Yuxarı

“Dəli Kür”ün Cahandar ağasıyla türmə xatirələrim

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onu ilk dəfə "voronok"da (voronok - dustaqları aparan maşın) gördüm. Ağır Cinayətlər Üzrə Məhkəmədən "gəlirdilər". Yolüstü Səbayel məhkəməsindən məni də "götürdülər". Hündürboy, qalın qaşları, sərt baxışları vardı.

Maşına minən kimi diqqətimi çəkmişdi. Qurşaqdan yuxarı çılpaq idi. Cavan bir oğlan dəsmalla onun tüklü sinəsinin, çiyinlərinin, kürəyinin tərini silirdi. Yaşlı, zabitəli adamdı. İsti iyun günəşi maşının dəmir tavanını qızdırmışdı. Nəfəs almaq mümkün deyildi. İri gövdəli, qarayanız, əzələli başqa bir cavan oğlan isə plastik qabdakı suyu hazır vəziyyətdə tutmuşdu. Mənə də yer elədilər, daha doğrusu, yaşlı kişi əli dəsmallı gəncə olduqca mehriban səslə:

- Amil, qıraq ol, bacoğlu otura bilsin, - dedi. Əlüstü "mehribanlaşan" dustaqların arasında oturdum və əlimdəki selafon paketdən su götürdüm, təşnə kimi başıma çəkdim. Yaşlı kişi baxışlarını kənara sürüyüb, bədənini silən gəncə tərəf döndü:

- Yaman dedin, a...

Gülüşdülər. Söhbətin nədən getdiyi mənə qaranlıqdı. Həm də buradakıların heç birini tanımırdım.

"Voronok" tən ortadan dəmir lövhələrlə ikiyə bölünmüşdü. Mənim də yerləşdirildiyim tərəfdə 8 dustaq vardı və bu 8 dustaq 9-cu dustaq olan məni "qəbul" etməkdə heç də qızırğananlara oxşamırdılar. 8 nəfərdən isə ən azı beş nəfərinin bir-birinə daha yaxın olduqları hiss olunurdu.

Səhv edirsən, bacoğlu

Ağsaqqal kişini sanki haradasa görmüşdüm, yaman tanış gəlirdi. Dustaq maşını Bayıl təcridxanasına yaxınlaşanda ağsaqqal bir də mənə sarı baxdı, baxışlarının ardıyca sözləri gəldi:

- Bacoğlu, səni niyə qıfıllayıblar, səndəmi düşmənə güllə atmısan?

- Yox, dayı, düşmənə güllə atanı tutmazlar, mənim işim başqadır.

- Səhv edirsən, bacoğlu, elə düşmənə güllə atanı tuturlar, – "ü" hərfini "u" kimi tələffüz edirdi.

Yadıma düşdü… bu adamı "Dəli Kür" filmindəki Cahandar ağaya bənzətmişdim. Baxışı, oturuşu, səsinin tonu, zəhmi...

Elə həmin gün öyrəndim ki, bu, məşhur Güləbirdli komandir Vaqif Cabbarovdur. Həmin gənclər isə - tərini silən oğlan nəvəsi Amil, əlində su tutansa oğlu Cəlal idi. O biri "podelnikləri" - yeznəsi, Amilin atası, o biriləri də hərbçi Mikayıl (onu oxucularımız bu layihəmizdən tanıyırlar) və başqa qohumları imiş.

Başqa "burjuy"lar kimi

Vaqif kişi ilə 10 saylı CÇM-də daha yaxından tanış olduq. Oğlu Cəlal ora göndərilmişdi. Vaqif kişi isə məhkəmə zalından azadlığa buraxılsa da, Baş prokuror tərəfindən hakimin qərarına protest verilmiş və 80-ə yaxın yaşı olan kişini yenidən həbsə atmışdılar. Və oğlu cəza çəkdiyi müəssisəyə göndərilmişdi. Ata-bala 10 saylıda olsalar da, o biri qohumları başqa CÇM-də idi.

O da başqa "burjuy"lar kimi Cəza Müəsisəsinin tibb məntəqəsində məskunlaşmışdı. Oğlu ilə bir palatada qalırdı...

Vaqif Cabbarov çox maraqlı, dünyagörüşlü, həm də zəngin bir adamdı. Atəşkəs dövründə böyük bir fermer təsərrüfatı yaratmışdı. Nəslini, qohum əqrəbasını başına toplamışdı. Onun haqqında əfsanələr danışılırdı. Onunla ilk şəxsi tanışlığım "içəridə" olsa da, haqqında "çöl"dən eşitmişdim. Müharibədə göstərdiyi şücaət barədə çox yazılmışdı. Onun yaratdığı və komandiri olduğu özünümüdafiə batalyonu ərazi bütövlüyümüz uğrunda qanlı döyüşlərdə iştirak etmişdi.

Hacı Məmmədovun bacısı yoldaşı

Vaqif dayı ilə tez dostlaşdım. "Bacoğlu Faiq" deyərdi mənə. Əliaçıq adamdı. Və bir çox "bedalaqaya" əl tutması ilə də çoxlarının rəğbətini qazanmışdı. Adam oğurluğunda və qətldə günahkar bilinərək ömürlük həbs cəzası alan Hacı Məmmədovun bacısı yoldaşı Xosrov dayı ilə söhbəti isə bir ayrı alınırdı. Hər ikisi yaşlı adamdı. Zahiri görünüşülərində də oxşarlıq vardı. Xosrov dayı gününü pişiklərlə keçirər, pişik balalarına süd verər, onları əzizlərdi. Belə məqamlarda Vaqif dayı "heyifdi, bu da Allahın heyvanıdı", - deyər və özünün cins itlərindən, atlarından bəhs edərdi...

Vaqif dayının hekayətləri bitmək bilməyən hekayətlərdi. Və çalışacam ki, o hekayətlərin bəzilərini yaddaşımın alt qatından üzə çıxarım.

Mənim əməliyyatlarımın çoxu erməni ərazisində olurdu

"Ermənini mənim kimi tanıyan az olar. Ta gənclik illərimizdən gediş-gəlişli olmuşuq. Həmişə də həyətimizin, qapı-bacamızın fəhləsi olublar. Onlarla yoldaşlıq edəndə gərək ehtiyatlı olasan. Nə isə, əvvəllər ara qarışmağa başlayanda oğul-uşağı, qohum-əqrabanı yığdım başıma. Əvvəlcə ov tüfəngləri ilə silahlanıb mal-qaranın, kəndin müdafisəinə qalxdıq. Müharibə başlayanda isə bizim xırda dəstəmizə könüllülər gəldi. Böyüdük. Bilirsən, bacoğlu, onların dizlərini qatlamışdıq. Allah haqqı, harda ki, "Vaqifin batalyonu gəlir" sözünü eşidirdilər, canlarına bit-birə düşürdü. Qafana qədər gedib girirdim. Mənim əməliyyatlarımın çoxu ermənilərin ərazisində olurdu. Döyüşçülərimin, eləcə də yaxınlıqda yerləşən hərbi birləşmələrin əsgərlərinin ərzaq təminatına qədər kömək edirdim. Ermənilərin bizm tərəflərdən apardıqları mal-qaranı, qoyun-quzunu basıb əllərindən alırdım, sahiblərinə də qaytarırdım. Amma müharibə qızışandan sonra əsl döyüş meydanında olmuşuq".

Heydər Əliyevin saatı

Vaqif kişinin oğlu İlyas müharibədə xüsusi qəhrəmanlıq göstərmişdi. Heydər Əliyevin fərmanı ilə ona Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdi. Nəvəsi 13 yaşından döyüşlərə qatılmış Amilə isə Heydər Əliyev qol saatı bağışlamışdı.

Casus

- Bəs sizi niyə tutdular? Doğrudanmı təhlükəsizlik xidmtinin əməkdaşı kimsəsiz, yetim adam kimi sizə sığınıb, gəlib sizin çobanınız kimi işə düzəlib? Siz doğrudanmı onu döyüb incidirmişsiz?

Bu suallarımın hamısına təmkinlə cavab verirdi. Və nədənsə bu adamın həqiqəti danışmasına çox inanırdım və bu gün də o inam məndən uzaq deyil. Vaqif Cabbarov sözün həqiqi mənasında bütöv adam idi. Xəstəliyi bəzən halının hədsiz pisləşməsinə qədər gətirib çıxarırdı onu. Belə anlarda həkimlərdən çox Xosrov dayı qayğısına qalırdı.

Bir dəfə CÇM-də Vaqif Cabbarov üçün növbəti məhkəmə quruldu. Onun cəza növünün dəyişdirilməsi üçün qurulan məhkəmədən sonra çox əsəbi idi. Niyəsi məlum olsa da, imkan tapıb niyə qanıqara olduğunu soruşdum.

- Bacoğlu, daha tükənmişəm, - dedi. - Sonra danışaram…

(Ardı olacaq)

Tarix
2014.03.05 / 17:58
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla