Yuxarı

ABŞ jurnalisti: “AXC Mütəllibova Qorbaçovdan çox pul ayırdı”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı soyqırımı Azərbaycanda həm də hakimiyyətin dəyişilməsinə səbəb oldu. Məhz bundan sonra məclisdə baş verən hadisələr, Ayaz Mütəllibovun qorxuya düşməsini amerikalı jurnalist Tomas Qolç "Azərbaycan gündəliyi" kitabında geniş təsvir edir. Jurnalistin yazdığı qeydləri təqdim edirik:

"Hazırkı vəziyyətdə parlamentin sədri Elmira Qafarova idi. Sessiya başlayan kimi o, səhhəti ilə bağlı olaraq istefa vermək istədi. Lakin Elmira heç də xəstə görünmürdü. Vəzifəsini itirməsi də ona heç təsir etməmişdi. Sessiya fasiləsində o həmkarları ilə deyib-gülürdü. Sanki heç nə olmamışdı. Bununla belə, əsaslı səbəblərə görə bir nəticə çıxartmaq olar ki, bu, oyunun tərkib hissəsi idi. Bu gün istefa, sabah qayıdış.

Yeni və müvəqqəti sədr vəzifəsini BDU-nun Tibb Fakültəsinin rektoru "dollar" Yaqub Məmmədov icra etməyə başladı. Mütəllibovun dostu olan Yaqub universitetdə rüşvət götürdüyünə görə "dollar" ləqəbini qazanmışdı. Etiraf etmək lazımdır ki, böhran bitənə qədər o hər şeydən kənarda qalmışdı. Xocalı isə, deyəsən, unudulmuşdu. Parlamentin ən maraqlı qonağı isə Xocalının icra başçısı Elman Məmmədov idi. Mən onunla sentyabrdan əvvəl görüşmüşdüm. O, enerji dolu insan kimi yadımda qalmışdı. Lakin indi Elman şok vəziyyətində idi. O, qohumlarından 30 nəfəri itirmişdi. Özü isə təsadüf nəticəsində sağ qalmışdı. Elman, parlamentə müraciət üçün çağırılmışdı, lakin istədiyi başqa bir şey də vardı.

- Kino, – o dedi. - Onlar kinonu göstərmək istəmirlər.

- Hansı kino? - mən soruşdum, lakin dərhal anladım.

Məşhur reportyor Çingiz Mustafayev məcbur eləmişdi ki, onu da cinayətin törədildiyi məkana uçan hərbi vertolyotun bortuna götürsünlər. O, atılmış meyitləri çəkmişdi. Məhz bu filmi Məmmədov deputatlara göstərmək istəyirdi. Lakin bu, proses qaydalarına zidd olduğu üçün kadrları nümayiş etdirmirdilər. Birdən "Kinonu göstərin", "kinonu göstərin", - deyə, qışqırıq səsləri parlamentin binasını bürüdü.

Fasilədən sonra qayıdan deputatlar yenidən kinonun nümayiş etdirilməsini tələb etdilər. Nəhayət, parlamentin sədri Dollar Yaqub Məmmədov razılaşdı.

İşıqlar söndürüldü, monitorda film göstərildi. İlk kadrlar göstərildikdən 10 dəqiqə sonra ölkənin bütün həyatı dəyişdi. Çingiz Mustafayev öz kamerası ilə əvvəlcə vertolyotdan aşağıdakı obyektləri görüntüləmişdi. Ardınca vertolyot enəndən sonra qapılar açılır və Çingiz Mustafayevin qorxulu səsi aləmi bürüyürdü.

- Ay Allah! Ay Allah! Ay Allah! - o dedi....

Ölmüş bütün cəsədləri Qarabağa qaytardılar. Oradakı cəsədlər dəhşətli idi: bəzilərinin bıçaqla barmaqlarını kəsmişdilər, gözlərini oymuşdular. Bəzilərinin bədənini yarmışdılar. O özündə güc taparaq vertolyota daşınan cəsədləri də bir neçə geniş planda çəkə bildi. Daha sonra kino qurtardı və kadrlara deputatların reaksiyası başladı. Zaldan pıçıltı səsləri eşidilirdi. Onlar dəhşətə gəlmişdilər və bu hər kəsin simasına yansımışdı. Nə isə böyük bir şey sınmışdı və geriyə dönmək artıq qeyri-mümkün idi.

Fasilədən sonra Ayaz Mütəllibov söz istədi. O, çox pis görünürdü, gözləri şişmişdi. Mütəllibov tribunada özünü prezident kimi aparmırdı.

Onun uzun monoloqundan yalnız bir neçə məsələ aydın oldu. Rusiya artıq dəyişmiş mərkəz olmuşdu. Bu o Rusiya idi ki, Azərbaycan MDB ilə siyasi, iqtisadi danışıqları ratifikasiya etmədiyinə görə, erməni yönümlü siyasət aparırdı. Əgər Azərbaycan MDB ilə silahlı qüvvələrin rəhbərliyinin unifikasiyası haqqında danışıqları təsdiqləməsəydi, Qarabağı itirməliydi.

Bir müddət sonra isə Ayaz Mütəllibov Xocalıdakı qırğınlarda əsas günahkarların Xalq Cəbhəsinə bağlı qüvvələrin olduğunu söylədi. Təəccüblü deyil ki, bu sözlər qısa zamanda erməni mətbuatında da öz əksini tapdı".

Müəllif daha sonra Rəhim Qazıyev, İsgəndər Həmidov və Tofiq Qasımovun danışdığını bildirir. Bunun aradınca isə o, parlamentdəki fasilədən Ayaz Mütəllibovun taleyinin necə müzakirə olunmasını qeydə alır:

"Fasilədən dərhal sonra müxalifət yenidən prezidentin istefaya göndərilməsi ilə bağlı tələblə çıxış etdi. Axşam düşəndə isə prezident yenidən göründü və istefaya göndərilməsi haqqında olan bütün tələblərə aydınlıq gətirilməsini istədi. Onun bu dəfəki çıxışı isə göstərdi ki, prezident özünü itirib və situasiyanı dəyərləndirmək qabiliyyətinə malik deyil. Etdiyi səhvlərinə görə üzr istəyən Ayaz Mütəllibov, Nazirlər Kabinetini yenidən formalaşdıracağını və hətta əsas nazir vəzifələrinə müxalifətdən nümayəndələr təyin edəcəyini bildirdi. Bu məqamda isə Araz Əlizadə prezidenti ölkədə fövqəladə vəziyyət elan etməyə, siyasi partiyaların fəaliyyətinin 6 ay müddətinə qadağan edilməsinə çağırdı.

Bütün bunların hamısı öncədən sövdələşmə idi. Rus qoşunları parlamentdəki mövqelərini tutaraq, binanın qarşısında toplaşan vətəndaşlara hücum etmək haqqında əmr gözləməyə başladılar. Bu isə parlamentdəki deputatların kəskin narazılığına səbəb oldu.

Parlamentdəki mübahisə sessiyanın 2 saat dayandırılması ilə nəticələndi. Əksər deputatlar öz kreslolarında yuxulayırdılar. Səbəb çox sadə idi. Mart ayı olmasına baxmayaraq, insanlar şaxtada toplaşaraq binanı mühasirəyə almışdılar. Rus əsgərləri bir müddət sonra yox oldu və Dollar Məmmədov növbəti iclası cümə günü səhər tezdənə təyin etdi.

Tezliklə Mütəllibova növbəti ultimatum verildi. Prezidentin yenə istefaya getməsi istənilirdi. Mütəllibov situasiyanı dəyərləndirməyə vaxt istədi. Ultimatuma cavab vermək üçün 14 saat təyin edildi. Təyin edilmiş vaxt keçdi, amma müxalifətə heç bir açıqlama verilmədi. Buna görə də ikinci ultimatum göndərildi. İşin ciddiyyətinin başa düşülməsi üçün dünən qırılmış şüşə yenidən sındırıldı.

Saat 6-da qapı açıldı və Həsən Həsənov başda olmaqla hökumət adamları zəncirvari şəkildə içəri daxil oldular. Ayaz Mütəllibov ortada gəlirdi. O, mikrofonun qarşısına keçdi. Səssizlik istəyərək danışmağa başladı:

- Səhvlər baş verib. Məhz buna görə də xalq mənim getməyimi istəyir. Belə olan halda mən Ali Məclisdən mənim istefamı qəbul etməyini istəyirəm.

Ayaz Niyaz oğlu Mütəllibov postsovet məkanında ilk şəxs kimi öz postunu tərk edən lider oldu. Xalqa xidmətinə görə, ona ayda on min rublluq təqaüd ayrıldı. Həmin vədə həmin pul təxminən 100 dollar, bir ildən sonra 20 dollar, ondan sonra isə 5 dollar təşkil edirdi. Bu, SSRİ prezidenti Mixail Qorbaçov istefa verəndə ona ayrılmış təqaüddən iki dəfə artıq idi. Bundan əlavə isə Mütəllibov şəhər kənarında iqamətgah, 10 nəfərlik mühafizə xidməti və avtomobil aldı. Ən vacibi isə onun gedişindən həzz alan bəzi insanların sonra onu izləməsi və məhkəmə proseslərinə cəlb edilməsinə qadağa qoyulan qanunun qəbulu idi".

Tarix
2014.02.26 / 18:31
Müəllif
Ülkər Cəfərova, İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla