Ana səhifə Gündəm |
Həmsöhbəti olduğum bu insanın başına gələnlər haqda
nəinki yazmaq, hətta onu dinləmək belə olduqca
çətindir.
Ucar rayon sakini, 1971-ci il martın 10-da dünyaya gəlmiş Mail Məmmədov nə az, nə çox – düz 247 gün düşmən əsirliyində əzab çəkib, dözülməz işgəncələr görüb.
Onunla söhbətimizi təqdim edirik.
Mütəllibov üstümüzə qoşun göndərmişdi
- Mail neçənci ildə Qarabağda gedən döyüşlərə
qatıldın?
- 1990-cı ildə Almaniyanın Stendel şəhərində hərbi
xidmətdə idim, orada televizordan Qarabağın dağlıq bölgəsində
vəziyyətin müharibə həddinə çatdığını eşitdim. Elə həmin ili Sovet
qoşunları Almaniyanı tərk etməyə başladı, mən də çıxıb vətənə
yollandım. Bizi keçmiş 26-lar bağında Xalq Cəbhəsinin üzvləri və
Fəhmin Hacıyev qarşıladı. Bakının Kirov qəsəbəsində, əsgərlikdən
yarımçıq gələn əsgərləri yığıb ora apardılar. Kirovda bir bina
vardı, deyəsən indi Milli İstiqlal Partiyasının binasıdır. O vaxt
Etibar Məmmədov, Araz Əlizadə, Tahir Quliyev, Rəhim Qaziyev orda
otururdular. Bizi oradan da göndərdilər Nasosnuya. Birinci
əməlliyyatımız da orda oldu. Fəhmin Hacıyev, mən və məndən başqa
iki əsgər. 4 nəfər idik, getdik Nasosnudakı hərbi hissəyə.
Eşitmişdik ki, ruslar ordan hərbi təyyarə ilə, külli miqdarda
silah-sursatı aparacaqlar Rusiyaya. Getdik gördük ki, hərbi təyyarə
hazır vəziyyətdə durub, silahları gözləyir. Gördük bir hərbi
avtobus gəlir. Sürücüsü qırğız idi. Avtobusun qabağını kəsdik,
içində rus zabiti vardı. Girdik avtobusun içinə, içəridə böyük bir
sandıq gördüm. Mən sandığı açanda rus zabiti müqavimət göstərmək
istədi, Fəhmin Hacıyev onu vurdu. Baxdım ki, sandığın içində çoxlu
tapança və güllələr var. Silahları və rus zabitini də götürüb
getdik qəsəbədəki binaya. Həmin binanın altında anbar vardı,
silahları ora yığırdıq. Sonra Pereküşküldəki hərbi hissəyə
yollandıq. Orda atışma oldu, ruslar iki əsgərimizi öldürdülər.
Çıxıb yenə öz qərargahımıza yollandıq. Gecə qərargahımıza hücum
olundu, Ayaz Mütəllibov üstümüzə əməlli-başlı qoşun göndərmişdi -
zirehli maşınlar, hətta tank da yeritmişdi üstümüzə. Özü də rus
əsgərlərini göndərmişdi. Binada saxladığımız silahlarla hücumun
qarşısını almağa başladıq. Bizə bata bilmədilər. Ayaz Mütəllibov
bizim dəstənin adını "adam yeyənlər" qoymuşdu. Bakıda yerləşən
hərbi hissələrdən silah toplayıb Qarabağa göndərirdik.
- Sizə Bakının hərbi hissələrindən silahları
toplayaraq Qarabağa göndərmək əmrini kim
vermişdi?
- Etibar Məmmədov, Tahir Quliyev, Araz Əlizadə, Rəhim Qaziyev. Biz
bu insanlara tabe idik. Əmri də onlardan alırdıq. Əsas da Rəhim
Qaziyevə tabe idik.
- Həmin hücumdan sonra nə oldu? Qərargahınızı təhvil
verdinizmi?
- Yox. Bir neçə gün sonra o binanın qapısının
ağzında postda dayanmışdım, gördüm dörd hərbi maşın bizim binanın
yoluna döndü. Tez binadakılara xəbər verdim, maşınları mühasirəyə
aldıq. Soruşduq ki, bu yük maşınlarının içində nə aparırsınız?
Dedilər, qum. Hərbi yük maşınlarında qum daşımaq əlbəttə inandırıcı
deyildi. Bir sözlə, yük avtomobillərindəki qumun altında çoxlu
silah-sursat aşkarladıq. Həmin silahları bir neçə gün sonra
göndərdik Laçına. Sonra bir neçə hərbi hissədən də rusları
tərkisilah edərək, əldə etdiyimiz silahları Qarabağa göndərməyə
başladıq.
Xocalıdan bir neçə könüllü gəlmişdi binamıza, silah istəyirdilər, özlərini müdafiə etmək üçün. Onlara silah verdik. Qarabağda yaşayanlar kortəbii şəkildə də olsa, özlərini müdafiə edirdilər. Bakıdan topladığımız silah, maşın, patron - bunların hamısını göndərirdik Qarabağa. Özüm bir dənə Qaz-24 qaçırtmışdım. Gördüm ki, bir rus zabiti düşdü avtomobildən, sürücü əsgər isə düşüb qara rəngli 24–ün təkərini təpikləyib boş olub-olmadığını yoxlayırdı. Yanımda Tovuzdan Zöhrab adlı bir oğlan vardı, dedim, gəl, bu maşını qaçırdaq. Rus əsgərini tərkisilah eləyib maşını qaçırtdıq. Rəhim Qaziyev buna görə bizə çoxlu təriflər yağdırdı. Sabahsı gün avtomobili göndərdilər Qarabağa. Bir UAZ avtomobili də qaçırtımışdıq, onu da göndərdilər. Sonradan Rövşən Cavadov bizə komandir təyin olundu, gəlib olduğumuz binaya yerləşdi.
Rəhim Qaziyev onu da özümüzlə götürməmizi
istədi
Bu hadisələrdən bir müddət sonra, gəlib dedilər ki, kim
Qarabağda könüllü döyüşmək istəyir? Ərizə yazaraq, könüllü döyüşmək
istəyimi bildirdim. 13-14 müxtəlif markalı avtomobillərlə yollandıq
Laçın dəhlizinə. Bu hadisələr baş verən vaxtlarda Qarabağın bir
rayonu belə işğal olunmamışdı. Yalnız Laçının Malıbəyli kəndini
almışdı ermənilər. Amma ermənilərin azərbaycanlılara qarşı
zorakılıqları və təcavüzləri içi mən qarışıq hamını
hiddətləndirirdi. Qarabağda özbaşınalıq və xaos hökm sürürdü. Laçın
dəhlizinə gedəndə mən Zil-131 avtomobilini idarə edirdim. İdarə
etdiyim avtomobildə ancaq çörək və yeyinti məhsulları vardı. Rəhim
Qaziyev də bizim üstümüzdə Laçın dəhlizinə yollandı. Sırayla kalon
şəklində gedirdik, o da tez-tez öz avtomobili ilə yanımızdan gəlib
keçirdi, bizə nəzarət edirdi. Yolda silahlı bir əsgərə rast gəldik.
Rəhim Qaziyev bizi saxladıb, onu da özümüzlə götürməmizi istədi.
Onu da götürdük özümüzlə. Laçına az qalmış, bir kənddə kluba
yerləşdik. Mən postda dayandım. Birdən, klubdan dəhşətli atışma
səsi eşitdim. Yoldan götürdüyümüz həmin adam, içəridə kim var
idisə, hamıya güllə yağdırırdı. 3-4 nəfər döyüş yoldaşlarımız öldü
həmin hadisədə, bir neçə nəfər isə yaralandı. Rəhim Qaziyev də
ayağından güllə yarası almışdı. Həmin əclafı, Nail adlı bir mayor
vardı, atışma zamanı öldürdü. Məncə, bütün bunlar qurama
idi.
Çıldır kəndində 127 nəfər gənc, təcrübəsiz əsgəri boş yerə
qırğına vermişdilər. Bizi apardılar həmin kəndə meyitləri
götürməyə. Sonralar həmin kəndi ermənilərdən aldıq. Mən böyük
itkilərimizə səbəb olan Daşaltı əməliyyatında da iştirak etmişəm.
Həmin əməliyyatda, bələdçilərin satqınlığı üzündən böyük itgilər
verdik.
Döyüşlər bu axarla davam etsəydi...
- Mail, əsir düşməyin necə oldu?
- Şuşanın, Laçının işğalından sonra, Ağdam bölgəsinə gəldim.
Həmin gün bizi bir başa Sərsəng su anbarındakı turist bazasına
apardılar. Sonra Kaçaqod kəndinin müdafiəsinə atıldıq. Kaçaqod,
Çıldıran, Sırxavənd, Dovşanlı və başqa kəndləri erməni
qəsbkarlarından azad etdik. Sırxavənd kəndində, meşənin
qalınlığında ermənilərin donuz ferması var idi. Ordan baxanda
Xankəndi, Əsgəran əl içi kimi görünürdü. Əgər döyüşlər bu axarla
davam etsəydi, tez vaxtda həmin doğma yerləri də ermənilərdən azad
edəcəkdik.
Yoldaşlarımdan birinin başı bədənindən ayrıldı
1992-ci il oktyabrın 1-də həmin donuz fermasının yaxınlığında əlimdən, ayağımdan və başımdan yaralandım. Çətinliklə də olsa, yaralarımı sarıdıqdan sonra geri çəkildim. Ertəsi gün saat 14:00-da 3 nəfər kəşfiyyatçı ilə əməliyyatdan geri qayıdanda gördük ki, erməni döyüşçüləri səngərlərimizə soxularaq əsgərlərimizin bir neçəsini öldürüblər. Bu qanlı döyüşdən yalnız 16 nəfər sağ çıxa bilmişdi. Biz də meşənin qalınlığı ilə geri çəkilirdik ki, döyüşçülərimizin yanına çataq. Gözləmədiyimiz anda meşənin sıx yerində düşmən pusqusuna düşdük. Atılan mərmilərdən biri lap yaxınlığımıza düşdü. Əsgər yoldaşlarımdan birinin başını bədənindən ayırdı, o birisininsə kürəyini deşik-deşik etdi. Xoşbəxtlikdən qəlpələr məni ötəri tutdu, ayağımdan yaralandım. Sıx meşəlik olduğundan irəliləmək çox çətin idi, amma buna baxmayaraq 700-800 metr sürünərək irəliləyə bildim. Bir ağac gövdəsinin arxasına keçərək dincəlmək istədim. Elə bu vaxt boynumun ardından güclü bir zərbə dəydi. Məni arxası üstə çevirərək ağız-burnumu təpiklədilər. Sonra məni ermənilər yaşayan bir kəndə gətirdilər.
Qadınları zəncirlə divara bağlamışdılar
Kəndin kişiləri ilə birgə qadınları da məni daş-kəsəklə
vururdular. Bir qoca qadın keçdi önümə. Dedi ki, niyə vuruşursan?
Dedim, torpaqlarımız üçün. Yerdən bir ovuc torpaq götürüb ağzıma
tıxadı. Daş dəyməyən, zədə almayan yerim qalmamışdı. Sonra məni bir
rus zabiti sorğuya çəkdi. Özünün dediyinə görə, Bakıda baş verən 20
yanvar qırğınında onun da "böyük zəhməti" olubmuş. O bunu fərəhlə
deyirdi. Məni bir çuvala salıb ağacla möhkəmcə döydü. Daha sonra
məni Xankəndinə apardılar. Yol boyu siqaretlərini çəkib
qurtardıqdan sonra bədənimdə söndürürdülər. Türməyə çatmağımıza az
qalmış, məni yük maşınından düşürüb sürüyə-sürüyə apardılar. Yeriyə
bilmirdim. Yolda orta yaşlı bir erməni ilə rastlaşdıq, məni
aparanlardan soruşdu ki, bu türkdür? Ona "hə" cavabı verdilər. Bunu
eşidən kimi həmin erməni əlindəki armaturla məni döyməyə başladı.
Sağ qolumun sümüyü dirsəkdən qırıldı, qabırğalarım möhkəm əzildi.
Sonra məni sürüyüb türmənin kameralarından birinə atdılar. İçəridə
20-yə yaxın azərbaycanlı qız-gəlin var idi. Ermənilər onları
zəncirlə divara bağlamışdı. Sonra yekə, enli bir dəmir gətirib
qolumu onun üstünə qoyaraq çəkiclə vurmağa başladılar. Beləcə,
qol-qıçımı çəkiclə vurub sındırdılar. Onlar məndən neçə erməni
öldürdüyümü soruşurdular, mənsə həmişə "bilmirəm" deyirdim.
Onsuz da hər gün ölürəm...
- Mail, səninçün necə ağrılı olduğunu bilirəm, ancaq
yenə də gördüyün işgəncələri danışmağını
istəyirəm.
- Nəyi danışım? Xankəndində qız-qadınlarımızın başına gətirilən
müsibətlərimi? Mən onsuz da yaşadıqlarımın üstündən neçə il
keçməsinə baxmayaraq, hər gün ölürəm...
Bir qız satmışdı məni...
(Nəfəsini içinə çəkərək dodaqlarını gəmirə-gəmirə
susur.)
...Xankəndində türmənin həyətinə çıxarıb bizləri hərdənbir
gəzdirirdilər. Qadınların saxlanıldığı kameralardan birinin
pəncərəsi həmin həyətə baxırdı. O kameraya 8 azərbaycanlı qızı
yenicə gətirmişdilər. Bir də gördüm ki, qızlardan biri ordan yavşca
boylanaraq mənə işarə edir. Onun yaxınlığından keçəndə mənə dedi
ki, bizə bir şüşə qırığı tap ver. Yerdə para bir lezva sataşdı
gözümə. Bizə nəzarət edən erməni əsgərinin gözünü oğurlayıb,
lezvanı birtəhər yerdən götürüb, atdım həmin pəncərədən içəri.
Sabahı gün dəhşətli bir hay-həşir düşdü həbsxanaya. Gəlib məni
apardılar həmin qadınların saxlanıldığı kameraya. Yer büs-bütün qan
içində idi. Qızlardan 4-ü damarlarını kəsərək düşmən əlinə keçmədən
özlərini öldürmüşdü. Sağ qalanların içərisində bir qız satmışdı
məni... (susur)
Körpə uşaqları əhəng quyularına atıb yandırıblar
Sonra Spitakda dəhşətli bir hadisə ilə rastlaşdım. Bizi əhəng zavoduna işləməyə aparmışdılar. 20 nəfər idik. Kimlər ki, aclıqdan taqətsiz olurdu, işləyə bilmirdi və ya öz yaxınları tərəfindən axtarılmırdı, hamısını bir–bir əhəng quyularına atıb karbitlə yandırırdılar. Özləri də qıraqdan baxıb gülürdülər. Gözümün qarşısında həmin əhəng quyularına körpə uşaqları atıb yandırıblar. İnan mənə, o an heç nə hiss edə bilmirdim.
Qadının qarnının içinə pişik balası qoydular
İrəvanda da əsir olmuşam. Orda, saxlanıldığım kamerada bir azərbaycanlı hamilə qadın da vardı. Həmin qadının 3 uşağı da yanında idi. Uşaqlarının gözü önündə o qadının qarnını yararaq bətnindəki körpəni çıxardılar. Bunu gördüm. (Mail bu sözləri dedikcə elə nəfəs alır ki, səhhətinin ağırlaşacağından qorxuram.) Sonra həmin qadının qarnının içinə gözü baxa-baxa, elə uşaqlarının gözü önündə pişik balası qoydular.
Qadınsa oynayırdı, elə bil məni eşitmirdi...
Hadrutda da olmuşam bir müddət. Orda məni bir erməni zabitinin
yanına apardılar. Otağa girəndə gördüm ki, cavan bir gəlin oturub
sobanın yanında. Zabit stulu göstərib, oturmağımı istədi, oturdum.
Qarşısında bir qom nəşə vardı, hallı idi. Birdən mənə gülə-gülə
baxıb, çəpik çaldı, sobanın yanında oturan həmin o gəlin də başladı
durub oynamağa. Özü də azərbaycanca mahnı oxuya-oxuya. Başa düşdüm
ki, gəlin azərbaycanlıdır. Qışqırıb dedim ki, oynama. Qadınsa
oynayırdı, heç elə bil məni eşitmirdi. Sən demə, gəlin dəli
olubmuş... onu qınamıram... Elə qışqırdığıma görə, sobanın üstündən
qəhvədanı götürüb qaynar suyu başıma tökdülər. Kəlləmin ortasından
kürəyimin ortasına kimi saçım, dərim soyuldu.
Gözümün önündə bir uşağın qolunu dirsəkdən kəsib apardılar. Həmin işgəncəni edən ermənilərin danışığından başa düşdüm ki, Amerikada bir erməni uşağının sümük çatışmazlığı var, ona görə belə edirlər.
Gördüm bir erməni əsgəri əlində aftafa gedir...
Xankəndində qaldığım vaxtlar idi, yanıma bir əsgərimizi gətirib atdılar. Qarnı cırılmışdı, bağırsaqları görünürdü. Adı Vaqif idi. Gədəbəyli Vaqif. Qollarını arxadan məftillə bağladıqlarına görə, məftil sümüklərinə işləmişdi. Məndən su istədi. Pəncərədən boylandım, gördüm bir erməni əsgəri əlində aftafa gedir. Çağırıb ondan su istədim, o da mənə iki stəkan su verdi. İkisini də Vaqifə içirtdim. Sonra Vaqifin qollarını açdım, amma bərk-bərk tapşırdım ki, səs-küy eşitsən, qollarını arxaya tut.
Əyilib bağırsaqlarını yerdən qarnına yığırdı
Mən də yuxuya getmişəm, o da. Gəlib görüblər ki, Vaqif əllərini
başının altına qoyub yatıb. Ona görə məni odun parçası ilə
döydülər. Vaqifin isə, qarnına təpiyi necə vurdularsa, bağırsaqları
töküldü yerə. Yazıq əyilib bağırsaqlarını yerdən qarnına yığırdı.
Bu, dəhşət idi. Sonra Vaqifi sürüyə-sürüyə kameradan çıxaranda
bağırsağı ilişdi qapıya, heç fikir vermədilər. Yazıq elə qışqırırdı
ki!!! Qapının deşiyindən baxırdım. Dəhlizin ortasında Vaqifin
başını kəsdilər. Sonra başı gətirib atdılar mənim yanıma. Cəsədini
isə kalodisdə yandırdılar. Sonra mən Vaqifin başı ilə saxlanıldığım
yerin həyətində erməni uşaqlarının futbol oynadığını
gördüm.
Dedilər, bir azdan rus jurnalistləri çəkilişə gələcəklər
Bilirsən, Allah məni çox sevir... Neçə dəfə qollarımı,
ayaqlarımı qırıblar, yenə öz-özümə sağalmışam...
Əsirliyimin ilk günləri idi, bizi meydana yığıb dedilər ki, bir azdan rus jurnalistləri çəkiliş aparmağa, sizdən müsahibə almağa gələcəklər. Deyərsiniz ki, Qarabağ ermənilərindir, adı da Artsaxdır. Çoxu onların istədiyini dedi, mən demədim. Məni həmin meydanın ortasında yerə yıxıb, böyük dəmir bir xaçı köz kimi qızardıb sinəmə basdılar. Sinəm odlandı. Amma dediyimdən dönmədim. O vəziyyətdə Qarabağ Qarabağdır, bizimdir, deyərək qışqırırdım. Yaram qaysaqlayan kimi hər gün gəlib qaysağı soyurdular.
Bir gecə səhərə qədər ayaqlarımdan asıblar, gözümdən qan gələnə
kimi...
Geniş miqyaslı hücumun olacağını söylədim...
Hə, bir də ki, sənə verdiyim o video çəkilişdən qabaq mənə
tapşırdılar ki, əsir düşən qadınlar və uşaqlar haqda heç nə
deməyim. Mən də demədim. O kadrlardan özün də gördün ki, nəyi
deyib-deməyəcəyimi soruşurdum. Mən öz tərəfimizə keçən kimi, yüksək
rütbəli zabitlərə ermənilər tərəfindən geniş miqyaslı hücumun
olacağını söylədim. Onlarsa nəsə bunu ciddi qəbul etmədilər. Elə də
oldu. Dediyim kimi, ilk hücum Qubadlıya oldu və ermənilər Qubadlını
işğal etdilər.
Deyirdilər, Əlibayramlıya qədər Azərbaycanı almışıq
- Mail, bəs əsir düşərgəsindən qaçmaq üçün heç fürsət
yox idi?
- Bizi həmişə nəzarət altında saxlayırdılar, əl-ayağımız daim
zəncirdə olurdu. Hər gün döyürdülər. Günlərlə ac qalırdıq. Bir dəfə
6 gün ac qaldım. Bir də, bizim yerimizi dəyişəndə hər dəfə
avtobusların üstündə bir rayonumuzun adını oxuyurdum. Şamaxı, Şəki,
Göyçay, Cəlilabad. Bizə deyirdilər ki, Əlibayramlıya qədər
Azərbaycanı almışıq. Fikirləşirdim, mən Xankəndindən nə qədər yol
getməliyəm ki, indiki Şirvan şəhərinə gedib çatam. Əsirlikdə öldüm,
yolda öldüm, nə fərqi? Əlim hər şeydən soyumuşdu.
İrəvana aparırlar, başımı kəsməyə...
- Əsirlikdən qurtulmağın necə
oldu?
- Valideyinlərim Azərbaycan tərəfinə əsir düşən Haruş adlı bir
ermənini satın almışdılar türmədən, onu evdə saxlayırdılar. Məni də
həmin erməninin qızı, o vaxtkı pulla 15 min manata satın
aldı.
Gözümü bağlayıb harasa aparırdılar. Maşın yerindən tərpənib bir
neçə yüz metr getdikdən sonra, sağa döndüyünü hiss etdim.
Öz-özlüyümdə düşündüm ki, İrəvana aparırlar, başımı kəsməyə. Birdən
bir neçə metr sonra maşın sola dönəndə anladım ki, yox, Xankəndinin
mərkəzinə aparırlar. Yerimdən azacıq dikələrək dərindən nəfəs
aldım. Qollarım arxadan bağlı idi. Sağımda-solumda erməni əsgərləri
oturmuşdu. Sürücüdən əlavə, qarşı tərəfdə də bir erməni zabitinin
oturduğunu hiss edirdim.
Erməni zabit: "Koroğlu nəslindəndir, açın
gözlərini..."
- Gözlərin bağlı olduğu halda necə bildin ki, qarşı
tərəfdə oturan erməni zabitidir?
- Səsində hökm vardı. Bir də ki, axı mən kəşfiyyatçı idim.
Həmin zabit maşını saxladıb mənə Azərbaycan dilində dedi ki, Mail,
sənə bir sual verəcəm, amma kişi kimi cavab ver. Əgər düzgün cavab
versən, gözlərini və əllərini açdıracam. Dedim, ver.
Dedi, niyə dikəlib dərindən nəfəs alaraq rahatlandın?
Dedim ki, İrəvana ölməyə gedirlər, Xankəndinə bəlkə də yaşamağa.
Maşın sağa hərəkət edəndə İrəvana gedəcəyimizi düşündüm. Sola
dönərək düz yolla irəlilədikdən sonra, başa düşdüm ki, Xankəndinə
gedirik.
Həmin zabit yanımdakılara əmr edərək dedi: "Bunlar Koroğlu
nəslindəndir, açın onun gözlərini".
Sonra yolda saxlayıb, bir əsgəri də oturtdular maşına. Həmin
əsgər maşına oturandan sonra soruşdu ki, bu, türkdür? Dedilər, hə.
Əlini atıb qulağımı dartdı, qulağımın arxasını bir neçə dəfə
kəsdiklərinə görə, yenicə qaysaqlanan kəsik yerindən qan fışqırdı
tavana. Zabit maşını dayandıraraq əsgəri yerə düşürtdü, üstəlik
əsgərin ayağını da güllələdi. Sonra yenə düzəldik yola. Gətirib
Xankəndinin mərkəzində poçt binasına saldılar məni. Bir neçə gün
orda qaldım. Daha sonra isə məni Haruşla dəyişdirdilər. Amma
dəyişilməmişdən qabaq, boynumun ardından mənə bir neçə dəfə iynə
vurdular. Bir dəfə erməni həkimin gözündən yayınaraq şprisi
qoxuladım, gördüm ki, salyarka iyi gəlir.
Heydər Əliyev sinəmdəki xaçı görüb tapşırdı ki...
Azad olunandan sonra, bir neçə il psixoloji müalicə adlım.
Maştağada yerləşən ruhi xəstəxanada müalicə olundum. Papanin
Hospitalında da müalicə olunmuşam. Həmin vaxt rəhmətlik Heydər
Əliyev xəstəxanada Qarabağ qazilərini ziyarətə gəldi. Sinəmdəki
xaçı görüb həkimlərə tapşırdı ki, nə edirsinizsə edin, bu xaç bu
oğlanın sinəsində qalmasın. Elə mənim də bir arzum var, sinəmdə
erməni xaçı ölmək istəmirəm.
Ceyhun Mirzəyev mənimlə bir neçə dəfə
görüşdü
- Mail, sənin danışdıqlarının bəziləri "Fəryad" filminin
epizodlarına bənzəyir.
- Düz bilmisən. Rəhmətlik Ceyhun Mirzəyev həmin filmi çəkməmişdən
əvvəl mənimlə bir neçə dəfə görüşdü. Rəhmətlik daha çox, əsirlərə
verilən işgəncələrlə maraqlanırdı. Mən də gördüyüm, yaşadığım hər
şeyi ona danışdım. İnanmayacaqsan, "Fəryad" filmində qəhrəmanın
pərdəni alışdırıb erməni sığınacağını yandırmaq istəməsi mənim
başıma gələn hadisədir. Uşağı gördüm, yandırmadım. Həmin vaxtlar
dəyişilməyimə az qalmışdı, bu hadisə Xankəndində olub. Məni Haruşun
qızının evində saxlayırdılar. O qız mənə çox yaxşı baxırdı. Yəni
məni orda incitmədilər.
- Sənə işgəncə verənlər qarşına çıxsa nə edərsən?
- Humanist olmaram, hamısının damarlarını dişimlə çəkib
çıxardaram. 20 ildən çoxdur ki, normal yatmıram. Gördüyüm yuxularda
həmişə kimlərdənsə, nədənsə qaçıram. Özü də tövşüyə-tövşüyə.
Yuxudan qəfildən dəli kimi oyanıb, qışqırdığım vaxtlar da olub. İki
oğlum var. Ailə üzvlərimin necə zülmlər çəkdiyini təsəvvürünə belə
gətirə bilməzsən. Hər il müalicə olunmalıyam. 2 ildir ki, müalicə
olunmuram. Düzdür, dövlət prezidentimiz İlham Əliyevin sayəsində
mənə qayğı göstərir. Amma bəzi hallarda unuduluruq. Birinci qrup
Qarabağ əliliyəm, müalicəm xaricdə, Türkiyədədir.
Günü sabah yenidən döyüşməyə hazıram
- Mail, söhbətimizi yekunlaşdırmaq istəyirəm. Sonda
deyəcəyin nəsə var?
- Var. İkinci Qarabağ müharibəsi mütləq olmalıdır. İndi o dövr
deyil ki, az qala tankla gedirdilər evə. Özbaşınalıq idi, orduda
intizamsızlıq hökm sürürdü. Şükr Allaha ki, yaxşı ordumuz var. Ali
Baş komandan bir dənə əmr eləsin, günü sabah yenidən döyüşməyə
hazıram. Mən erməni dilini də bilirəm, erməninin dilindən də
bilirəm... əsirlikdə öyrəndim. Həm elə, həm belə. İnşallah,
müharibə olsa, onlarla öz dillərində danışacağam.
Tarix
2014.02.26 / 10:21
|
Müəllif
Elçin Aslangil
|