Yuxarı

Salyanlı avtoritetin sadə həyatı və mürəkkəb qətli - Reportaj

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda Aydın Xəlilov adlı şəxsin 34 bıçaq zərbəsi alandan sonra güllələnməsi və üstündən maşınla keçilməsi xəbəri bir anlıq heyrət yaratdı. Adətən, amansız qətl hadisələrində adı bir o qədər hallanmayan və "qırmızı ölkə" sırasında olan Azərbaycanda belə qətl sensasiya sayıla bilərdi və sayıldı da.

Ölənin siyasi mənsubiyyəti isə diqqəti daha çox artırırdı. Elə bu səbəblə də Aydın Xəlilovun amansızlıqla qətlə yetirildiyi Salyan rayon Qaraçala kəndinə yollandıq.

Günorta çağı amansız qətl?

Hadisə fevralın 4-də, saat 14:30-da, A.Xəlilovun evinin 500 metrliyində baş vermişdi. Qətlin Azərbaycan üçün xarakterik olmadığını təsdiqləyən daha bir fakt: günorta çağı qətl və qatilin aradan çıxması? Azərbaycanda?

Elə dərdli qardaşın heyrəti də bundan başlayırdı:

"Oğlum, vallah başımı itirmişəm. Bilmirəm nə edim?! Axı niyə belə oldu?! Bu boyda kəndin içində, günün günorta çağında o boyda adamı öldürüb yolun qırağına atıblar, özləri də rahat çıxıb gediblər. Dövlətimiz bunu belə qoymamalıdır. Vallah, nə bilim e?!" - Aydın Xəlilovun böyük qardaşı Nazim dayı deyir.

"Aydın, harda qaldın, gəl də?!"

Martın 4-də baş vermiş məlum hadisəni heç kim görməsə də, müxtəlif fikirlər danışılır. Nazim dayı deyir ki, onlar gəlib Aydını çağıranda yoldaşı həyətdəki göyərçinlərə yem verirmiş. Aydını da məhz o çağırıb. Aydın isə ev paltarında qapıya çıxıb:

- Qardaşımın gec gəldiyini görən adamlardan biri belə dedi: "Aydın, harda qaldın, gəl də?!" Maşını elə saxlayıblarmış ki, nömrə görünməsin. Aydın tanımadığı adamın maşınına minməz. 100 faiz əminəm ki, onu tanıyırmış".

Hamı "mətbuat nağılını" soruşurdu

Yas yerində məni ilk qarşılayan elə Nazim dayı özü oldu. Söhbət etdiyimiz vaxtda 8-9 adam yaxınlaşıb mətbuatda deyilənlərin real olub-olmamasını dəqiqləşdirirdi: "Yazırlar ki, güllə ilə də vurublar. Sonra da üstündən maşınla keçiblər. Doğrudan elə olub?"

Bu tipli sualları çox eşitdiyi hiss edilən Nazim dayı sadəcə asta səslə, "Yox a kişi! Ancaq bıçaqla vurublar. Axşam ekspertizada dedilər ki, 34 bıçaq dəyib".

Başqası tərəfindən növbəti oxşar sual isə hər şeyi kulminasiya həddinə çatdırdı: "...Axı internetdə yazılmışdı maşın əlinin üstündən keçib, təkərin "şpor"larının izi qalıb?!"

Nazim dayının gözlərindən yaş gilələndi və titrək səslə: "Maşın keçməyib e... Biz ekspertizada baxdıq. Əlləri teyxa doğram-doğram idi. Buna bıçaq atanda əli ilə bıçağı tutub..." - dedi.

Başım açılsın ərizə yazacam

Aydın Xəlilovun qətlə yetirilməsi bəlkə də övladlarından çox bacısı oğlanlarını yandırırdı. Bacısı oğlu Müşfiq deyir ki, hələ də olanlara inana bilmir, ona yuxu kimi gəlir: "Yaralarını bir-bir yudum. Axırda həkimə yalvardım ki, heç olmasa, bunları tik. Sağ olsun, tikdi. Onu da başa düşürəm, onlar üçün bu, adi bir seydi. Hər gün görürlər bu işi".

Müşfiq dayısının güllələnməsi ilə bağlı yazılanlardan pis olduğunu deyir: "Yaraları özüm yumuşam. Güllə izi yox idi. Amma hansısa axmaq deyib ki, guya güllələnib. Qoy bir az başım açılsın, polisə ərizə yazacam. Görüm, bu xəbəri yayan vicdansız kimdir?!"

Yasda öyrəndiklərimiz

Aydın Xəlilov uzun müddət Rusiyada yaşayıb və kifayət qədər nüfuzlu şəxs olub. Onun heç kəsə əyilmədiyi, işinin xətri üçün kimsənin buyruq qulu olmadığı və buna görə də kriminal aləmdə avtoritet sayıldığı barədə fikirlər səsləndirilirdi. Amma kimsə onun ölümünü kriminal aləmdəki münasibətlərlə əlaqələndirmirdi.

Adına və hörmətinə görə sadə həyat yaşayan Aydın Xəlilov son vaxtlar təsərrüfatla məşğul olub, KXCP-nin də aktiv üzvlərindən deyilmiş. Əvvəlki dövrdən fərqli olaraq, bir kənara çəkilib, sakit həyatını yaşayırmış.

Ona görə də onun qətli, xüsusilə amansızlıqla öldürülməsi bir sual olaraq qalır: kim?

Tarix
2014.03.06 / 10:28
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla