Ana səhifə Kult |
Müsahibimiz "Cin mikrorayonda" filmində yaratdığı Rüstəm obrazıyla yaddaşlarda silinməz iz buraxan Əməkdar artist Ötkəm İsgəndərovdur.
Hal-hazırda ADMİU–nun "Teatr və kino aktyoru"
fakültəsinin dekanıdır.
Rayona pərt qayıtmamaq üçün elektirik qaynaqçısı
oldum
- Ötkəm bəy, xahiş edirəm özünüz haqda qısaca
məlumat verəsiniz.
- 1955–ci ildə Nefçalada fəhlə ailəsində dünyaya göz açmışam. Orta
məktəbi bitirdikdən sonra Bakıya gəldim, İncəsənət inistutunun
aktyorluq fakultəsinə sənədlərimi verdim. Birinci ixtisas
imtahanından kəsildim. Küçədə bir bildiriş gördüm: Elektrik
qaynaqçısı peşə məktəbinə qəbul elan edilirdi. Rayona pərt
qayıtmamaq üçün sənədlərimi verdim ora. Orda ayda 75 manat təqaüd
verirdilər, evdəkilərə çox əziyyət olmasın deyə, həmin məktəbi
seçdim. Eyni zamanda televizorda eşitdim ki, aktyor kursları
məktəbi var, rəhmətlik Adil İsgəndərov rəhbərlik edir. Sənədlərimi
ora da verdim. Gündüz elektirik qaynaqçılığı təhsili alırdım,
axşamlar da aktyorluq kurslarına gedirdim. Bir il sonra yenidən
sənədlərimi verdim İncəsənət inistutuna. Məndən qabiliyyət
imtahanlarını Adil İsgəndərov götürdü. Və beləliklə, 1973–cü ildə
mən ixtisas imtahanından 5 alaraq İncəsənət inistutunun aktyorluq
şöbəsinə daxil oldum. İki il orda oxuduqdan sonra 1975–ci ildə,
Rəhmətlik Rasim Ocağov məni "Tütək səsi" filminə dəvət elədi. Və
mənim çəkildiyim ilk filim oldu "Tütək səsi". O filimdə Nuru
obrazını canlandırdım. Bundan sonra "Firəngiz" filminə çəkildim.
Moskovanın Kinematoqrafiya institutunun Azərbaycan şöbəsi açılanda
Kamil Rüstəmbəyov mənə məsləhət gördü ki, təhsilimi orda davam
etdirim və belə də oldu. Həmin kursa Sovet İttifaqının xalq
artisti, Yevgeni Matveyev rəhbərlik edirdi. Biz o kursda 15 nəfər
idik. Həmidə Ömərova, Fərhad İsrafilov, Ömər Nağıyev, Sona
Mikayılova və sairə.
Üçüncü kursda oxuyarkən Qorki adına studiyadan "Naqqal" filminə
dəvət aldım. O filmlə İttifaqda ilk dəfə azərbaycanlı obrazının
azərbaycanlı kimi ifaçısı mən oldum. 1979–cu ildə oranı bitirdikdən
sonra Azərbaycana qayıdaraq ardıcıl olaraq filmlərə çəkilməyə
başladım. "Məlikməmməd", 1985–ci ildə "Cin mikrorayonda",
ümumilikdə 44 filmə çəkilmişəm. Bir müddət sonra 2003–cü ildə
Ələkbər Kazımovskinin rejissoru olduğu "Tənha durna" filmində baş
rolu ifa etdim. Sonuncu dəfə çəkildiyim film 2007–ci ildə İranda
oldu, "İtkin pay".
"Tütək səsi"ndəki Nuru
- Çəkildiyiniz filmlərdən ən çox hansını
sevirsiniz?
- Çəkildiyim bütün filmlər doğmadır mənə. Anadan soruşarlar ki,
hansı övladını daha çox sevirsən? O da cavab verər ki, bütün
övladlarımı çox sevirəm. Bu da belə bir şeydir. Amma təbii ki,
"Tütək səsi" filmində canlandırdığım Nuru obrazı mənə xoş bir
xatirə kimi əzizdir. O film nümayiş olunandan iki gün sonra
avtobusa minəndə yaşlı bir xanım durub öz yerini mənə verib dedi:
"Buyurun, əyləşin Nuru müəllim".
- Sovet İttifaqı dağıldıqdan sonra, film
çəkilişlərində uzunmüddətli durğunluq yarandı. Belə olan halda siz
nə etdiniz, nə işlə məşğul oldunuz?
- 1991-ci ildən sonra, məni Məlikməmməd filminə çəkən rejissor Tofiq İsmayılov İncəsənət universitetinə gətirdi və mən müəllim işləməyə başladım. Əvvəllər öhdəsindən gələ bilməyəcəyimdən qorxurdum. Müəllimlik çətin peşədir. Həm də filmlərə çəkilmədiyimə görə sıxılırdım. Amma yavaş-yavaş alışdım. Artıq 23 ildir ki, müəllim işləyirəm.
Filmdə İsa Hüseynovu canlandırırdım
- Nuru obrazını canlandırdığınız "Tütək səsi" filminin rejissoru Rasim Ocaqovla işləmək, sizin üçün çətin olmadı ki? Həm də ilk dəfə filmdə rol alırdınız.
- Əlbəttə çətin idi. Rasim Ocaqovla işləmək çox rahat idi.
"Tütək səsi" Rasim Ocaqovun sərbəst rejissor kimi ilk işi idi. Mənə
nə tələb olunduğunu başa salırdı və mənim də ifam onu qane edirdi.
Məsələ burasındadır ki, əgər filmə fikir vermisinizsə, filmin
ssenari müəllifi İsa Hüseynovun özünü canlandırırdım. Sınaqlarda
İsa Hüseyinovun özü demişdi ki, bu aktyor Nuru obrazı üçün
yaxşıdır. Üzü işıqlıdır, nurludur, ağıl yağır üzündən bu aktyorun.
(Gülür)
- İsa Hüseynov filmin çəkiliş proseslərində iştirak
edirdimi?
- Bəli, İsa Hüseynov filmin çəkiliş meydançasında olurdu
həmişə.
Ssenarist-rejissor çəkişməsi
- Sizcə, rejissorlara çəkiliş zamanı ssenaristlər
müdaxilə etməlidirmi? Bu cür müdaxilə rejissorlara mane olmur
ki?
- Ssenaristlər müdaxilə etməlidirlər. Bəzən rejissorlar
gileylənirlər bu müdaxilələrindən. Rejissorlar ssenaridəki hansısa
rüşeyimi tutaraq, onun ardınca getməyə və öz fantaziyalarını ortaya
qoymağa çalışırlar. Buna görə narazılıqlar olur. Bu, təbii bir
şeydir. Yaradıcılıqda çəkişərək bərkimək yaxşıdır. Yaradıcılıq heç
bir çərçivəyə sığmamalıdır. Ancaq ssenari müəllifi ilə qurluşçu
rejissor ümumi dil tapanda, bu anlaşmadan daha çox qazanan tərəf
film olur.
Serial çəkənlərin çoxunun rejissorluğa dəxli yoxdur
- Sizi, yeni çəkilən seriallara dəvət
edirlərmi?
- Əvvəla, dəvət eləsələr də, seçim edərəm. Rejissoru kimdir, mövzu
nədir? Bir də ki, mən o yaşda deyiləm axı ikinci dərəcəli obrazlar
canlandıram. Demirəm ki, Robert Deniroyam. Çəkilən seriallar isə,
məni qane etmir. Nə rejissor işi, nə aktyor işi, nə operator, nə də
səsləndirmə. Düzü, dəvət eləmirlər, sanki unudulmuşam. Bildiyimə
görə, serial çəkənlərin bir çoxunun rejissorluq sənəti ilə heç bir
əlaqəsi yoxdur. Rejissorluq sənətindən anlamayan, "başla", "motor"
sözlərindən başqa heç nə bilməyənlərin bir çoxu serial çəkir. Film
sənətdir. Heç olmasa ruslara, türklərə baxıb nəsə öyrənsinlər, belə
olmaz axı. Bizim seriallarda çoxlu çənə döymə, çoxlu boş-boş
danışıq var. Filmdə, çox sözə yer vermək lazım deyil. Oyunlar daha
çox baxışlar, hərəkətlər, hissləri canlandırmaq üzərində
qurulmalıdır. Belə seriallardansa, gedib roman oxumaq daha
yaxşıdır. Bunlar mənim şəxsi fikirlərimdir, kimsə inciməsin. Yeni
çəkilən tammetrajlı filmlər içərsində, "Dolu" və "Xoca" filmlərini
çox bəyənirəm. "Xoca"da baş rola çəkilən Nigar mənim tələbəm olub,
ona görə baxmışam o filmə.
Namiq Qaraçuxurlu seriala çəkilir, nə oyun oynayır?
- Aktyorluq təhsili olmayan, ancaq aktyor kimi
filmlərə çəkilənlərə münasibətiniz necədir?
- Aktyorluq sənətindən heç bir məlumatı olmayan Namiq Qaraçuxurlu
seriala çəkilir. Namiq nə oyun oynayır ki, orda? Heç nə. Vaxtı ilə
ekrana çıxdı, məhşurlaşdı, indi də o məhşurluğu müxtəlif yollarla
əlində saxlamaq istəyir. Hər şeyin bir təhəri var.
- Bayaq bir sıra çətinliklərlə üzləşdiyinizi
söylədiniz. Nə ilə bağlıdır çətinlikləriniz?
- Həyat yoldaşım ağır xəstədir (susur). Ayaqları tutulub, yeriyə
bilmir. Bakıda 36 həkimə göstərdim onu, hərəsi bir müalicə yazdı,
amma sağalmadı. Məcbur oldum Türkiyəyə apardım, orda da əlac edə
bilmədilər. Burdakı həkimlər çoxlu səhv müalicələr yazdıqlarına
görə, bir çox problemlərlə üzləşdim. Əgər həkim öz işini bilmədən
həkimlik edirsə, qazandıqları pullar onlara haram olsun. Bayaq sual
verdiniz ki, teatrlara gedirəmmi? Gedə bilmirəm. Azacıq vaxtım olan
kimi, evə, həyat yoldaşımın yanına qaçıram. Onun yeməyini verirəm,
dərmanlarını vaxtında atmasına diqqət yetirirəm. Mənim 8–ci
mikrorayonda birotaqlı evim var... (bir az fikirə gedir) Yox, mən
bəzi aktyorlar kimi ağlaşma qurmayacam, ağlamayacam. Ev uzaqda
olduğuna görə, həm də 5-ci mərtəbədə yerləşdiyi üçün, burda,
universitetin yaxınlığında kirayədə qalıram. Hamı deyir ki,
universitetin dekanıdır, Əməkdar artistdir, yaxşı dolanar yəqin.
Amma elə deyil.
Müəllimliklə dolanmaq, qız övladıma təhsil vermək, xəstəyə
baxmaq çox çətindir. Səhər saat 9–dan axşam 7–yə qədər işdə oluram
deyə, tez-tez həyat yoldaşıma baş çəkmək üçün universitetin
yaxınlığında kirayədə qalmağa məcburam. Həm də öz evim pis
gündədir, təmirsizdir. Nəmişlik olan yerdə, xəstə həyat yoldaşımı
saxlaya bilmərəm. Bax belə... (dərindən ah çəkir). Bu çətinliklərlə
barışmışam. Sadəcə, ümid edirəm ki, hər şey yaxşı olacaq, həyat
yoldaşım sağalacaq. Mənim bir tək istəyim budur. Evsiz yaşamaq
asandır. Amma həyat yoldaşımın bu vəziyyətdə olması, mənim üçün bir
dərddir.
- Hansı obrazı canlandırmaq
istərdiniz?
- Hamleti özüm üçün oynamışam. Və bu obrazı canlandırmaq mənim
ən böyük arzumdur. Hamlet obrazı aktyorlar üçün şah obrazdır.
Aktyor obrazları düşünə-düşünə yaşamalıdır. Belə olanda, həmin
obrazlar adama hopur. Otellonu canlandıran məhşur aktyor Sergey
Bandarçuk metroda gedə-gedə canlandıracağı obrazı düşünərək əlinə
baxıb deyirmiş: "Mən qarayam, buna görə məni aldadırlar addımbaşı.
Hətta məni aldadır həyat yoldaşım Dezdamona da". (Əlinə baxa-baxa
həmin səhnəni canlandırır.) Bəli, obrazı yaşamaq lazımdır.
- Ötkəm bəy, sizinlə söhbətləşmək ayrı bir zövq
oldu.
- Çox sağ olun. Mən də "Axar.az"a öz minnətdarlığımı bildirirəm.
Hər kəsə, hamıya uzun ömür, can sağlığı rahat həyat arzu edirəm
Allahdan. Rahat həyat tərzinin içində həm sağlamlıq, həm də
problemlərin olmaması var. Mən istərdim ki, çətinliklərlə yox,
gördüyüm işin tərəqqisi ilə məşğul olum.
Tarix
2014.03.01 / 13:42
|
Müəllif
Elçin Aslangil
|