Yuxarı

Rus jurnalistin Xocalıda yaşadıqları – Dəhşət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı hadisələrinin şahidi olmuş rus jurnalist Viktoriya İvleva əsirlikdə tanış olduğu və 19 il sonra xilas etməyə çalışdığı Xocalı əsiri ilə görüşü haqda yazıb.

Jurnalistin 2011-ci ildə yayımlanan məqaləsini "Axar.az" təqdim edir.

"19 il sonra Qarabağdan qaçqın düşən qadın və qızı ilə görüşdüm. Mən onunla düz 19 il qabaq, 26 fevral 1992-ci ildə görüşmüşdüm.

O, əsir idi, dörd uşağı da əsir düşmüşdü. Mən isə müharibəyə onları əsir alan insanlarla gedən bir jurnalist idim. Əvvəlcə onu deyil, bizə tərəf gələn qəribə qar buludunu gördüm. Sonra nalələr, qışqırıqlar və uşaq ağlaması eşitdim. Sonra bulud parçalandı və mən yarıçılpaq insanlar, əsasən də qadın və uşaqları gördüm. O izdihamın içində sonuncu idi - yalın ayaqlarına geydiyi qaloşla addımlayırdı, tez-tez dayanırdı ki, görsün uşaqları geri qalmayıb ki.

Onun dörd uşağı vardı. İkisi arxasınca gedirdi, ikisini isə - ayağından və başından yaralanmış oğlu və yeni doğulmuş qızını qucağında aparırdı. Qızı yarımgünlük idi.

Kürəyimdən aldığım zərbə ömür boyu mənimlə qaldı

Mən əsir düşmə anını görməmişdim. Həkimlərlə birlikdə, ikinci eşelonda idim. Biz yanaşı gedirdik. Getmək çətin idi. Hər yer qar idi. Sonra mən ondan körpəni alıb, gödəkçəmin altına sıxdım. Mənim tünd qırmızı gödəkçəm vardı və elə bilirdim ki, məni müharibədən qoruyur. Amma əslində əlbəttə ki, ölüm və yaralanmaq üçün əsl hədəf idim. Bütün hücumçuların qolunda ağ sarğılar vardı. Məndə də vardı amma haradasa düşmüşdü. Arxadan atın üstündə yaxınlaşan əsgər bir neçə dəfə kürəyimdən itələyib, qulağımı deşən dildə nəsə qışqırdı. Kürəyimdən aldığım zərbə ömür boyu mənimlə qaldı.

O zərbə mənə hər bir əsirin yer üzündə yaşadığı şeyləri hiss etdirdi: tam ədalətsizlik. Mən heç nəyə dönmüşdüm, əsgər ayaqqabısında toz kimi bir şey idim, sivilizasiya itmişdi, zaman dayanmışdı, dünya sıxılmışdı, bircə mən və kürəyimdən vuran o əsgər qalmışdı. Bir də qorumalı olduğum südəmər körpə.

Bütün bunlar, sadəcə, bir an davam etdi. Sonra məni tanıyan bir nəfər yaxınlaşdı və o dəqiqə məlum oldu ki, mən əsir deyiləm, üzr istədilər. Nə fərqi var... Axı yaddaşımda heç nə olmağım ki, qalmışdı...

Oğlu ayaqyalın idi, qızı isə bircə corabda

Onların hamısını bir neçə gün əsir saxladılar. Mən onu ziyarət edirdim, düzdür, xoş qarşılanmırdım. Sonra onları cəbhə xəttinə apardılar və dəyişdilər. Dəyişmə şərtləri yaddaşımdan silinib, deyəsən, onları eləcə azad etmişdilər. Onların heç bir qiyməti yox idi, hər tərəfdə dəyişdirilmək üçün bərabər qiyməti olan əsgərlər var idi. Mən onlarla dəyişmə xəttinə qədər yeridim. Böyük oğlu ayaqyalın, qızı isə bircə corabda idi. Yaralı uşağı və yeni doğulmuş qızı örtüyə bürümüşdülər. Onları silahlı kişilər daşıyırdılar. Mən ona bir az pul vermişdim. Amma uzun müddət düşünmüşdük ki, pulu harada gizlədək ki, axtarsalar tapmasınlar. Sonra pulu paltarının qolunda gizlətmişdi.

Onları köhnə, sarı avtobusa otuzdurdular və o həmişəlik həyatımdan itdi. Deyəsən, onun adı Mövluda idi. O, məhsəti türklərindən idi. Açıq rəngli saçları və böyük mavi gözləri vardı.

Həmin vaxt onun hadisəsini ölkənin ən yaxşı qəzeti olan "Moskva xəbərləri" çap etmişdi. Jurnalın üzündə ayaqyalın gedən insanların fotoları vardı. İçində isə Mövludanın fotosu. Jurnal ağ-qara idi deyə, mavi gözlərini ayırd etmək olmurdu.

Qocalmışdı, amma mavi gözləri qalırdı

Yuxarıdakı hadisələrin baş verdiyi ərazi Xocalı idi. Mövluda ilə Xocalıda görüşərkən artıq yüzlərlə yerli əhali öldürülmüşdü. Onlardan əksəriyyəti qadın və uşaqlar idi. Xocalıda atışmalar və küçə döyüşləri gedirdi. Mövluda və digərləri isə evlərindən qaçırdılar. Amma düz hücumçuların üstünə. Xoşbəxtlikdən onlar ilk əsir düşənlərdən oldular ona görə də sağ qaldılar. Bir neçə ay qabaq azərbaycanlı jurnalist Şahin Hacıyev məni jurnalistlərin münaqişə ocaqlarında davranışları barədə seminara dəvət etdi. Ona Mövluda barədə danışdım və biz onu tapmağa qərar verdik və tapdıq da.

Biz Azərbaycanda qaçqın kəndi - Ağcakəndin küçələri ilə gedirdik. Həyətə girdik. Görüşümüzə həqiqətən o çıxdı. Qocalmışdı, amma mavi gözləri qalırdı. Biz qucaqlaşdıq və uzun müddət həyətdə ağladıq. Saçlarını və üzünü sığalladım, yanaqlarında barmaqlarımı gəzdirdim. Qadınsayağı şeylər düşünürdüm, məsələn dərisinin uşaq dərisi kimi yumşaq olması barədə fikirləşirdim.

Ona deyin ki, mən iki gün onu əllərimdə gəzdirmişəm

- Rusca danışırsan? – soruşdum. – Axı onda danışırdın?

- Yox,- cavab verdi. (Şahin tərcümə edirdi), – daha danışmıram. - Hamısı çıxıb başımdan.

- Evə girmək olar? Həm daşıdığım qızı da görmək istəyirəm.

Mehriban (Mövludə) razılaşdı.

Biz balaca qaçqın evinin pillələrini qalxırıq. Qızın adı Günaydır. Qız kresloda oturub, ayaqlarını yığıb. Hamar saçlarını arxaya toplayıb və hind döyüşçüsü kimi heç nə ifadə etməyən üzü var.

- Salam, Günay! - deyirəm.

O, susur və imkan vermir ki, onu qucaqlayım.

- Xəstədir, - Mehriban deyir. – Əvvəllər az-maz danışırdı, amma artıq beş ildir heç danışmır. Bilmirik ki, nəyi başa düşür, nəyi yox.

Çaşqın halda qızın sakit üzünə baxıram. Sonra isə burnumda sakitcə deyirəm:

- Vacib deyil ki, başa düşür, ya yox. Bəlkə indi başa düşmür, amma nə vaxtsa başa düşəcək. Siz ona deyin ki, nə vaxtsa mən iki gün onu əllərimdə gəzdirmişəm.

Şahin tərcümə edir. Günay isə yenə də sakitcə məndən kənara, boşluğa baxır. Üzü yenə də heç nə ifadə etmir.

Zirzəmidən əsirliyə…

Mehriban danışır:

- Mən onu zirzəmidə dünyaya gətirdim. Biz bir neçə qonşu ilə orada gizlənmişdik, çünki çox güclü atışma gedirdi. Elə hamının qabağında doğdum. 23 fevralda. Sonra biz iki gün də orada qaldıq. Atışma davam edirdi. Bizimlə olan iki kişi dedi: "Gəlin, burdan çıxaq, ağ bayraq qaldıraq". Onlar öz tapdıqları cındırla çölə çıxan kimi güllələndilər. Bizi isə əsir götürdülər. Həyat yoldaşım elə həmin gün öldürülmüşdü, amma mən bilmirdim. O, traktorçu idi. Çox güclü, idmançı adam idi. Onu polisə aparmışdılar ki, aeroportu qorusun, elə orada da ölmüşdü. Sonra onun cəsədini dəyişdirdilər, dəfn edə bildim. Bizi qovanda birdən sanki şüurumu itirdim. Sonra gördüm ki, qızım yoxdu.

Əlimdən düşmüşdü. Geri qayıtdım, onu qarın üstündə tapdım. Yaşadı, amma görürsən də necə. Hamımızı qarın üstündə otuzdurdular. İcazə verdilər ki, ocaq qalayaq. Uşaqlar yemək istədilər, onlara dedilər ki, qartopu düzəldib yeyin. Beləcə oturduq, sonra bəzilərimizi seçib maşına mindirdilər və əsirliyə apardılar. Orada mənə kolbasa-çörəklə çay verdilər. Çünki südəmər körpəm vardı...

Vicdan ilahəsi

Mən əslində bu hadisədə istənilən sonluğa hazır idim, məsələn, qızın xəstə olmasına, ölməsinə və ya ərə getməsinə. Amma Günayın hissiyyatsız üzünü görmək məni didərgin etdi. Bütün həyat, sevinc, qələbə lazımsız bir şeyə çevrilmişdi. Günayın başına gələnlər hər şeyi heç nə etmişdi. Dəhşət, gücsüzlük və əzab çəkirdim.

Axı Günay sizə, əclaflara, güllələri sevənlərə nə etmişdi?!

Nə etmişdi axı nə?!

Bütün axşamı ayaqlarını altına yığıb qarşısına baxdı. Günay onun həyatını məhv edən iyrənc həyatdan uzaqlaşmışdı, heç onun varlığını hiss etmirdi.

O İttiham ilahəsi, Vicdan ilahəsi idi. Mənim vecimə də deyil hansısa dində belə ilahələr var, ya yox. Bircə onu bilirəm ki, indi var - Azərbaycanın dağlıq kəndi olan Ağcakənddə. Bu kənd anasının onu doğduğu yerdən cəmi 60 kilometr uzaqlıqda yerləşir.

P.S. "Yadındadır, - birdən Mehriban nəyisə yadına salaraq deyir, - sən mənə ünvanın və telefon olan kağız verdin ki, məni döysələr və ya nəsə pis olsa, sənə zəng edim. Mən o kağızı Ağdamda itirdim, heç sənə zəng eləmədim..."

P.P.S. Mehriban ilin dörd ayını çörək sexində çörək bişirir, qalan vaxtlarda çörək bişirmək sərf eləmir. Günə altı manat qazanır. Böyük oğlu Bakıda yaşayır, iki uşağı var. Ortancıl, o vaxt yaralı olanı təmirxanada çalışır, nifrətlə doludur, döyüşüb intiqam almaq istəyir. Böyük qızı beş sinif bitirib, ev işlərində kömək edir. Tez-tez epileptik tutmaları olan Günay heç bir təqaüd və ya dərman almır. Həkimlər deyirlər ki, onun müalicəsi Azərbaycanda mümkün deyil, hesab edirlər ki, Mehriban qızını müalicə üçün xaricə aparmalıdır. Məsələn, İsveçrəyə...

Təəssüf ki, material yayımlanandan az sonra Günay rəhmətə gedir.

Tarix
2014.02.26 / 16:29
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla