Yuxarı

Qənirə Paşayeva bütün sirlərini açdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gündəlik Teleqraf" qəzeti 8 Mart buraxılışı üçün qadın millət vəkili Qənirə Paşayevadan "Brifinq" layihəsi çərçivəsində müsahibə alıb. "Axar.az" həmin müsahibəni təqdim edir.

"Atam qız övladlarına daha çox diqqət yetirərdi"

- Nərgiz Ehlamqızı ("Gündəlik Teleqraf"ın müxbiri): Martın 7-si doğum gününüzdür. Ad gününə münasibətiniz necədir, fərqli bir doğum günü modeliniz varmı?

- Dünyaya gəldiyim günə adi təqvimlərdən biri kimi baxıram. Təbii ki, ailəm və yaxınlarım üçün bu günün özəlliyi olmamış deyil. Amma mən özüm onu xüsusi şəkildə qeyd etməyi xoşlamıram. Uşaq olanda atam qız övladlarına daha çox diqqət yetirərdi. Lap onda da bu mərasimi ailə daxilində, yaxınlarla qeyd edirdik. İndi də fərqli bir şey yoxdur - ailə üzvlərimiz, dostlarımız evə gəlir, toplanıb söhbətləşirik...

Hesab edirəm ki, doğum günlərini toy mərasimi formasına çevirib qonaq dəvət etmək düz deyil. Hərçənd yuvarlaq rəqəmdirsə, insanların yubiley keçirməsini normal qəbul etmək olar. Özüm isə doğum günlərində həmişə işdə oluram. Ad günü mərasiminə 8 Mart axşamı toplaşacağıq. Həm ad günümü, həm də bayramı qeyd edəcəyik.

- N.Ehlamqızı: Aktiv millət vəkilisiniz. Sosial şəbəkələrdə Sizin bu fəallığınız, işgüzar səfərləriniz tez-tez diqqətə çıxarılır, hətta müzakirə obyekti də olur. Mətbuat xidmətiniz Bakıdakı tədbirdən məlumat yayır, bir neçə saat sonra məlum olur ki, artıq Türkiyədəsiniz. Bu qədər enerjini hardan alırsınız?

- Böyüdüyüm ailədə zamandan istifadə anlayışına erkən dövrdən ciddi yanaşmışıq. Həmin vərdişlə davam edirəm. Axşamdan görəcəyim işləri saatlarla, dəqiqələrlə dəftərə qeyd edirəm. Bir növ plan tuturam. Sonra da işləri gördükcə, bir-bir üstündən xətt çəkirəm. Zamandan yararlı istifadə etməyi uşaqlıqdan bizə öyrədiblər. Hər bir insanın həyat fəlsəfəsi olur. Müəyyən düşüncə və təfəkkür çərçivəsində hərəkət edir. "Bu həyatdan nə istəyirəm? Niyə varam?" Necə gedəcəyəm? Mənim həyat fəlsəfəm bu üç suala cavabdan ibarətdir. Mənimçün insanların ən faydalısı insanlar üçün faydalı olanıdır. "Daha nə edə bilərəm" sualına ciddi önəm verirəm. Həyatımı maraqla yaşamağı sevən insanam, rəngsiz və boş yox... Bir günü əvvəlki gün kimi yaşamaq istəmirəm. Daha fərqli işlərlə məşğul olmağı üstün tuturam, boşluq anlayışı mənlik deyil. Bəzən mənə deyirlər ki, gedək 1 həftə istirahət edək. Soruşuram ki, nə edəcəyik? Deyirlər ki, gəzib dincələcəyik. Mənimçünsə dincəlmək anlayışının ayrıca əhəmiyyəti yoxdur...

- Nərmin Muradova ("Gündəlik Teleqraf"ın müxbiri): Bəs yorğunluğunuzu necə çıxarırsız?

- İşlərimi dəyişərək dincəlirəm. Hər axşam ən azı 2 saat nəsə oxumasam və yazmasam, yatmıram. Soruşurlar ki, yorulmursan? Deyirəm, bəlkə də, bu dəyişikliklər məni yorulmaqdan xilas edir. Eyni işlə məşğul olsam, ola bilsin, tez yorulardım. Yazmağın da mənə faydası çox dəyir. Nəyisə yazmaqla gərginliyi atıram. Hər bir kəsin fərqli dünyası olur. Macal eləyib həmin dünyaya daxil olursan və bununla dincini çıxarırsan. Mənim də belə bir daxili qrafikim var. Əlbəttə, həftə sonları ailə üzvlərimə ayrıca zaman sərf eləyirəm, görüşüb söhbətləşirik.

- N.Muradova: Teatra gedirsiniz?

- Gedirəm.

"Xarici ölkələrdə opera tamaşalarına gedirəm"

- N.Muradova: Öz istəyinizlə, yoxsa dəvət edəndə?

- Xarici ölkələrdə opera tamaşalarına gedirəm. Yaxud hansısa rəssamın sərgisinə baş çəkirəm. Məsələn, dahi rəssam Salvador Dali məktəbini çox sevirəm. Hollandiyaya gedirəmsə, sevdiyim rəssamların muzeyini ziyarət edirəm. Nyu-Yorkda xoşladığım müzikallar üçün vaxt tapıram. Oteldə yatıb qalmaqdansa, yaxud şoppinqə vaxt sərf eləməkdənsə, belə sənət və mədəniyyət tədbirlərinə qatılıram. Azərbaycanda maraqlı əsər tamaşaya qoyulanda teatra gedirəm. Kitabları seçərək oxuyuram, çünki hər əsərə vaxt ayırsan, çatdıra bilməzsən.

- Qurban Yaquboğlu ("Gündəlik Teleqraf"ın redaktoru): Azərbaycan dilindən başqa hansı dilləri bilirsiniz?

- Mən Tibb Universitetini bitirmişəm, bizdə xarici dil olaraq fransız dili tədris olunurdu. Daha sonra bu dili təkmilləşdirmədim. Bir ara müəllim tutdum, amma zaman olmadığı üçün inkişaf etdirmək imkanım olmadı. İngilis dilini sıfırdan başlayıb öyrəndim. Jurnalist fəaliyyətim dövründə xaricə səfərlərə gedəndə bu dilin vacibliyini duydum. Hələ də ingilis dilinin üzərində işləyib təkmilləşdirirəm. Rus dilini sovetlər dövründən müəyyən qədər mənimsəmişəm. Bir ara ərəbcəni öyrənmək istədim.

"Misirdə böyük Azərbaycan arxivi ilə rastlaşdım"

- Q.Yaquboğlu: Ərəbcəni niyə?

- Ərəb dili böyük bir coğrafiyanı əhatə edir. Mən İraqda, Suriyada çalışmışam, Misirdə olmuşam. Bu dilin məkanı çox böyükdür. Məni ərəbcəyə çəkən maraqlı məqamla Misirdə qarşılaşdım. Orada mənə Azərbaycanın çox böyük arxivinin olduğunu dedilər. Məlum olduğu kimi, İslamın gəlişi ilə elm paytaxtları Şərqdə inkişaf elədi, Bağdad, Misir belə mərkəzlərə çevrildi. Bizim alim və mütəfəkkirlər gedib orada çalışmalı oldular. Bu baxımdan Azərbaycan irsini öyrənmək üçün ərəb dilini bilmək pis olmaz.

Ancaq ərəb dili çətindir, ona görə imtina etdim. Bu dövr bitsin, bəlkə, həyatımızın növbəti dönəmində təkrar bu dilə qayıdıb davam etdirəsi oldum. İngilis dili çox aktual olduğu üçün bütün gücümü ona sərf etdim.

"Jurnalistikadan getmək asan deyildi"

- Dilqəm Əhməd ("Gündəlik Teleqraf"ın redaktoru): Şeir yazmaq həvəsi Sizdə nə zaman yarandı? Şeirlərinizə mahnılar da bəstələnib. Bir neçə kitabınız çap olunub... Adətən, şeirdən nəsrə keçid baş verir. Roman yazmağı düşünürsünüzmü?

- Bu ənənə mühitdən gəlir. Bizim vaxtımızda orta məktəblərdə yaxşı oxuyanları fərqləndirir, onlara iş tapşırır, birini sinif nümayəndəsi, o birini komsomol katibi təyin edirdilər. Mən heç zaman bu vəzifələri tutmamışam. Amma məktəbin divar qəzetinin baş redaktoru idim. Hətta jurnalist kimi çalışanda da o divar qəzetlərinin bəzilərini məktəbdən sökməmişdilər. Atam filoloq, əmim ədəbiyyatçı idi. Ailədə ədəbiyyat havası vardı. Ailəmiz həm də ədəbi məclislərin keçirildiyi yer idi. Ədəbiyyat və mədəniyyət sahəsinin böyük şəxsiyyətləri bizim evimizə toplaşar, bəzən sübhə qədər söhbət edər, müzakirə qurardılar. Mən belə mühitdə böyümüşəm.

Uşaq vaxtı məktəbdə hansı peşənin sahibi olmaq istədiyimizi soruşanda oğlanlar, adətən, hüquqşünas, qızlarsa həkim olmağa üstünlük verərdilər. Mən isə jurnalist olacağımı deyərdim. Amma iş elə gətirdi, jurnalistikaya birbaşa gəlmədim. Nənəm istəyib ki, anam həkim olsun, ancaq o, həkimliyin dalınca getməyib. Buna görə hər ikisi birləşib mənim həkim olmağımı istədilər. Hələ o vaxtlar balaca hekayələr yazırdım. Başqa maraqlarım da vardı. Şahmat yarışlarına gedirdim, zona yarışlarında qalib olduğumu xatırlayıram. Dövlət televiziyasında "Bayatı" verilişinin aparıcısı Aleksandr Qriç bizə qonaq gəlirdi. Rayonda oxuyurdum, Qriç deyirdi ki, bu uşağı Bakıya aparmaq lazımdı, amma valideynlərim, xüsusən anam razı olmurdu ki, burada da yaxşı təhsil verəcəyik...

Mən jurnalistikaya gələndə atam siyasi jurnalistikadan çox publisistika ilə məşğul olmağımı istəyirdi. Ancaq dövrün tələbləri vardı. Məni xəbər və siyasi jurnalistika cəlb edirdi. Bununla belə, müəllif yazıları da yazır, onların bəzilərini ssenariyə çevirirdim. ANS televiziyasında xəbərlərdən başqa cümhuriyyət dövrü ilə bağlı arxivlərdə ən çox işləyənlərdən biri mən idim. Hər halda Dövlət Arxiv İdarəsinin rəhbəri Ataxan Paşayev belə deyirdi. Cümhuriyyət haqda "Apreldən əvvəl may", İraq hadisələri ilə bağlı "Gözdən iraq" filmlərinin ssenarisini yazmışdım. Qondarma erməni soyqırımı ilə bağlı Türkiyənin bölgələrini gəzdim, ona aid sənədli filmin ssenarisini yazdım.

Jurnalistikadan getmək asan deyil. Hər bir yaradıcı insanın içində daim yazmaq aclığı olur. İllərlə davamlı şəkildə, hər gün nəsə yazırsansa, birdən-birə tamamilə ondan kənarda qalmaq mümkün deyil. Kimsə mənə hansısa mövzuda yazmağı məcbur eləmir. Amma yazmaq ehtiyacı duyuramsa, əl saxlamıram.

- D.Əhməd: "Brifinq"də qızlarımız da əyləşib, onlara jurnalistikadan millət vəkilinə gedən yolun sirrindən bəhs edərdiniz...

- Onun hansısa sirri yoxdur. Jurnalistikada çalışanda siyasətə gəlməyi düşünmürdüm. Həyatda hər zaman bir prinsipim olub: harada olursan ol, peşəkar ol, yaxşı və seçilən ol... Jurnalistikada heç vaxt düşünməmişəm ki, burdan tramplin kimi istifadə edim. Hər hansı sahədə çalışıramsa, demək, bu işin haqqını verməliyəm. Həmişə bunun iddiasında olmuşam. Düşünürəm ki, insanın həyatı mərhələlərdən ibarətdir. Gözləmədiyimiz hansısa məqamda həyatımızın dəyişmə nöqtəsinə gəlirik. Ona görə qızlara bir tövsiyəm var: çalışdıqları yerin ən yaxşılarından olsunlar, addım atmaq istəyəndə qorxmasınlar.

Yadımdadır, millət vəkili seçkilərinə qatılanda dörd ay kəndlərimizi ev-ev gəzdim. İndi oralara gedəndə hansı evdə kimin yaşadığını bilirəm. Onda bəziləri yalan və boş sevdanın arxasınca düşdüyümü deyirdi. Onlara belə cavab verirdim: mən nəyi itirirəm ki? İtirəcəyim şey seçilməməyim ola bilər. Prosesin özündən çox şey əldə etdim. Hər zaman hesab edirəm ki, insanın oxuduqları, qazandığı təcrübə ona gələcək həyatında mütləq yardımçı olacaq. Bir misal çəkəcəm. Əvvəllər anama deyirdim ki, gərək Tibb Universitetinə daxil olmayaydım, çünki vaxt itkisi verdim. İllər sonra fikrimi dəyişdim. Anladım ki, o sahədə əldə etdiyim biliklər mənim qazancımdır. Qadınlarımızda çatışmayan cəhət özünəgüvən hissidir. Tərəddüd hər zaman qadınlara mane olur. Ona görə bir məsləhətim var: arzularınızın arxasınca gedin. Seçkilərə, siyasətə gəlmək istəsəniz, qorxmayın.

- N.Ehlamqızı: 2015-cı ildə parlament seçkilərində yenidən namizədliyinizi verəcəksiniz?

- Namizdəliyimi verib-verməyəcəyimi desəm, yalan danışmış olaram. Deyir, Allahı əyləndirmək, güldürmək istəyirsənsə, ona planlarından danış. Mən uzaq hədəfli planlar cızmıram. Bir istiqamətdə getməyi düşünürəm, amma həyatın nəyi gətirəcəyini bilmirəm. Bu, həyatdır... İki ildən sonra həyatda olub-olamayacağımı indidən deməkdə çətinlik çəkirəm. 2015-ci ildə əgər həyatda qalsam, şanslarımı, potensialımı dəyərləndirib, qərar verəcəm.

"Xoşbəxtlik mənim üçün nisbi anlayışdır"

- Aynur Camalqızı ("Gündəlik Teleqraf"ın baş redaktoru): Qənirə, xoşbəxtsən?

- Doğrusu, xoşbəxtlik mənim üçün nisbi anlayışdır. İnsanın xoşbəxt anları da olur, özünü bədbəxt hiss etdiyi anlar da. Bütövlükdə götürsək, özümü xoşbəxt hesab edə bilərəm. Niyə də yox? Fikrimcə, insanın var olması böyük hadisədir. Görə, eşidə, duya bilirəmsə, insanlar üçün kiçik də olsa, nədəsə faydalı ola bilirəmsə, içimdə sevgi hissim varsa, niyə də xoşbəxt olmayım mən?! Onu da deyim ki, dünyaya fiziki cəhətdən sağlam gəlmiş hər bir insanın özünü xoşbəxt hiss etməli olduğunu düşünürəm.

"Yaxşı mənada qibtə hissi bəslədiyim insanlar var"

- A.Camalqızı: Sənin üçün ideal qadın varmı?

- Mən insanları ideallaşdırmıram. Öyrəndiyim insanlar var: kişi, ya qadın, fərq etməz. İnsanlardan daim öyrənirəm. Axtardığım, aradığım keyfiyyətlər mənim üçün insan keyfiyyətləridir, qadın, kişi keyfiyyətləri deyil. Bu mənada öyrəndiyim insanlar, kitablar həddindən artıq çoxdur. İnsanı ideallaşdırmadan ondan götürdüyüm müsbət keyfiyyətlər çoxdur. Eyni zamanda pis mənada yox, yaxşı mənada qibtə hissi bəslədiyim insanlar da var.

- D.Əhməd: Siz bir zamanlar kitabla bağlı fotosessiyalar çəkdirirdiniz. Bu hansı hissdən yaranmışdı? Qadın millət vəkilləri arasında bunu edən ilk Siz oldunuz. Necə qarşılandı?

- Bəzən qadınları qəlibə salır, sonra da elə təqdim edirlər ki, sanki həyat yaranandan qadın bu qəlibdə olub. Axı, qadın niyə çərçivədə olmalıdır? Üstəlik, belə qəliblər, çərçivələr, məhdudiyyətlər dünyanın bir çox yerində yoxdur. Mən bunu bir dəfə şairlərə demişdim. Dostlardan biri dedi ki, Azərbaycanda güclü qadın şair olmayıb. Say baxımından mən onunla razılaşdım. Amma bu, həmin qadınların istedad və potensial baxımdan kişidən əskik olması deyil. Bu, zaman-zaman formalaşdırdığımız stereotiplərin nəticəsidir ki, qadınlara güclü şair keyfiyyətlərini üzə çıxarmaq imkan verilməyib. Niyə? Qadınlara öz duyğularını səmimi yazdıqları zaman əxlaqsız adı qoyublar. Amma öz duyğularını gen-bol şeirlərində əks eləyən kişilərə hamı normal yanaşıb.

Bu baxımdan hesab edirəm ki, baxışlarımızı dəyişməliyik. Qadınlara köhnə stereotiplər çərçivəsində yanaşmayaq. O üzdən mən hər zaman qəliblərə, stereotiplərə qarşıyam. Jurnalistikada da bunun əleyhinə olmuşam. İctimai həyata qədəm basdığım zaman kimsə qəlib düzəldib məni də onun içərisinə salacaq anlayışını qəbul etmədim. Hesab etdim ki, bu, mənim həyatımdır, özüm kimi yaşamalıyam. Bəlli çərçivələrə qarşı içimdəki etiraz hissi məni inadkar olmağa məcbur edir. Bu mənada fərqli addım atmaqdan çəkinmədim. Fotosessiyaya gəldikdə, o, albom üçün çəkilmiş şəkillərdən ibarət idi.

- N.Ehlamqızı: Cəmiyyətin çox sərt qarşılaya biləcəyi hansı addımlar ata bilərsiniz?

- Doğru bildiyim hər şeyi bir meyarla qiymətləndirirəm: cəmiyyətə, əxlaq normalarına hayqıran pis bir şey yoxdursa yoluma davam etməliyəm. Belədə addımlarımı rahat ata bilirəm. Və hesab edirəm ki, ildən-ilə cəmiyyətimizdə yalnış streotiplərin dağılması prosesi gedir. Xüsusən də qadınlarla bağlı yanlış yanaşmalar sıradan çıxır. Əgər əvvəllər biznesmen qadına qəribə yanaşırdılarsa, bu gün elə deyil. Eləcə də əvvəllər sənət sahəsinə üz tutan qadınlar bunun bədəlini ödəməli olurdular. Hesab edirəm ki, qadınlar qorxmamalıdır. Əlbəttə, əxlaq normaları çərçivəsində.

- Q.Yaquboğlu: Belə anlaşılır ki, düşüncə etibarilə yenilik tərəfdarısınız. Mühafizəkarlığa münasibətiniz necədir?

- Mühafizəkar hisslərim də var... Amma çağdaş dünyanı anlamağa, onunla ayaqlaşmağa tərəfdaram. Bəzi gələnəklərdə mühafizəkaram. Bizi özümüz edən fərqli dəyərlərimiz var.

Məsələn, ailə ənənələrində mühafizəkaram. Ailə dəyərlərimizin itirilməsini istəmirəm. Mən uşaq olanda atamla hər mövzunu müzakirə edə bilirdik. Amma o, nə vaxt otağa girsə, ayağa qalxardıq. Səmimiyyət, müzakirə, amma böyük-kiçik, hörmət anlayışı, ailə səmiyyəti - bunlar çox mühüm keyfiyyətlərdir.

"Yuxudan duranda deyirəm ki, Qənirə, ölümü unutma"

- Aynur Camalqızı: Qadınlarda belə xüsusiyyət olur, yaş 30-u keçəndə yaşlanmaq xofu yaşayır. Sən bu dönəmi necə keçirirsən? "Üzüm qırışacaq, saçlarım ağaracaq" narahatlığı varmı?

- Belə qorxum yoxdur. Çünki hər yaşın özündə gözəllik daşıdığını düşünürəm. Bəlkə, 20 yaşda fiziki olaraq daha gözəl görünə bilərsən. Amma sonralar batində daha gözəl ola biləcəyin ehtimalı artır. Çünki yaşadığın həyat, öyrəndiklərin, keçdiyin yol buna imkan verir.

Həyatın qanunları ilə razılaşan insanam. Dünyaya gəlməyimizi mükafat kimi qəbul edirəm. Rəbbim bizə yaşlanmaq fürsətini verəcəkmi? Yaşlansaq, deməli, çox insanlardan daha şanslıyıq. Ölüm qorxusunu da özümdən tamam uzaqlaşdırmışam. Hər dəqiqə dünyadan gedə bilərik, çünki sufilərin dünən və sabah yox, bu gün anlayışı var. Mən də o anlayışdayam, mənim üçün bu gün var.

Faydalı və yararlı işlərlə məşğul olmağı daha üstün tuturam. Öləndə "bu dünyadan bir millət vəkili köçdü, yox, "yaxşı insan getdi" desinlər düşüncəsi ilə həyata davam edirəm. Səhər yuxudan duranda şükür edirəm, deyirəm ki, Qənirə, ölümü unutma. Axşam gözümü yumanda hesabımı verirəm. Günaha girməməyə, pis şeylərlə məşğul olmamağa çalışıram. Mən həyatımda ölümü 3-4 dəfə hiss eləmişəm. Bir an gələ və sən yox ola bilərsən. İnsan o anda nə duyğular keçirə bilərsə, mən onu yaşamışam. Ölümlə üz-üzə dayananda Rəbbimə demişəm ki, sən mənə sadəcə bir az möhlət ver. Bir gün gələr, möhlət ricam qəbul olunmaz. Ona görə də arxada peşman olacağım pis ömür qoymamağa çalışıram.

Həyatda zahiri görünüşümlə insanlara cəlbedici görünmək kimi dərdim olmayıb. Manekenlər, balerinaların peşəsi xarici görünüşdən çox asılı olduğuna görə bu proses onlarda ağrılı keçir. Bizim işimiz, həyatımız və həyat tərzimiz o cür deyil, hər şeyi normasında qəbul etmək gözəldir. Təbiətlə savaşmaq olmaz. Onu olduğu kimi qəbul etməyə məhkumuq.

Tarix
2014.03.09 / 20:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla