Ana səhifə Yazarlar |
Deyilənlərə və yazılanlara inansaq, belə bir əhvalat olubdur. Bir gənc qız gəlir Dostoyevskinin yanına. Əsər yazmaq firkirində olduğunu bildirir. Məsləhət istəyir. Dostoyevski deyir ki, gəl, sənə bir məsləhət verim. Get, öz həyatını yaz. Heç nə uydurma. Sən öz həyatından maraqlı heç nə uydura bilməzsən…
İlk baxışdan sadə görünən bu sözdə böyük bir həqiqət, böyük bir
hikmət var. Oxuduqlarım, gördüklərim, eşitdiklərim - bütövlükdə
həyat təcrübəm sayəsində deyə bilərəm ki, bu, çox faydalı bir
məsləhətdir. Bizim ədəbiyyatımızın ən böyük problemlərindən biri
odur ki, yazarlarımız öz həyatlarını yazmaqdan utanırlar. Ola
bilsin, buna cəsarətləri çatmır. Mentalitetdən, arvad-uşaqdan,
qohumlardan utanırlar və ola bilsin, həm də qorxurlar. Sovet
dövründə formalaşmış yazıçı obrazından xilas ola bilmirlər. Həm
geyimləri, həm də davranışları ilə sovet ənənəsini davam
etdirməkdədirlər. Baxırsan adama, adam heç yazıçıya oxşamır.
Əlbəttə, mən artistliyin əleyhinəyəm. Sənət adamlarının
qəribəlikləri olur. Lakin bu qəribəliklər təbii olmalıdır, kim
manipulyasiya edirsə, axırda gülməli vəziyyətə düşür. Artistlik
edənlər yalnız yarımçıq adamların diqqətini cəlb edə bilər, bir az
sənətdən başı çıxanlar isə onlara güləcəklər. Bizim yazıçılar
yazıçı kimi yox, tacir kimi, bankir kimi, müdir kimi danışırlar.
Zatən elə sifətdən də çoxu müdirə oxşayır. Onların müsahibələri çox
quru olur. Hətta Çingiz Aytamatov belə, gənclik illərindəki
sevgisindən danışmışdı. Gözəl xatirələrdir. Adam oxuyur, ləzzət
alır. Dəmiryol vağzalında ayrıla bilmirlər. O, bunu Moskvaya
ötürür, bu onu Peterburqa ötürür. Bizim hansı yazıçımız arvadın
qorxusundan belə xatirələrini bölüşə bilər?
Yaddaş yazıçının ən böyük sərvətidir. Bizimkilər bu sərvətdən özlərini məhrum ediblər. Çünki çərçivədədirlər. Qayğıkeş ata, nümunəvi ailə başçısıdırlar. Belinskinin təbirincə desəm, isdedadsız adamlar özləri haqqında yaza bilmirlər. Onlar özləri haqqında yaza bilməməklə, həm də istedadsız olduqlarını sübut edirlər.
İkinci bir böyük problem var. Yazarlarımız sadə görünməkdən
qorxurlar. Düzdür, ədəbiyyatda şərtilik olmalıdır. Ədəbiyyatın
babalarından biri, Flober deyirdi ki, şərtiliksiz ədəbiyyat mövcud
ola bilməz. Lakin bizim yazıçılar əksər hallarda şərtiliklə
süniliyi qarışdırırlar. Günəşi küləş başa düşürlər. Onlar sadə
görünməkdən qorxurlar, ona görə də təkərə düşüb axmaq-axmaq mətnlər
yazırlar. Onlar içki masası arxasında daha çox yazıçı olurlar. Yazı
masasının arxasına keçdikdə isə poza alırlar və axmaq əhvalatlar
uydururlar. Əslində isə içki masasında danışdıqları, yazdıqlarından
daha çox ədəbiyyatdır. Onlar içki masasında danışdıqlarını
yazsalar, daha çox uğur qazanarlar. Taqor deyirdi ki, sənətdə öz
gücünü dəqiq hesablamaq çox böyük şərtdir. Təəssüf ki, bizim
yazarlar öz güclərini dəqiq hesablaya bilmirlər. Nəticədə gülməli
vəziyyətə düşürlər. Yazar, yaza biləcəyi şeyləri yazmalıdır, amma
yaxşı yazmalıdır. Bir çox uşaq yazıçıları itdən, pişikdən, atdan,
qatırdan, maraldan, xoruzdan, donuzdan, balıqdan, buluddan,
küləkdən nə bilim bütün canlılardan və təbiət hadisələrindən
yazıblar. Amma onların adları ən məşhur yazıçıların adları ilə bir
sırada çəkilir. Məsələn, Lenin öz əsərlərində Saltıkov Şedrinin
adını dörd yüz dəfə çəkmişdi. "Qulliverin səyahəti" əsəri
ümumilikdə uşaq ədəbiyyatı sayılır, amma bununla bərabər, həm də
dünya ədəbiyyatının ən güclü nümunələrindən biridir. Tomas Vulfun
bu əsər haqda gözəl sözü var, deyir, "istənilən ciddi sənət əsəri
avtobioqrafikdir və mən Qulliverin səyahəti əsərindən daha
avtobioqrafik əsər tanımıram". Əlqərəz, nədən yazmaq, necə yazmaq,
hansı janrda ifadə etmək çox əhəmiyyətli məsələlərdir. Gərək hər
bir yazar bu məsələləri özündə həll etsin. Cavab tapmaqda çətinlik
çəkdikdə inandığı adamlardan soruşsun. Memuarlar oxusun. Anderson
öz sadə, amma mükəmməl nağılları ilə milyonlarla insanın ürəyini
fəth etdi. Dünyanın bir çox ölkələrində Andersonun nağılları
oxunulur, sevilir, çizgi filmləri çəkilir. Anderson adına mükafat
var. Avropada uzun müddət insanları uşaq əsərləri ilə tərbiyə
ediblər. Həmin əsərlərdə "insan necə yaşamalıdır" sualı öz bədii
həllini tapmışdı. Yəni itdən, pişikdən, almadan, qarğadan, arıdan,
qarışqadan, cırcıramadan, divdən, əjdahadan nağıl da yazıb
məşhurlaşmaq, əbədiləşmək mümkündür. Sadəcə, necə yazmaq söhbəti
var hələ. Xüsusən gənclər güclərini dəqiq hesablaya bilmədiklərinə
görə yazılarında bəşəriyyətin ən dahi adamlarının əsrlərdi cavab
tapa bilmədikləri suallara cavab tapmaq istəyirlər. Bəli, gəncliyin
iddiasi alqışlanmalıdır. Amma onlar sadə məsələlərdən yazsalar, həm
özlərinə çox əziyyət verməzlər, həm də cəmiyyət bir fayda görər.
Yazsınlar görək nə yemək istəyirlər, yeyə bilmirlər. Nə geymək
istəyirlər, geyə bilmirlər. Evdən onlara nə qədər pul verirlər.
Tələbatlarını necə yola verirlər. Hansi kitabı oxuyurlar. Hansı
filmlərə baxırlar. İnsan heç olmasa, özünə qarşı səmimi olmalıdır.
Bir əsərdən xoşun gəlmirsə, açıq de ki, xoşum gəlmədi. Çətinliklə
oxudum. Heç vaxt kütlənin qəbul etdiyi normaları qanun kimi qəbul
etmə. Kafkadan xoşun gəlmədisə, de ki, gəlmədi. Başa düşmədinsə, de
ki, başa düşmədim. Heç nədən qorxma. Heç bir tiraj, ad, mükafat
qarşısında həyəcanlanma. Böyüklük sadəlikdədir. Bir çox
yazarlarımız sadə görünməkdən qorxaraq davamlı olaraq uğursuzluğa
düçar olurlar. Yapon yazıçısı Misima deyirdi: Mən enerjimin böyük
bir hissəsini daima maraqlı görünməyə sərf etdim.
Problem ondadır ki, bir dəstə yazıçı müdirə oxşayır. O biri
dəstənin də başı maraqlı olmağa o qədər qarışıb ki, ədəbiyyatın özü
yaddan çıxıb. Böyüklər heç, onları artıq itirmişik, heç olmasa,
gənclər, balacalar onların səhvlərini təkrarlamasınlar. Araq
adamdan yazıçı düzəltmir. Onda gərək dünyanın bütün alkoqolikləri
yazıçı olaydılar. Ədəbiyyatda lətifələrlə yox, yazılarla qalın.
Bizim ölkədə bir neçə adam haqqında yüzlərlə əhvalatlar var. Amma
mən o adamların oxumağa üç səhifəlik yazısını tapa bilməmişəm. Ona
görə heç vaxt onlara marağım olmayıb. Baxmışam ki, onlar haqqında
iştahla danışan adamların çoxu aqrar təfəkkürlü, savadsız,
yarımçıq, ən uzağı tamada olacaq adamlardır. Ölkədə bu qədər
yazan-pozan var. Bu qədər yazıçı, şair adına iddialı adam var. Amma
bu qədər adamın içində cəmisi on - on beş adamla oturub adam balası
kimi ədəbiyyatdan, əsərlərdən danışmaq, informasiya mübadiləsi
etmək olar. Qalanları savadsızdır. Onların başındakılarla ancaq
tost demək olar. Çünki oxumurlar, avaradırlar. Heç nədən xəbərləri
yoxdur. Bu mənada hansı adamlarla ünsiyyətdə olmağın çox böyük
əhəmiyyəti var. Bizim yazarlarımızın çoxu, seyid cəddinə arxayın
olan kimi öz istedadlarına arxayın oldular, oxumadılar, zəhmət
çəkmədilər. Nəticədə, tamadaya çevrildilər. Bu gün bizim ədəbi
muhitimiz tamadalarla zəngindir. On-on beş adamı çıxmaq şərti ilə
demək olar ki, hamısı tamadadır. Bu tamadalar üstəlik cəmiyyətdən
hörmət tələb edəndə lap belə gülməli görünürlər. Uğura aparan
maşının motoru yalnız bir yanacaqla işləyir. Bu yanacağın adı alın
təridir ("Publika.az").
Tarix
2014.03.06 / 14:52
|
Müəllif
Seymur Baycan
|