Yuxarı

Bir qadın uğur gətirər, uğur isə qadınları - Dahilər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün yaradıcı insanları dahi edən, onlara ilham verən ecazkar və ovsunlayıcı qadınlardır. Onları özlərinə cəlb etmək isə dahilər üçün bir o qədər də çətin olmur. Yazılar, əsərlər, bəstələr kifayətdir. Bu ilham pəriləri onların növbəti əsərlərin qəhrəmanı olsa da, bəzən elə ölümləri də onların əlindən olur.

... arvadınız yaxşıdırsa xoşbəxt, pisdirsə filosof olarsınız

Qadın sarıdan bəxti gətirməyən dahilərdən biri qədim yunan filosofu Sokrat olub. Deyilənə görə, Sokrat ömrünün axırınacan bir qadınla yaşayıb. Rəvayətə görə, bir dəfə yaxın dostu ilə evlərinə gələn Sokrat arvadının həmişəki kimi deyindiyini görüb, sakitcə keçib əyləşir. Həyat yoldaşı isə Sokratın dostuna məhəl vermədən tənbehinə davam edir. Sokratın hələ də susduğunu görən qadın hirsindən əlindəki bardağın suyunu Sokratın başına tökür. Sokratın son dərəcə soyuqqanlığını görən dostu "niyə arvadının cavabını vermədin?" - deyir. Sokrat isə "göy guruldayandan sonra, həmişə yağış yağır", - cavabını verir. Elə bu səsbəbdən də sonradan məşhur olan "Evlənməkdə qorxulu heç nə yoxdur. Sadəcə, əgər arvadınız yaxşıdırsa xoşbəxt, pisdirsə filosof olarsınız" aforizm yaranıb.

Sivil insanın seksual həyatı ciddi şəkildə şikəstdi

Tanınmışlar arasında unudulmaz eşq yaşayan şəxsiyyətlər də olub. Onlardan biri avstriyalı nevroloq Psixoanaliz təliminin banisi Sigizmund Freyddir (22 yaşında olanda adını dəyişib Ziqmund qoyur). Onun ilk sevgisi qonşuluqdakı qıza olur. Ziqmund intelligent yəhudi ailəsindən olan Marta Bernesə vurulur. O, ailə qurmaq üçün lazımi maddi durumu olmadığından istəməsə də, xəstəxanada işləməliydi ki, evlənə bilsin. Freyd Martanı o qədər sevir ki, ona qovuşmaq üçün etməyəcəyi bir şey olmur. Freyd sevdiyi qədər də qısqanc idi. O, Martadan bütün sevgisini tam tələb edirdi. Nişanlısına məktubunda "Bundan belə öz ailənizdə yalnız qonaq kimi yaşaya bilərsiniz. Əgər mənə görə ailənizdən imtina edə bilmirsizsə, məni itirəcək, öz həyatınızı heçə döndərəcək, ailə həyatında xoşbəxt ola bilməyəcəksiniz. Mənim xasiyyətimdə tiranlıq hiss olunur", - yazırdı. Martaya yazdığı məktubların sayı 1500-ü keçmişdi. Qonşuluqda yaşamasına baxmayaraq, gecə-gündüz məktublaşan bu iki gənc yalnız 4 ildən sonra evlənə bildi. Hətta Freyd sevimli Martasına qovuşana qədər bakir olub. O, 30 yaşına kimi gözləyir və zifaf gecəsinə kimi bakir yaşayır. Bəziləri onun cinsi azlıqların nümayəndəsi hesab etsə də, seksual pozuntular üzrə mütəxəssisin "seksual azğınlığından" söhbət belə gedə bilməzdi. 10 illik evlilik ərzində onların 6 uşağı dünyaya gəlir. Lakin bu böyük sevgi hekayəsi tezliklə məhv olur. "Ailədə bir-birinə incə sözlər deməyənlər tədricən münasibətlərinin təravətini itirir və paslı qıfıla çevrilirlər", - deyən Freyd 52 yaşına çatanda öz ailə həyatından bezməyə başlayır. Bütün günü işləyən Ziqmund sevimli Martasının balaca bacısı Minna ilə görüşməyə də vaxt tapırdı. "Biz ikimiz də Martadan (arvadı) fərqli olaraq itaətsiz və pis adamlarıq", - deyən Freyd, deyəsən, yenidən vurulmuşdu. Baldızını arvadı Marta qədər sevməsə də, günün boş vaxtlarını ona sərf edirdi. Lakin onu daha tez unudur və ondan soyuduğundan qadın Freydi tərk edir. Bundan sonra Freyd intim münasibətlərdən tamamilə imtina eləyir. Hətta Amerikaya məruzə oxumağa getdiyi dövrdə dostlarından birinə amerikan fahişlərindən şikayət edir. Dostu ona bunu təbii yolla həll etməyi məsləhət görəndə "Sən nə danışırsan? Mən axı evliyəm", - cavabını verir. Freydə görə, mədəniyyət insanın seksual instinktini boğaraq onun şəxsiyyətinin formalaşmasına xidmət edir. Bu səbəbdən də o, intim hisslərdən qaçaraq psixologiya ilə məşğul olur. "Sivil insanın seksual həyatı ciddi şəkildə şikəstdir" sözünü isə Freyd məhz ömrünün sonuna qədər özünə aid edir.

Bir vaxt sevib hörmət bəslədiyim qadını atsam…

Bəzi dahilər isə qadın tərəfdən bəxti gətirib-gətirmədiyini bəlkə heç özü də ömrünün axırına kimi bilməyib. Əgər bir dahinin ən gözəl əsərləri sevdiyi qadinla bərabər olduğu illərə təsadüf edir və elə ölümü də o qadının əlindən olursa, bunu necə izah etmək olar? Cavabı təkcə biz deyil milliyyətcə polyak olan dahi fransiz pianoçu və bəstəkarı Şopen özü də tapa bilmirdi. O, yaradıcılığının ən gözəl əsərlərini Fransa ədəbiyyatının kişi üzlü qadın yazıçısı Jorj Sandla (Avrora Düdevan) münasibətləri dövründə yazıb. Lakin nə bilərdi ki, onu yaradıcılığın pik nöqtəsinə çatdıran və onu bu zirvədən aşağı atan da elə bu qadın olacaq. Əslində, ilk vaxtlar Şopen Jorj Sandı heç də bəyənməmiş və üstəlik valideynlərinə məktubunda "Mən Jorj Sand təxəllüsü ilə yazan məşhur yazıçı qadınla tanış oldum. Onu heç bəyənmədim. Üzündə elə bir ifadə var ki, məni özündən çiyrindirir", - yazmışdı. Lakin bir gün yorğunluqdan həmişəki kimi pianoya sarılıb improvizə edən Şopen başını bənövşə ətrinin qoxusuna qaldırır və onu "özündən çiyrindirən", daxilini görməkçün qara gözlərini bəstəkara zilləyən sadə geyimli Jorj Sandı görür. Elə bu görüş və bu baxışlar Şopenin həyat və yaradıcılığının 10 ilinin ən pik dövrü olur. O ən gözəl, xüsusilə də məhəbbətdən bəhs edən əsərlərini Sandlı illərində bəstələyir ("Təhminə" filmində səslənən prelüdü yada salın). Lakin ömrünün, yaradıcılığının və Şopen üçün ən vacib olan ehtirasının yüksək nöqtəsində bəstəkar vərəmdən yatağa düşür. İndi ona ən laızm olan insan Sand olsa da, artıq o, yox idi. Şopeni elə yatağa düşdüyü gün "zəif və kobud" kimi qiymətləndirib tərk etmişdi. Ürəyinin dərinliyinə kimi inciyən bəstəkar "Mən indi bir vaxt sevib hörmət bəslədiyim qadını atsam, onun romanını tarixə, özünü isə ümumi nifrət üçün səbəbə çevirə bilərəm", - deyə yazırdı. Ayrılıqdan bir il sonra Şopen sağalır və bir gün Jorj Sandla qarşılaşırlar. Sand onun yaxşı olduğunu görüb bəstəkara verdiyi bütün ağrı-acıları yada salaraq münasibətlərin yenidən qurulması üçün birinci əl uzadır. Lakin Şopen geri çəkilir, bir kəlmə də danışmadan oranı tərk edir. Bir neçə ildən sonra Şopen vəfat edir. Köhnə sevgilisi isə onun dəfninə heç bir gül dəstəsi də göndərmir. Və onu bu qədər sevən yazıçı sevgilisindən düz 27 il sonra vəfat edir.

Özümü Xoqartların qurbanı kimi hiss edirəm

İngilis cəmiyyətinin mətbuata marağını artıran və qəzetlərin tirajlarını yazıları ilə çoxaldan reportyor, əvvəllər qəzetçiliklə, sonradan isə yazıçılıqla məşhurlaşan Çarlz Dikkens isə ömrü boyu arzuladığı qadına sahib ola bilməyib. Onun üçün Merinin yeri həmişə boş qalıb. Ketrin adlı bir qadını sevən Çarlz ondan "hə" cavbını almaq üçün o qədər də əziyyət çəkməyib. Qara saçlı, mavi gözlü Ketrin Xoqart Dikkensin dostunun qızı idi və onun həyat yoldaşı təsəvvürünə tam uyğun gəlirdi. Lakin İngiltərədə normal qəbul edilən, ərə getmiş qadının subay bacısının (Merinin) onların evində yaşadığı vaxta qədər. Çarlz baldızı Meriyə vurulmuşdu. Qadın da ona qarşı laqeyd deyildi. Lakin onlar bunu dostluqdan başqa bir şey adlandırmırdılar. Ketrin evin qayğılarını çəkərkən teatra Meri və Çarlz gedirdi. Bir gün onlar evə qayıdarkən Meri gözlənilmədən yerə yıxılır və Çarlz onu qucağına alaraq möhkəm sıxır, onu son nəfəsinə qədər buraxmır və son sözlərini də elə Çarlza deyir. Dikkens onun ölümündən sonra Merinin üzüyünü çıxarıb çeçələ barmağına taxır və ömrünün sonuna qədər o üzükdən ayrılmır. Çarlz Dikkensin 10 övladının anası Ketrindən və son ehtirası 18 yaşlı Ellenindən sonra başqa məhəbbəti olmur. Hətta digər baldızı Corciana da ona dəli kimi vurulmasına baxmayaraq, Çarlz ona yaxınlıq vermir. Evdəki vəziyyəti son dərəcə kəskinləşən yazıçı arvadının ailəsi Xoqartlar tərəfindən ittiham olunur. Hələ üstəlik onun Corcia ilə də münasibətlərinin olduğunu deyirlər. Çünki Ketrin uşaqlarla birlikdə evi tərk edəndə bacısı Corcia onunla getmək əvəzinə Çarlzla qalır. Vəziyyətin pis olduğunu görən yazıçı təqsirkar olmadığını sübut etmək üçün Corcianı həkimə göstərib onun hələ də bakirə olması haqda arayış alır. Vəziyyət nisbətən düzəldikdən sonra Dikkens özünü Xoqartların qurbanı kimi hiss edir. Ruhi rahatlıq tapmaq üçün o, şəxsi həyatını "Ailə qiraəti" adlı məktub şəklində dərc etdirir. İndi bütün İngiltərə onun evinin içindən xəbər tutmuşdu. O, həyat yoldaşı Ketrini laqeyd ana, yararsız arvad elan edəndən sonra öz hörmətinin və oxucularının böyük bir hissəsini itirir. Elə bu qadınlar – həyat yoldaşı Ketrin və baldızı Corciana ilə olan problemlərin nədəniylə qəzetlər Çarlz Dikkensin əsərlərini çap etməkdən imtina edirlər. Lakin o, qollarında son nəfəsini verən və ömrünün sonuna qədər barmağından üzüyünü çıxarmadığı kiçik baldızı Merini isə unuda bilmir. Dikkens ömrünün sonuna qədər özü də etiraf edir ki, həyatında olan heç kəs Meridən sonra əmələ gələn boşluğu doldura bilməyib.

Sən ki, Dostoyevski deyilsən

Dahi rus yazıçısı, ədəbiyyata "Master və Marqarita" əsəri ilə damğa vurub geniş oxucu kütləsi qazanan Mixail Bulqakov qadın sarıdan bol olsa da, heç də onların sevgisinə laiq olmayıb. Lyubov Belozorskaya özünü Bulqakovun dul qadını sayıb, baxmayaraq ki, yazıçı bu qadınla qeyri-rəsmi şəkildə yaşayıb. Ən etibarlı və sadiq qadın, birinci həyat yoldaşı Tatyana Lappa isə uzun müddət kölgədə qalıb. Bulqakov sevdiyi ilk və yeganə qadın Tatyana ilə ailə qurur. Tezliklə qadın ondan hamilə qalır. Lakin Bulqakov əvvəllər həkimliklə məşğul olduğundan müalicə etdiyi adamların xəstəliyinə özü də yoluxurdu və möhkəm ağrılar yaşadığından dəfələrlə yüksək dozalı morfi də qəbul etmişdi. Müəyyən müddət onun istifadəçisinə də çevrilmişdi. Yoldaşının hamilə olduğunu bilən Mixail "mən həkiməm, morfinistlərin uşaqlarının necə olduğunu çox yaxşı bilirəm", - deyib, Tatyananı heç həkimə də aparmadan təcrübəsi olmasa belə, əməliyyatı özü edib uşağı saldırır. Bundan sonra həkimliklə vidalaşan Bulqakov yazıçılıq etməyə başlayır. Ona bu yolda da həmişə olduğu kimi qadını Tatyana köməklik edir. Savadsız və ədəbiyyatdan anlayışı olmayan xanım olmasına baxmayaraq, Bulqakovun yüksəlişində heç də az əməyi olmayıb. Bulqakov gecələr "Ağ qvardiya"nı yazarkən Tatyana da yatmayıb, onun yanında oturub vaxtaşırı Bulqakovun donmuş əllərini qızdırmaq üçün isti su isidirdi. Lakin Bulqakov tanındıqdan sonra onu bu zirvəyə qaldıran qadını tanımaz olur. O, məşhurlaşır və artıq Tatyana yazıçı arvadı olmağa yaramırdı. Bulqakov çox keçmir ki, onunla vidalaşıb və ədəbiyyatla maraqlanan Lyubov Belozorskaya ilə münasibət qurur. "Ağ qvardiya" çap olunandan sonra isə Tatyana Bulqakova nifrət edir və ondan birdəfəlik ayrılıb gedir. Çünki əsər Lyubaya ithaf edilmişdi. Halbuki o əsər yazılarkən onun əllərini isti suda qızdıran Tatyana olmuşdu. Tatyananın Bulqakova elə son sözü də bu olur: "Axı bu romanı yazanda o yox, mən sənin əllərini isti suyla qızdırırdım". Bu sözlərdən sonra onlar bir daha görüşmürlər. Yazıçı artıq Lyuba ilə münasibət qurmuş və tezliklə Tatyananı unutmuşdu. Lakin Lyuba da onun düşündüyü kimi bir qadın deyildi. O yazı yazarkən ona mane olmamağı hər dəfə Lyubadan xahiş etsə də, "Sən ki, Dostoyevski deyilsən", - cavabını alardı. Bundan sonra yolları ayrılan Bulqakov və Lyubov bir daha görüşmürlər. Lakin yazıçı ömrünün axırına kimi Tatyananı görməyi arzulayır, ağır illəri birgə keçirib onu dahiliyin zirvəsinə qaldırandan sonra tərk etdiyi bu qadından, bəlkə də ömrünün qadınından əfv diləmək istəyirdi. Lakin o Tatyananın ürəyini elə qırmamışdı ki, sonradan da bağışlansın. Vaxt keçir və Bulqakov onu gözləyərək vəfat edir. Lakin qəbrinə gələn qadın da elə qədrini bilməyib tərk etdiyi Tatyana olur.

Tarix
2014.03.02 / 20:45
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla