Yuxarı

Xocalı - ağlayaq, ya düşünək?!

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı soyqırımının 22-ci ildönümüdür. Bu faciə bir əsrdir ki, xalqımızın başına gətirilən faciələrin nə ən böyüyüdür, nə də birincisi... Bu faciəyə təkcə düşmənin bizim başımıza gətirdiyi fəlakət kimi baxmaq doğru olmazdı.

İlk baxışda vətənpərvərlik ritorikasına uyğun gəlməyən fikir kimi görünə bilər. Ancaq düşmənin düşmənçiliyi bilinən bir gerçəklikdir, həmişə fürsət düşdükcə o öz azğınlığını, qəddarlığını göstərəcək, zərbə vurmağa çalışacaq. Necə ki, son yüz illik tariximiz erməni düşmənçiliyinin yaratdığı faciələrlə zəngindir.

Bu barədə çox danışılıb, çox yazılıb. Ancaq bu faciəyə münasibət heç də erməni düşmənçiliyi haqqında təkrarlanan müzakirələrdən ibarət olmamalıdır. Biz nəhayət ki, bu ritorikadan kənarlaşıb niyə məhz bu faciələrin bizim başımıza gətirildiyini götür-qoy etməliyik. Yüz ildən artıqdır ki, eyni düşmən qarşısında həmişə qırılıb əzilən durumdayıqsa, bunun səbəbi təkcə düşmənin düşmənçiliyində yox, həm də bizim özümüzdə axtarılmalıdır. Bu, həm də ona görə vacibdir ki, millət olaraq bizi gözləyən gələcək təhlükələrdən özümüzü necə qoruyacağımızı da müəyyənləşdirə bilək.

Ermənilərin bizə düşmənçiliyini, başımıza faciələr gətirməsini bir qayda olaraq Rusiyanın onlara verdiyi dəstəklə izah edirik. Bəs o zaman bu gün Amerikada, Avropada ermənilərin siyasi, ideoloji təşkilatlanma və fəaliyyətlərinin bizi qat-qat üstələməsini nə ilə izah edək? Hətta erməni lobbisinin təbliğat gücü bu gün bizimlə bərabər Türkiyənin də qarşısında çox ciddi problem olaraq qalır. Bu da Rusiyanın dəstəyi ilə olmur ki...

Demək, məsələ milli xarakterlə, millətləşmə ilə bağlı olan problemlərdən qaynaqlanır. Say etibarı ilə bu gün dünyada ermənilərdən daha üstünük, amma nə qədər həmvətənimiz üçün Azərbaycan məsələsi birləşdirici motivə, milli hədəfə çevrilə bilib?

Əgər çevrilsəydi, o zaman diasporumuz erməni lobbisindən də qat-qat güclü olmalı idi. Deməli, bizi düşmən qarşısında məğlub edən, həmişə zəif duruma düşürən millətləşmə prosesindəki geriliyimizdir. Milli varlığımızı təmin edən dəyərlərin bizdən ötrü əsas məsələ sayılmaması, heç bir xüsusi önəm kəsb etməməsidir. Bu isə harada yaşamağımızdan asılı olmayaraq, milli hədəflər əsasında təşkilatlanmağımıza, özünümüdafiə mexanizmlərimizi yaratmağa imkan vermir. Vətənə sadəcə coğrafi ərazi kimi yanaşanda onu qorumaq, onun işğalından narahat olmaq və onu ideyaya çevirib fəaliyyət göstərmək də mümkün olmur. Vətən əxlaqı və şüurunun inkişafı, insanlar üçün bir dəyər daşımağı millətləşmənin təməl şərtlərindəndir. Öz milli kimliyimizə verdiyimiz önəm, dilimizə, milli mədəniyyətimizə, tariximizə göstərdiyimiz münasibət son nəticədə bizim millət kimi varlığımızın əsaslarını formalaşdırır.

Bu məsələlərdən danışarkən görürük ki, əslində, biz təkcə hərb meydanında deyil, milli kimliyimizə münasibətdə də düşmənlərimizə uduzuruqsa, o zaman tarix boyu başımıza gətirilən faciələrin də kökünü burda axtarmalıyıq. Çünki məhz bu səbəblərdən təhlükəyə qarşı millət kimi səfərbər oluna, özümüzü müdafiə mexanizmləri yarada bilmirik. Əgər milli varlığımıza aid dəyərləri ideyaya çevirə bilmiriksə, onlar bizdən ötrü müqəddəs sayılmırsa, o zaman indiki şərtlər daxilində iqtisadi imkanları da, geopolitik üstünlüklərimizi də düşmən qarşısına güc kimi çıxara bilməyəcəyik.

Ona görə də bu gün Xocalı faciəsinə təkcə ağlamaq lazım deyil. Həm də yeni xocalılar olmaması üçün öz zəiflərimiz barədə düşünməliyik.

Tarix
2014.02.26 / 13:22
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla