Qarğalar ötməyə başladıqda bülbüllər susar

- Deyəsən arada Sizə də hücum çəkənlər olur, diqqət yetirirəm ki, siz bu hücumlara cavab vermirsiniz.

- Olur, bəzən ağıllı iradlar, tənqidlər olur, belə yanaşmalar adamda güclü polemika duyğusu yaradır. Prinsipial, ictimai əhəmiyyəti olan məsələlərə bəzən reaksiya verirəm. Çox dayaz, sifarişli, mənasız cırmaqlamalara rast gələndə isə Mövlanənin sərrast dediyi "qarğalar ötməyə başladıqda bülbüllər susar" hikmətini yadıma salıram. İndi əclafların əsas silahına çevrilmiş böhtanlara, yalanlara isə gülməkdən başqa çarə qalmır.

Əxlaqımız həmin güzgüdə əks olunur

- İndi yenə qayıdaq Yer kürəsinə... Lap dəqiq desək, TV-lərə... Televiziyaların nə halda olmasından danışmayaq, nə baş verdiyi bəlli... Tutaq ki, bu şəkildə davam edəcək, nə olacaq bunun sonu?

- Elə bilirsiniz sonu deyil? Bu qədər telekanal var, dövlət öz büdcəsindən milyonlarla pul xərcləyir, hanı səmərə? Televiziya bir güzgüdür, bizim ağlımız, düşüncəmiz, səviyyəmiz və əxlaqımız da həmin güzgüdə necə varsa əks olunur. Mən TV və onun problemləri haqqında ən çox danışanlardan biriyəm. Biz bəlkə bu gün TV-lərin insanların düşüncə, davranış və əxlaqına vurduğu ziyanı tam hiss etmirik, amma əmin olun ki, bir azdan üzləşəcəyimiz çox ciddi mənəvi təhlükələrdə onun hansı zərəri vurduğunu anlayacağıq.

Hələ də iki azərbaycanlı bir-biri ilə rus dilində danışır

- TV-lər sözün həqiqi mənasında dilimizi qətl edir, bu dilin heç olmasa tabutunu qaldırmaq üçün kimsə qolunu çırmayacaq, yoxsa eləcə ortada qalacaq?

- Biz dil və ona qayğı haqqında çox danışırıq. Həqiqətən də Azərbaycan dilinin işlənməsi ilə bağlı ortada ciddi sənədlər var. Təəssüf ki, kağızlar və qərarlar dilə sevginin ifadəsi deyil. 20 ildən çoxdur ki, müstəqilik, amma baxın, hələ də iki azərbaycanlı bir-biri ilə rus dilində danışır. Başqalarının simasızlıq kimi yanaşdığı bu halı bizlər mədəniyyət göstəricisi kimi qəbul edirik.

Televiziya və radiolarda vəziyyət xeyli dramatikdir. Dil savadsız aparıcı və reportyorların timsalında öz təravətini, obrazlılığını və ifadə gücünü itirməkdədir. Ortada tamaşaçının beynini yağır edən quru və sxematik bir dil qalıb. MTRŞ bu vəziyyəti düzəltmək üçün səmimi səylər göstərir, Dilçilik institutu ilə birgə monitorinqlər aparır. Fəqət bu, problemdən çıxış yolu deyil. TV-lərin bir çoxu düşüncə etibarı ilə bu xalqdan, bu millətdən uzaq olan adamların əlindədir. Onlar üçün gündəlikdə dil problemi deyilən bir şey yoxdur.

Yaramazlıqların içində yox, ona qarşı olmalıyıq

- Bilirəm ki, baş verənlərin mahiyyətini, hər şeyi anlayırsınız. Bir gün, bir səhər qalxıb üsyan etmək, içindəki etirazı üzə vurmaq istəyirsiniz, yoxsa içinizdə üsyan bitib?

- Söhbət üsyandan getmir, bir vətəndaş olaraq bu xalqın və dövlətin gələcəyini yaxşı görmək istəyiriksə, yaramazlıqların içində yox, ona qarşı olmalıyıq. Qarşı olmaq üsyan deyil. Bu gün "dövlət" və "dövlətçilik" adı ilə alver edənlərin maskası arxasında nələrin gizləndiyini görmək dəhşətdir. Yaradıcılıq və mənəviyyat sahəsinin adamı kimi bunları müşahidə etmək mənim üçün də ağırdır. Amma bütün hallarda mən üsyanlara, kütləvi dağıdıcılığa və bunların törətdiyi fəlakətə qarşıyam.

- Son olaraq, Qulu müəllim, gəlin nə yer kürəsini tərk edin, nə də qəhrəman olun. Sadəcə, vətəndaş kimi deyin. Nəyi dəyişmək istərdiniz?

- Heç bilmirəm hansını deyim?! Adi məişət davranışından tutmuş düşüncə tərzi və milli problemlərədək nə qədər dəyişdirilməli şeylər var...

Tarix
2014.03.15 / 17:05
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla