Yuxarı

Mən dünyada yeganə adamam ki…

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elçin İsgəndərzadəni "Qəfil qonaq" olaraq "yaxalamaq" çox çətin oldu. Nə vaxt qapısını döymək istədim, evdə tapılmadı. Telefonuna zəng vurdum, cavab verdi, gah İngiltərədə, gah da Almaniyada olduğunu dedi. Türkiyədən, Kiprdən, ABŞ-dan, Rusiyadan, Avropanın demək olar ki, bütün ölkəsindən sorağı gəldi. Azərbaycana gəlişini gözlədim.

Vaxtı olsa, Azərbaycana da gəlsin

Azərbaycana gələndə isə, qonaqlar, tədbirlər... Sorağını Gəncədən, Qubadan aldım. Türkanda - bağ evində olanda isə görüş ümidim artdı... Evə dönəndə isə həmişə gecə yarı oldu. Yadıma bir vaxtlar uşaq yazıçısı, rəhmətlik Əli Səmədlinin mənim kimi naəlac qaldığı vaxtda Elçin müəllimin o zamanlar orta məktəb şagirdi olan qızı Aydana dediyi sözlər düşdü: Qızım, atan evə zəng edəndə, deyərsən vaxtı olsa, Azərbaycana da gəlsin... Bu söhbəti mənə qəfil qonağı olacağım ev sahibi – professor, Texnika elmləri və filologiya elmləri doktoru Elçin İsgəndərzadə özü danışmışdı...

Pəncərənin işıqları məni "çağırdı"

Axır ki, Elçin müəllimi təsisçisi olduğu "Vektor" Beynəlxalq Elm Mərkəzinin ofisində tuta bildim. Mərkəzin ofisi elə tanınmış şair-alimin yaşadığı evin həyətində yerləşir. Ofisin işığı gecədən keçmiş yanırsa, demək, professor buradadır. Nəhayət, pəncərənin işıqları məni "çağırdı". Elçin müəllimlə qonşu olduğuma görə son vaxtlar onu güdməyə alışmışdım. Saat düz 12 tamamdır. 00:05 dəqiqədə ofisin qapısının zəngini basıram. Gözlükdən çölə süzülən işığın qarşısı alınır, kimsə çölə baxır, qəfil və gecədən keçmiş qonağın kim olması əlbəttə dəqiqləşməlidir.

Qapı açılır.

- Hacı, niyə görünmürsən? – köhnə dostluğumuzun verdiyi ərkdən sui-istifadə edib şəkillərini çəkirəm.

- Heç 10 dəqiqə yoxdur ki, gəlmişəm. İstanbul Universitetinin alimləri Bakıdadır, onlarla idim. Otelə yola salıb gəlmişəm.

Ürəyinə bax e, özün qəfildən gəldin…

- Bütün günü onlarla olmusan?

- Yox. Gündüz vaxt tapıb Adil Mirseyidlə görüşdüm, maşallah, yaxşılaşıb. Tofiq Abdini xatırladıq. Heç adam onun ölümünü gözləmirdi. Dostlar sıramızı tərk edir... Sən də 50-ni qoydun arxada, hədiyyəni hazırlamışam, sabahda-zadda zəng edəcəkdim, martın 5-də Almaniyaya gedirəm... ürəyinə bax e, özün qəfildən gəldin...

- Elə, "Qəfil qonaq" lahiyəsi üçün qapını döydüm... Səni harada tutsaydım, orda da danışdıracaqdım. Səni evdə tutmaq mümkün deyil axı... Azərbaycana gəldinmi, demək, evinə gəlmisən.

Xeyli söhbət edirik. Elçini atası rəhmətlik Barat dayını xatırlayırıq.

- Bilirsən də, atam səni çox istəyirdi. Mən burda olmayanda həmişə arxayın olmuşam ki, sən varsan...

-Yaxşı, Hacı, dedin qonaqların vardı, kimlər idi?

- İstanbul Universitetinin professorları Salih Efiloğlu, Muxtar Andiç, Ahmet Oğuzla bir ortaq iş görürük. Almaniyada keçiriləcək bir elmi konfransa qatılacağıq,"Maşınqayırma məhsullarının keyfiyyətinin yüksəlməsi" haqda. Bu, qlobal bir problemdir. Təşəbbüs bizdən olub. Bizim Texniki Universitet və İstanbul Universitetinin texniki şöbəsi birgə tenderdə iştirak edəcək...

Burda xüsusi ilə qeyd edim ki, Elçin Azərbaycan Texniki Universitetinin Metrologiya və standartlaşdırma kafedrasının professorudur. Onlarla ixtiranın müəllifidir.

- Bilirsən, dostlardan biri haqqımda yazmışdı ki, Elçin peyvənd olunmuş tut ağacı kimidir. Yarısı qara tut, yarısı ağ tut gətirir. Məndə belədir, elmi araşdırmalarım və ədəbi yaradıcılığım 50-nin 50-yədir. 30 ildir ədəbiyyatın içindəyəm. Bu yaxınlarda Cavid haqda poemamı bitirdim. Oxuyanlar deyir, yaxşı alınıb. Azər Turanın çox xoşuna gəlib. Təsəvvür elə, elmi məqalə işləyirdim, fikrim qalırdı poemanın yanında, yarımçıq qoyub, poemaya keçirdim.

Mən dünyada yeganə adamam

- Maşınqayırma sahəsində kifayət qədər iş görmüsən. İxtiralar, səmərələşdirici təkliflər… Elə ədəbi sahədə də uğurların az olmayıb, şeirlər, poemalar, tənqidi məqalələr, manoqrafiyalar…

- Mən dünyada yeganə adamam ki, həm texnika elmləri doktoru, professoruyam, həm də filologiya... Amma əslində özümü daha çox ədəbiyyata bağlı adam hesab edirəm.

- Amma kitablarına fikir verirəm, elmi araşdırma kitabların da az deyil.

- 200-ə yaxın elmi məqaləm dünyanın 80-ə yaxın ölkəsində dərc olunub. 47 ixtiram var. Keçmiş SSRİ-də ixtiralarım yaxşı qəbul olunub. Müstəqillik zamanında Rusiya Federasiyasında, Türkiyədə, Bolqarıstanda, Almaniyada və Azərbaycan da... İxtiralarımın, Mərkəzi ofisi Almaniyada olan Avropa Patent Komitəsinin şəhadətnaməsi var. Bu ixtiralar mənə 2009-cu ildə Avropanın əməkdar ixtiraçısı, 2010-cu ildə isə fəxri alimi adını qazandırıb.

- Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya komisiyasının üzvüsən…

- Elədir. Bu komissiyanın 15 üzvü var və çox böyük məsuliyyəti olan bir komissiyadır.

Nə istəyirsən elə

- Elçin müəllim, bayraqlara, sənə verilən mükafatlara fikir verirəm. Adamda belə təəssürat yaranır ki, səni bizdən çox kənarda tanıyırlar.

- Mənim də taleyim belədir. Hər kəs bacardığı qədər ölkəmizin təbliğatı ilə məşğul olmalıdır. Bilirsən ki, Almaniyada 5.000.000 türk yaşayır. Münasibətlər normaldır. Onların vasitəsilə nə isə etmək mümkündür və mən öhdəmə düşəni edirəm. Almaniyada böyük bir türk iş adamı var. Yüksəl Dükan adlı bu adamın çoxlu sayda fabrikləri, şirkətləri var. Hündürmərtəbəli ofisinin 12-ci qatında 200 kv. metrlik bir sahəni mənə verdi. Dedi, nə istəyirsən elə. Burada onun köməkliyi və dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzi yaradırıq.

Divar boyu asılmış şəkillərə baxıram. Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl, Kiprin prezidenti olmuş Rauf Denktaş, dünya şöhrətli yazıçı Çingiz Aytmatovla çəkilən şəkillər... Makedoniyanın, Qazaxıstanın, Belçika krallığının, Boqarıstanın və digər ölkələrin başçıları ilə qəbullardakı fotolar... mükafatlar, orden-medallar. Qılınc, qoşalülə tüfəng, saz və digər şərq musiqi alətləri… bura əslində bir muzeydir və qiymətli eksponatlar var.

Hacı Elçin İsgəndərzadə həm də xeyriyyəçidi…

- Elçin bəy, sirr deyil ki, siz həm də "Vektor" nəşrlər evinin təsisçisisiniz. Bu vaxta qədər öz hesabınıza neçə kitab dərc etmisiniz?

(Siyirtmədən kitabça çıxrıb vərəqləyir. Məlum olur ki, 580 kitab dərc olunub. 3 kitab isə bu gün-sabah nəşr olunacaq.)

- Bu kitablardan 200-ü dünya türk yazarlarının, türk dilli dövlətlərin tarixi ilə bağlıdır. 380-i isə Azərbaycanla bağlıdır ki, bunun da 300-ü ədəbiyyat, 80–ni elmi əsərlərdir… Dünya türk yazarlarına, öz yazarlarımıza mükafatlar vermişik. Şahmar Əkbərzadə adına Beynəlxalq ədəbiyyat ödülümüz var… Bu ödülə layiq olanların həm də tərəfimizdən kitabları dərc olunur…

Gecədən xeyli keçib, söhbəti Elçin müəllimin ictimaiyyət üçün qapalı tərəfinə yönəldirəm:

- Bu gediş-gəlişlə xanımınızı çox intizarda qoymursuz ki?

Gülür:

- Xanımım harda olur ki? Çox vaxt elə o da mənimlə gedir. "Vektor Elm Mərkəzi"nin təsisçilərindəndir. Elm adamıdır. Elimlər namizədidir.

- Uşaqlarınız, maşallah, təhsil aldılar, yüksək balla qəbul olundular…

- Böyük qızım Ayşən magisraturanı Londonda oxuyurdu. Xanımımla tez-tez gedirdik yanına. İndi ARDNŞ-də çalışır. Yaxşı mütəxəssisdir. Neft Şirkətinin elmi tədqiqat inistitunun doktorantıdır. Kiçik qızım Aydan isə həkimdir. Həyat yoldaşı İstambulun "Bahat" xəstəxansının tanınmış cərrahıdır. Qızım orda praktikada olanda tanış olublar. Ailə qurdular. Yoldaşı Azərbaycanda çox tanınan tibb sahəsinin məşhur həkimlərinin nəslindəndir. Onu İstanbula dəvət ediblər. Orda işləyirdi. Oğlum Əli isə hələ orta məktəbə gedir…

Elə bu zaman evin xanımı Afət xanım zəng edir. Gecədən xeyli keçdiyinə görə, həyat yoldaşının ofisdə ləngiməsi xanımı narahat edib.

- Burdayam, səni Faiqə tərifləyirəm, - zarafat edir. Afət xanım vaxtın çox gec olmasına baxmayaraq, çay tədarükü görür. Söhbətə mane olmur.

Səni mənə calayanı…

- Necə tanış oldunuz, ulduzlarınız necə oldu barışdı?

- Yerlimizdir. Bilirsən ki, mən Şuşanın Malıbəyli kəndindənəm. Sonradan atam Ağdamın Əhmədavar kəndində torpaq alıb ev tikdi. 7 yaşımdan sonra ora köçdük. Afətin xalası Lyuba xala bizimlə qonşu idi və anamla rəfiqə olmuşdular. Təşəbbüs də elə Lyuba xaladan olub. Anama tərifləyib bacısı qızını, anam da mənə tərifləyəndə, artıq gecikmişdilər. Çünkü uşaqların gələcək anasını artıq görüb bəyənmişdim… Amma üz vurmadım, elə onların düşündüyü kimi qalsın, dedim. Arada əsəbiləşəndə zarafata salıb "səni mənə tuşdayanı…" deyirəm, amma daha çox alqışa layiqdir o insanlar…

- Hər şeyin var, maşallah, ad, san, şöhrət, elmi adların titulların, dostların, başını uca edən balaların, amma nəsə omalıdır axı, səni narahat etsin?

- Mən Şuşada çox olmuşam. Uşaqlığım, yeniyetməliyim orda keçib. Cıdır düzündə bir qaya var. O qayada Sabir Rüstəmxanlının, Çingiz Əlioğlunun, rəhmətlik Nüsrət Kəsəmənlinin döyüilmüş adları var… Yeniyetmə və gənclik illərimdə o qayaya o qədər baxmışam ki… Həmişə istəmişəm ki, mənim də adıma bir qaya olsun orda. Adımı ora yazacaq səviyyədə şair olum. İnan, o qaya həmişə yuxuma girir. Cıdır düzündə o qədər tək, özüm–özümlə söhbətlər edərdim ki…

Şair-alim Hacı Elçinlə söhbətimiz qonşunun həyətindəki xoruzun ilk banına qədər çəkir. Ayağa dururam. Qəfil gəldiyim kimi də, qəfil də sağollaşıram…

Tarix
2014.03.04 / 17:19
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla