Yuxarı

Mirzə Xəzər: “Ər arvadına xəyanət edirsə…”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəyanət faktı hər zaman ailələrin dağılmasında əsas amillərdən biri olub. Son vaxtlar geniş yayılmış xəyanət halları Azərbaycanda da ailələrin dağılmasına yol açır. "Axar.az" bu mövzuda keçirdiyi sorğunu təqdim edir.

Xəyanətin xüsusi tərifi yoxdur

Yazıçı Cəlil Cavanşirin sorğuya münasibəti belə oldu: "Məncə, xəyanətin xüsusi tərifi yoxdur. Nə qədər insan varsa, xəyanət haqqında da bir o qədər fərqli fikirlər var. Mənə görə, ən dəhşətli xəyanət düşüncədə olan xəyanətdir. Əgər bir qadın düşüncəsində, xəyallarında sənin deyilsə, hər şey bitib deməkdir... Sevgisizlik və mənasız axtarışlar xəyanətin əsas səbəbidir".

Ailə də var, məşuqə də - klassik variant

Gənc yazar Fərhad Yalquzağın fikrincə, azərbaycanlı ailəsində xəyanət elə o ailənin özülü qoyulanda başlayır: "Bu ölkədə mentalitet, ağsaqqal-ağbirçək institutu, ibtidai icma quruluşundan qalma adət-ənənələr elə bir situasiya yaradıb ki, gənclər bir-birini yetərincə tanımadan ailə qurmağa məcbur olurlar. Bir-biri ilə ilk intim münasibətə ilk dəfə elə toy gecəsində girirlər. Sonra da məlum olur ki, bu xanım bu bəyin seksual tələbatını ödəmir - yaxud da əksinə. Ata-ana, qohum-əqrəba basqısı, onların nəvə gözləntisi bu yeni qurulmuş ailənin tez bir zamanda dağılmasına yol vermir - gənclər "palaza bürün, el ilə sürün" müdrik atalar sözünü əllərində bayraq tutaraq özlərini və gələcək uşaqlarını bədbəxt etmək yolunu tuturlar. Və xəyanət başlayır. Qadının bizim cəmiyyətdə xəyanət etmək imkanları azdır, bu səbəbdən o daha çox stress keçirdir - seksual tələbatın ödənməməsi insanda psixoloji gərginliyin yaranmasına, hətta psixikanın pozulmasına da gətirib çıxara bilər. Kişilər üçün xəyanət etməkdə problem azdır - onlar şəhərin hər tərəfinə səpələnmiş, restoran, bar yarlığı altında gizlədilmiş fahişəxanalara baş çəkərək öz seksual tələbatlarını ödəyə bilirlər. Bir az çox pul qazana bilənləri isə ev tutub özləri üçün məşuqə saxlayır - ailə də var, məşuqə də - klassik variant".

Xəyanət hər zaman olub

Kultroloq Aydın Xan Əbilovun qənaətinə görə, son vaxtlar bütün dünyada olduğu kimi, Azərbaycanda da boşanmalar və nişanqaytarmaların sayı həddindən artıq çoxalıb: "90 minə yaxın rəsmi nikahın 20 minə yaxın boşanma ilə nəticələnməsi, əslində cəmiyyətimiz və dövlət üçün böyük problemlər yaradır. Qeyri-rəsmi doğuluşların sayı durmadan artır. Xəyanət, xüsusən də məişət səviyyəsində onun formaları hər zaman olub, fəqət indi onların sayı durmadan kritik səviyyəyə qədər yüksəlib. İnsanlar TV, seriallar, sosial şəbəkələr, eləcə də internetdən gələn Qərb həyat tərzi, düşüncə texnologiyalarının təzyiqi altında yüngül həyat tərzinə, meşşanlığa yuvarlanırlar. Ən yaxşı tərəflərini deyil, mənfi təzahürlərin təsirinə düşən kişilərimiz həyatın şirinliyini içməkdə, narkotikdə, hətta mavilik və kişi fahişəliyində görür, qadınar isə manısçılığa meyllənir, ərə gedib bir uşaq dünyaya gətirəndən sonra boşanır, mənzili satdırıb yarı puluna bilet alıb Dubaya, Türkiyəyə asan pul qazanmaq dalınca yollanır. Hər iki tərəfin də əsas bəhanəsi ailədəki problemlər, xəyanət və cinsi zəiflik kimi insanın ən zəif tərəfləri göstərilir. Əslində isə xəyanət hər zaman olub, hətta İslamda onun qarşısını almaq üçün dördarvadlılıq və siğə kimi təsisatlar da düşünülüb tapılıb, Qərbdə isə daha sivil göstərdikləri vətəndaş nikahi kimi formalardan, ya da azad sevgi, İsveç ailəsi kimi formatlardan yararlanıblar".

Vicdan, qürur, mənlik olmayan yerə xəyanət kök atar

Xanım İsmayılqızı xəyanəti arxadan zərbə, üzün itməsi, suyun bulanması kimi xarakterizə etdi: "Xəyanət insanlıq bağlarının qırılması, özülün laxlaması və nəhayət birliyin parçalanmasıdır. İstər ailədə, istər dostluqda xəyanət, daxili natəmizlikdən yaranır. Vicdan, qürur, mənlik olmayan yerə xəyanət kök atar".

İnsanlar ailədə darıxanda xəyanət başlanır

Şair Qulu Ağsəs sorğumuzu özünəməxsus şəkildə cavablandırdı:

"Xəyanətin kökü insan təbiətindədi. Təbiət rəngarəng olanda sevinirik. Xəyanətə sevinməsək də, onunla hesablaşmalıyıq. Sunami ilə nə etmək olar? Heç nə. Xəyanət də elə bir şeydir.

İnsanlar ailədə darıxanda xəyanət başlanır. Gərək bir-birini darıxdırmayalar. Bu zaman sunami başlayır.
İnsan təbiətində baş verən dəyişikliyin bir adı da xəyanətdir. Maraqlıdır ki, belə sunamilər sunaminin vətəni Yaponiyadan uzaqlarda daha çox baş verir, lap xırda gilavarla xəzrinin dolaşdığı bizim ellərdə…"

Əməkdar artist Şövqi Huseynov sorğumuza cavab olaraq "ailə" və "xəyanət" anlamlarının bir-birinin yanında işlənməsinə münasibətinin çox pis olduğunu vurğuladı.

Mənim dünyamda xəyanət arxadan vurulmaq deməkdir

Mirzə Xəzər: "Mənim dünyamda xəyanət arxadan vurulmaq deməkdir. Ər arvadına xəyanət edirsə, ona arxadan zərbə vurur. Arvad ərinə xəyanət edirsə, ərinə arxadan zərbə vurur. Lakin ailədə xəyanət məfhumunun tərkibində əxlaq anlayışı da rol oynayır. Maraqlı olan odur ki, bizim mədəniyyətdə ər arvadı aldadanda (ona xəyanət edəndə) kişiyə əxlaqsız deyilmir. Amma qadın ərini aldadanda, ona xəyanət edəndə - qadına əxlaqsız deyilir. Ailədə xəyanətlə dostluqda xəyanət arasında oxşarlıq da var, fərq də. Oxşarlıq ondan ibarətdir ki, ərlə arvad da dostdurlar və biri-birini aldadırlarsa, bir-birinə xayənət etmiş olurlar. Çünki biri-birinə arxadan, gizlində, gözlənmədən zərbə vururlar. Dostun dosta arxadan xəncər saplaması vətəndaşın öz dövlətinə xəyanətindən fərqlənmir. Dost da, dövlət də xəyanət nəticəsində ziyan görür. Hər iki halda etibara, etimada xəyanət edilir. Xainlik şəxsiyyətin eroziyasından, xudbinlikdən, zəiflikdən, paxıllıqdan, məkrdən, qürurdan, mənfəətpərəstlikdən, nankorluqdan, acgözlükdən, nəfsə hakim olmamaqdan doğur. Xainlik və xəyanət insanın ən çirkin duyğu və hisslərinin təcəssümüdür. Bu səbəbdən cəmiyyətdə mənəviyyatsızlıq artdıqca, xainlik və xəyanət də artır.

Tarix
2014.03.05 / 09:00
Müəllif
Lalə Novruzlu
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla