Yuxarı

Məhəbbət bütün nikahlardan daha yaxşıdır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransız yazıçısı Viktor Hüqonun sevgilisindən ötrü həyatda müvəffəq olduğu hər şeyi qurban verən aktrisa Jülyetta Drueyə olan son dərəcə qeyri-adi məhəbbətinin tarixçəsi insan təxəyyülünü heyran qoyur.

Viktor Mari Hüqo 26 fevral 1802-ci ildə Bezansonda Lotaringiyadan olan kapitanın ailəsində dünyaya gəlib. Doğulduğu gündən Viktorun tərbiyəsi ilə anası Sofi Trebuşe məşğul olmuşdu. Özünün hökmlü və iradəli xarakteri sayəsində o, oğluna heç bir sərbəstlik verməmişdi. Gələcək şairin romantik təbiəti sevgi həsrətində idi, ancaq zabitəli ana gəncə ilk məhəbbəti Adel Fuşe ilə görüşməyi qəti qadağan etmişdi. Yalnız anasının vəfatından sonra atası o zaman artıq 19 yaşında olan gəncin iztirablarına son qoyaraq sevgilisi ilə görüşməyə icazə verir. Hüqonun şair kimi yetişməyi də bu dövrə təsadüf edir. Onun ilk şeirlər toplusu kral XVIII Lüdovikin çox xoşuna gəlir və o, gənc şairə ildə 1200 frank təqaüd təyin edir. Bu təqaüd lap yerinə düşür: belə ki, 12 oktyabr 1822-ci ildə Adel və Viktor Sen-Syülpis kilsəsində nikahlanırlar.

Onlar xoşbəxt evlilik həyatı yaşamışdılar. Ərini sevən qadın Viktora beş övlad bəxş etmişdi, Hüqonun özü isə nəinki təkcə romançı kimi, həm də dramaturq kimi tanınmışdı. Onun pyesləri böyük uğur qazanmış və Fransanın ən yaxşı səhnələrində tamaşaya qoyulmuşdu. Viktor məşhurlaşıb zəngin olmuşdu.

Xoşbəxt ailə həyatına otuz yaşlı Viktorun gənc aktrisa Jülyetta Drue ilə görüşü son qoyur. Bu görüş Paris teatrlarından birində dramaturqun "Lukretsiya Borcia" pyesinin məşqlərində baş tutur. Jülyetta bu pyesdə kiçik, ancaq çox parlaq bir rolu ifa edirdi.

"Təcrübəli" kurtizanka

Madmazel Drue Parisin ən gözəl və parlaq qadınlarından biri kimi məşhur idi. Gənc olmasına baxmayaraq (onlar görüşərkən aktrisanın cəmi iyirmi altı yaşı var idi), sadə xalq arasından çıxan Jülyetta "təcrübəli" kurtizanka idi. Ağıllı azadlıqsevər qız təmtəraqlı həyat keçirir, çoxsaylı sevgililərinin hesabına daş-qaş və qiymətli libaslar alırdı. O, daima aşağı təbəqədən çıxan qızın da təhsilli, mədəni olub əyanlar mühitində tanına biləcəyini sübut edərək restoranlara və təntənəli zadəgan ziyafətlərinə getməkdən həzz alırdı.

Həyatını alt-üst edən

Jülyetta Viktora dəlicəsinə aşiq olur. Uzun on bir ili məhəbbət işlərində o qədər də məharəti olmayan Adellə yaşayan şair isə heç ağlına da gətirə bilməzdi ki, qəlbində Jülyettaya qarşı yaranan qəfil məhəbbət utancaq və cəsarətsiz gənci əzmli və təkəbbürlü kişiyə çevirərək onun bütün həyatını alt-üst edəcək.

Onların əlli il sürən sevgi əlaqələri coşqun məhəbbət və ruh düşkünlüyü mərhələlərindən keçmiş, həyəcanlı və iztirablı eşqə sevinc bəxş etmiş, Viktorun ani xəyanətlərinin acılarını yaşamışdı. Jülyetta Viktora əsl məhəbbət və hərarətli eşq dəsri keçmişdi. Aktrisa şairin qəlbinə elə hakim olmuşdu, o, uzun illər sonra Jülyettaya etiraf etmişdi ki, iki ad günü qeyd edir: 26 fevral 1802-ci il – dünyaya gəldiyi gün və 16 fevral 1833-cü il – sevgilisi ilə ilk görüş günü.

Qanadları böyüyən mələk

Onların coşqun sevgi macərasından bir il sonra Hüqonun Jülyettaya həsr olunmuş "Klod He" povesti çıxır. Viktor əsərin titul səhifəsində yazmışdı: "Qanadları böyüyən mələyimə".

Onların məhəbbətinin səsi-sorağı hər yanı bürüyür, dostları hərdəmxəyal aktrisa ilə məhəbbət sərgüzəştlərinə son qoymaq üçün yazıçını dilə tuturlar. Hüqo dostlarının təklifinə cavab verərək deyir ki, bu məhəbbət münasibətini kəsmək niyyətində deyil, çünki onun sayəsində özünü "günahsız və namuslu olduğu vaxtlarından daha yaxşı hiss edir". Yazıçının sevgilisi isə səhnəni tərk edərək, çoxsaylı pərəstişkarlarından və zadəgan mühitindəki əyləncələrdən uzaqlaşaraq Sent-Anastaz küçəsindəki kiçik evdə guşənişin olur.

Yazıçının ardınca

Jülyetta Drue aktrisalıq karyerasını qurban verdikdən sonra indi tamamilə Viktor Hüqoya məxsus olur. O, Hüqonun kölgəsinə, eyni zamanda həm qoruyucu mələyinə, həm də sevgilisinin bütün arzularını sözsüz yerinə yetirərək onun köləsinə çevrilir. Jülyetta Hüqonun şəxsi arxiv işlərini aparır, onun əlyazmalarını köçürürdü. Viktor Fransadan qovulduqda isə Jülyetta yazıçının ardınca Hernsi adalarına gedir.

Qısqanc sevgili əsl tirana çevrilir. Hüqo Jülyettaya evdən tək çıxmağı qadağan edir və o, bəzən bir neçə gün Hüqonun kənardakı çoxsaylı məhəbbət sərgüzəştlərindən sonra nə zaman dönəcəyini gözləyirdi. Jülyetta saymışdı ki, təkcə bir il ərzində Viktor orta hesabla 200 sevgili dəyişib. Ancaq növbəti sevgi macərəsını yaşayan Hüqo yenidən və yenidən öz Jülyettasına qayıdardı. O isə sanki özünün heç də təmiz olmayan keçmiş həyatını yuyurmuş kimi dözürdü, bağışlayırdı və sevirdi.

Viktor Hüqo öz sevgilisinə məşhur "Dan şəfəqi nəğmələri" toplusunu ithaf etmişdi. O, etiraf edirdi ki, Jülyettaya olan sevgisi dünyada hər şeydən, hətta Allahdan, qızlarından və şöhrətdən də vacibdir. Və yalnız Jülyetta onun ən zərif duyğularına layiq "həqiqi arvadıdır".

Sevgilisinin doğum günündə ölüm

Yazıçının qanuni arvadı Adel ölümündən əvvəl hətta Jülyetta Druedən bağışlanmağını rica etmişdi. Onun vəfatından sonra 1868-ci ildə Jülyetta nəhayət ki, öz sevgilisi ilə birləşmiş və həyatının son anınadək ondan ayrılmamışdı. O, 11 may 1883-cü ildə Viktoru böyük və boş evdə tamamilə ümidsizlik içərisində qoyaraq bu dünyanı tərk etmişdi.

Viktor onu son mənzilə yola salmaq üçün özündə güc tapa bilmədi. Həyat bütün anlamını itirmişdi. Viktor Hüqo 22 may 1885-ci ildə öz Jülyettasının ad günü vəfat etmişdi.

Onların - Hüqonun yazdığı 15 min məktubdan və Jülyettanın yazdığı 17 min məktubdan ibarət olan - məktblaşmaları nəvaziş, həyəcan və böyük məhəbbətlə doludur. Viktor Hüqo ölümündən əvvəl sevgilisinə yazdığı son məktbunda isə sanki ona verdiyi əzablara görə əfv diləyərək öz şəklini Jülyettaya "təqdim edir". Şəklin arxasında isə bu sözlər yazılmışdı: "50 illik məhəbbət. Bu, bütün nikahlardan daha yaxşıdır".

Tərcümə etdi:

Təhminə Bədəlova

Tarix
2014.03.05 / 00:15
Müəllif
Təhminə Bədəlova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla