Ana səhifə Toplum |
"Bizə dedi ki, gedin oturun evinizdə, burda nə işiniz var? O insana başa sala bilmədim ki, mən şəhid ailələri üçün burdayam".
Bu sözlər Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyindən "Axar.az"ın elektron poçtuna daxil olan şikayət məktubunda yer alıb. İctimai Birliyin sədri Almaz Zeynalova Füzuli rayon rəhbərliyinin şəhid ailələri ilə pis rəftar etdiyini bildirib.
Məni içəri buraxmadılar
Almaz Zeynalova bildirdi ki, özü də şəhid ailəsinin üzvüdür. 27 yanvar 2014-cü il tarixdə Füzuli rayonunda səfərdə olub. Səfərin məqsədi rayon rəhbərliyi ilə görüşüb sədri olduğu təşkilatın rayon şöbəsinin yaradılması və Füzuli rayonu ərazisində yaşayan şəhid ailələrinin məşğulluğunu təmin etmək olub. Amma burda gözlənilməz halla qarşılaşıb. Belə ki, Füzuli Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə şöbəsinin müdiri Vidadi Tağıyev İctimai Birliyin nümayəndələrini qapıdan içəri buraxmayıb. Şikayətçinin sözlərinə görə, adıçəkilən şəxs onları təhqir edib: "Bizə dedi ki, gedin oturun evinizdə, burda nə işiniz var? O insana başa sala bilmədim ki, mən şəhid ailələri üçün burdayam".
Təşkilat rəhbərinin sözlərinə görə, xeyli səy göstərdikdən sonra RİH başçısının qəbuluna düşə biliblər. Lakin ümid etdiyinin əksinə olaraq, Alı Alıyev öz "şilləvuranının" (ifadə şikayətçiyə məxsusdur- red) dürüst hərəkət etdiyini bildirib və bunu Füzuli rayonunun məhz cəbhə bölgəsi olması ilə izah edib.
Şikayətçi gördüyü münasibətdən sonra müəyyən araşdırmalar aparıb. Aydın olub ki, adıçəkilən ərazidə vətəndaşlara qarşı böyük haqsızlıqlar hökm sürür. Üstəlik, şəhid ailələri üçün nəzərdə tutulan sosial yardımlara da rayon rəhbərliyi tərəfindən müdaxilə olunur.
Qeyd edək ki, İctimai Birliyin sədri özünə kobud münasibətin də elə bundan qaynaqlandığını deyir.
Bütün hay-küyü Almaz Zeynalova özü yaratdı
Füzuli Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı "Axar.az"a danışan mətbuat xidmətinin rəhbəri Bayram Niftəliyev bildirdi ki, baş verənlərdə günahkar Almaz Zeynalovadır:
"Almaz Zeynalova bizim idarəyə gələndə onu normal qarşılayaraq dediklərini dinlədik. Deyilənlər tamamilə yanlışdır. Çünki bütün səs-küyü Almaz xanım özü yaratdı. Hətta İcra Hakimiyyətinin işçilərinə etikadan kənar, şərəf və ləyaqəti alçaldan sözlər də dedi. Füzuli Rayon İcra Hakimiyyətinin Prezidentin sərəncamı ilə gördüyü işlər göz önündədir. Bu barədə deyilən sözlər sadəcə təxəyyülün nəticəsidir. Almaz xanımın bu iddiaları qətiyyən reallığa uyğun deyil. Baş verən bütün narahatlığı şikayətçi özü yaradıb".
Tarix
2014.03.07 / 14:26
|
Müəllif
Fatimə İbrahim
|