Ana səhifə Toplum |
"Bakı Metropoliteni" QSC-nin əsas vəzifəsi sərnişindaşıma, sərnişinlərin təhlükəsizliyini, eləcə də rahatlığını təmin etməkdir.
Lakin son zamanlar "Bakı Metropoliteni" QSC-nin metro stansiyalarında ticarət köşkləri həddindən artıq artması nəticəsində səliqəsizlik və natəmizlik yaranıb".
"Axar.az" xəbər verir ki, bunu APA-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Fuad Tağızadə deyib.
Onun sözlərinə görə, "Bakı Metropoliteni" QSC yaranan ilk gündən əsas məqsədlərindən də biri də metro keçidlərindəki ticarətin birmənalı olaraq yığışdırılmasıdır: "Sərnişinlərin metrodan maneəsiz istifadəsini təmin etmək üçün metro stansiya keçidlərindəki bu vəziyyəti qaydaya salmaq niyyətindəyik".
F.Tağızadənin sözlərinə görə, Bakı Metropoliteninin heç bir
stansiyasında ticarət olmamalıdır: "Metro stansiyalarındakı ticarət
köşklərinin harasa köçürülməsi nəzərdə tutulmayıb. Bu ticarət
obyektlərində çalışan şəxslərlə həmişə bir aylıq müddətə müqavilə
bağlanıb. Bu ilin fevral ayının sonunda onların müqavilələrinə
xitam verilib və martın 1-dən dayandırılıb. Biz həmin
ticarətçilərin fəaliyyətini ayın ortasında saxlamamışıq və ya
onlarla illik müqaviləmiz yoxdur. Bir ayı tam işləyib icarə haqqını
ödəyiblər. Ona görə də heç bir kompensasiyadan söz gedə
bilməz".
Qurumun baş mühəndisi qeyd edib ki, ticarət köşklərinin bağlanması mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, əvvəlcə ticarət köşklərinin bağlanması stansiyaların içindəki platformalardan başlayacaq: "Əvvəlcə şəhərin mərkəzindəki stansiyalardakı köşklər, daha sonra şəhər kənarındakı stansiyalarda fəaliyyət göstərən ticarət köşkləri bağlanacaq. Bu məsələni qısa zaman kəsiyində həll etmək niyyətindəyik".
Qeyd edək ki, Bakı Metropoliteninin stansiyalarında fəaliyyət göstərən ticarət köşklərinin sahiblərinə ərazini boşaltmaq üçün martın 27-dək vaxt verilib. Bu qərar köşklərdə çalışanların etirazına səbəb olsa da, metropoliten rəhbərliyi qərarını dəyişməyib.
Tarix
2014.03.13 / 10:17
|
Müəllif
Axar.az
|