Yuxarı

“Kim nə deyir-desin, mən öz inancımı yaşayıram”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa son günlərin aktual mövzusu olan nurçuluq, adının bu təriqət üzvləri arasında çəkilməsi ilə bağlı "Axar.az"ın suallarını cavablandırır:

- Fazil bəy, ondan başlayaq ki, son iki həftədir nurçu söhbəti ölkə gündəmindən düşmür. Nə baş verir və polemika niyə belə uzanır?

- Süni gündəmdir, yazan jurnalistlərin kimliyinə və saytların istiqamətinə diqqət etsəniz, görərsiniz ki, bu, Türkiyədəki siyasi savaşın Azərbaycana məqsədyönlü yayılmasıdır. Ümumiyyətlə, İslam dinində təriqətçilik deyilən bir anlayış yoxdur və hansı adla olursa-olsun, kimsə özünü hansısa təriqətə aid edirsə, onun İslamın mahiyyətini anladığına şübhə ilə yanaşmaq lazımdır. Azərbaycanda üç təhlükə mənbəyi var ki, biri cənubdan, biri şimaldan, biri də birbaşa Ermənistandan gəlir.

- Ölkə rəsmiləri də qeyri-ənənəvi təriqətlərin ölkəmizə ayaq açmasını dilə gətirdi və bu, artıq belə təriqətlərin hakimiyyəti də narahat etdiyini düşünməyə əsas verir.

- Təriqətin ənənəvisi də, qeyri-ənənəvisi də İslam dini ilə bağlı deyil. Əlbəttə ki, Azərbaycan dövlətçiliyinə qarşı olan nəinki hansısa təriqət, hər hansı partiya, QHT belə olsa, qanunun məsuliyyətindən kənarda qalmamalıdır.

Ancaq axmaqlar bu siyahıya inanır

- Nurçu mövzusunda ən çox danışan, məqalələr də yazan sizsiz. Bu zərurət nədən yaranıb? Çoxları sizin nurçulara qahmar çıxdığınızı deyir.

- Ümumiyyətlə, nurçuluq mövzusunda heç bir məqalə yazmamışam. Nurçuluq deyilən hansısa təlimə də, təriqətə də heç bir aidiyyətim yoxdur. Nursuzluq mövzusunda yazmışam. Təriqətçilik əleyhinə də dissertasiya müdafiə etmişəm. Təbii ki, Azərbaycanda nursuz insanların sayı daha çoxdur və onlar mənim birbaşa söylədiyim fikirlərdən diqqəti yayındırmaq üçün mütləq bu cür şərh verməlidirlər. Mənim qaldırdığım problem birbaşa təhsillə bağlıdır. Bu məktəbləri kimsə bəyənməyə bilər, ancaq mən hesab edirəm ki, indiki təhsilimizin vəziyyətində onların Azərbaycana xeyli faydası dəyib. Yüzlərlə Azərbaycan övladı bu məktəblərdə bilik alıb, yüksək səviyyəli mütəxəssisə çevrilib. Mən kampaniyaçılıq dalğasında bu məktəblərin sıradan çıxarılmasına qarşıyam. Bu məktəblərdə guya dini təbliğatı bəhanə edənlər, indiyədək mərhum Heydər Əliyevin bu məktəblərlə bağlı söylədiyi xoş fikirləri təbliğ edirdilər. Eyni adamlar Turan Yazqanın gözəl təlim-təhsil verən məktəblərinin də genişlənməsinə imkan vermədilər. Missionerlər hər yerdə var, ingilis, rus profilli məktəblərdə də, eyni kampaniya niyə yalnız türklərə qarşı çevrilir, bunu anlamaqda çətinlik çəkirəm. Buyurun, bu məktəblərdən məzun olan yüzlərlə Azərbaycan övladını elliklə pişləyin, sonu nə olacaq? Onsuz da yüzlərlə normal təhsil verməyən alternativlər var, oramı yönləndirəcəksiniz övladlarımızı?

- Nurçulara bağlı olan deputat və PA rəsmilərindən ibarət bir siyahı yayıldı. Düzdür, həmin deputatlar və məmurlar bu iddianı təkzib ediblər - eləcə də siz. Bəs, bu siyahı haradan çıxdı və niyə məhz bu adlar orda yer alıb, bir başqaları yox?

- Belə bir siyahının hamısı bir otaqda yazılır, indi də birinin adından guya digərinə göndərilən məktublar aşkarlanır. İndiyə qədər başqa adlarla da tanıtmağa çalışırdılar, Azərbaycan cəmiyyətində özünü axmaq yerinə qoymuşlardan başqa kimsə belə siyahıları ciddiyə almır. Mən öz inancını yaşayan insanam, öz müstəqil fikrini söyləməyə, yazmağa çalışan bir siyasətçiyəm və nəhayət, öz dünyagörüşününün cəmiyyətimiz üçün faydalılığına inanan bir araşdırmaçıyam. İndi bu nursuzlar oturub düşünürlər ki, necə ola bilər, bu adam həqiqətən öz düşüncələrində bu qədər müstəqildir? 30 ilin siyasət həyatında hansı ittihamlardan keçmədik ki! Bir İslam mənsubu əgər özünə nurçu deyirsə, eyni zamanda, İslamdan xəbəri olmayan birisi inanclı kiməsə nurçu deyirsə, hər ikisini cahil saysanız, yetər.

- Cəmiyyətdə kimlərinsə sizi nurçu kimi assosasiya etməsindən narahat deyilsiz ki?

- Allah heç bir bəndəsini nursuz etməsin, kimlərinsə nə adlandırmağı narahat etsəydi, bu qədər qaragüruha qarşı sözümüzü deməzdik. Həm də ona görə rahat, birbaşa fikirlərimi deyirəm ki, bu adların heç biri ilə yaxından-uzaqdan bağlılığım yoxdur. Olsaydı, hər halda ləyaqətim çatardı ki, yenə də açıq deyim və öz mövqeyimi müdafiə edim. Bu gün hər kəs özü öz dünyagörüşünü müdafiə edə bilər, mənim müdafiə etdiyim Azərbaycandakı türk məktəbləridir və sabah onların bağlanmasına, keyfiyyətsiz vəziyyətə salınmasına çağırış edənlərə sözümü demək üçün bu gün haqlı olduğum mövqeni açıqlayıram.

Onların şəxsiyyəti yoxdur

- Sizi nurçu adlandıranları məhkəməyə vermək fikriniz varmı?

- Məhkəməyə vermək üçün qarşı tərəfin şəxsiyyət vəsiqəsi olmalıdır. Ancaq mən baxdığım imzalarda vəsiqə var, şəxsiyyət yoxdur. Ona görə də belə bir fikrim yoxdur.

- Hesab edirsinizmi Azərbaycanda nurçu qalmaqalı Ərdoğan-Gülən davasının əlamətləridir?

- Ümumiyyətlə, bir tədqiqatçı kimi deyə bilərəm ki, nurçuluq ötən əsrin 70-ci illərindən sonra Türkiyədə bitmiş bir hərəkatdır və çox qollara parçalanıb. Əslində, Ərdoğan və onun komandasının da strukturunu bilənlər onların da camaat sisteminə dayandığını müşahidə edərlər. Bizdə camaatlaşma anlayışı demək olar ki, tarixən yoxdur. Çünki xüsusi dini təlim və məktəblərin olmaması buna zəmin yaratmayıb. Təbii ki, Türkiyədə Ərdoğan-Gülən savaşının Azərbaycanda gözlənilən əks-sədasıdır, fikrimcə, Azərbaycan dövləti bu məsələdə hansısa tərəfin yanında aktiv olaraq yer almamalıdır. Buna çalışanlar var, əlbəttə. Təsəvvür edin ki, Türkiyədə həbs olunan Ergenekonçular bu gün azadlıqdadır. Xatırlayıram, o zaman da Azərbaycanda da ergenekonçu axtarırdılar.

- Elçibəyin yaxın çevrəsində olmusunuz. Onun "Xidmət hərəkatı"na simpatiyasının olması iddiaları nə dərəcədə realdır? Çünki Elçibəyin nurçu təsisatların Azərbaycanda yerləşməsində rolu olduğu deyilir...

- Elçibəyin Azərbaycan Xalq Cəbhəsindən başqa hansısa hərəkata xüsusi simpatiyası olmayıb. Onun Türkiyəyə xüsusi sevgisi olub və oradan gələn hər insana dost kimi yanaşıb. Təhsillə bağlı bu ölkəyə ilk gələn "Xidmət camaatı" olduğuna görə, ilk imtahanların də təşkilində Elçibəyin rolu olmuşdu. Eyni zamanda, Turan Yazqanın da burada məktəb açmasını Elçibəy istəmişdi.

Sübut etməsələr, şərəfsizdirlər

- Bu günlərdə "Dialoq Avrasiya" Platformasının siyahısında da tanınan adlar, eləcə də sizin adınız var. Bu informasiya dalğasının səbəbi nədir?

- Mən İran səfirinin də, Rusiya səfirinin də, Türkiyə səfirinin də tədbirlərinə dəvət alıram. İndi məni harada görəcəksiniz, oraya qeydiyyatımı aparacaqsınız? "Dialoq Avrasiya"nın Xocalı ilə bağlı tədbirlərində iştirak etmişəm, indi adamlara deyək ki, ayıbdır, bir də belə tədbirlər keçirməyin? Bunu yazanlara vaxt verdim ki, sübut etməsəniz, şərəfsizsiniz, yazdılar ki, biz dəqiqləşdirilməyən məlumata görə yazmışıq. Dedim ki, bundan sonra da bütün axtarışlarınızı aparın, nə zaman tapsanız, xahiş edirəm, çəkinmədən verin. Ancaq bir gerçəyi tapacaqsınız ki, mən yalnız və yalnız "Dialoq Azərbaycan" Platformasının yorulmaz təbliğatçısıyam.

Tarix
2014.03.13 / 10:03
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla