Yuxarı

İrəvana gedən Putin Ərdoğana niyə zəng etmişdi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Rusiya-Türkiyə münasibətləri gündəmdədir. Politoloqlar, ekspertlər də bu münasibətlərin gərginləşməsindən, hətta pisləşməsindən danışırlar.

Bu, təəccüblü deyil, Rusiya Prezidenti Vladimir Putinnin "erməni soyqırımı" tədbirinə qatılması fonunda aktual mövzudur, maraq göstərən, söz deyən də çoxdur. Təəccüblüsü üzdə olan, görünən əlamətləri əsas götürüb dərinə gedən fikirlərin deyilməsi, proqnozların verilməsidir. Axı, münasibətlər - fərqi yoxdur, fərdlər, ya dövlətlər arasında - fəlsəfi anlamda üstqurumdur, dəyişə, gərginləşə bilər, amma bazisi möhkəmdirsə, pozula, ya dağıla bilməz - Rusiya-Türkiyə münasibətləri kimi…

Rusiya ilə Türkiyə yüz illərin qonşusudur, yüz illər düşmən olublar, rəqib olublar, müharibə, mübarizə aparıblar. Ümumilikdə Rusiya-Türkiyə münasibətlərini üç dövrə bölmək olar: Birinci XVII-XIX əsrləri əhatə edən imperiya dövrüdür ki, Qərbdən Şərqə dünyanın yarısını əhatə edən Rusiya imperiyası ilə şimaldan cənuba uzanan Osmanlı imperiyası, sözün əsil mənasında, düşmən və daim müharibə vəziyyətində olublar. Məsələn, Krım yarımadası uğrunda müharibə, az qala, yüz il çəkib və sonda Rusiyanın qələbəsi ilə nəticələnib. Erməni millətinin Şimali Suriya, İraq və İran ərazilərindən kütləvi surətdə Rusiya-Türkiyə sərhədlərinə daşınması və məskunlaşdırılması da bu dövrə təsadüf edir. Yəni Rusiya ermənilərdən türklərə qarşı qalxan kimi istifadə etmək istəyib və bu proses indi də davam edir. Amma yüzillərlə rəqabət dövründə bu ölkələr daim müharibə vəziyyətində olsalar da, müşahidə olunan münaqişələr, müharibələr, bir qayda olaraq, sərhədyanı, lokal xarakter daşıyıb və regional müstəviyə keçməyib. Yalnız XX əsrin əvvəllərində I Dünya müharibəsində Rusiya-Türkiyə qarşıdurması regional miqyas alıb, birinci Atlantanın, ikinci isə Almaniyanın tərəfində müharibəyə girib, iqtisadi və siyasi münasibətlər tamamilə kəsilib. 10 milyondan çox insanın tələf olduğu, yüzlərlə şəhərin viran qaldığı bu qanlı müharibədə Rusiya qalib, Türkiyə isə məğlub tərəfdə olsa da, hər iki imperiya süqut edib, birincinin yerində Lenin Rusiyası (Sovet İttifaqı), ikincinin yerində isə Atatürk Türkiyəsi (Türkiyə Respublikası) yaranıb. Köhnə Avropa yeni yaranmış hər iki dövlətə düşmən münasibəti bəslədiyindən, Leninlə Atatürkün barışıq sazişi bağlamaqdan başqa çarəsi qalmayıb. Bununla da bu iki tarixi düşmən arasında düşmənçilik dövrü başa çatıb, rəqabət dövrü başlayıb.

Yəni qarşıdurma hərbi müstəvidən siyasi müstəviyə keçib, siyasi-iqtisadi münasibətlər ləng də olsa, inkişaf edib. XX əsrin sonunadək davam edən bu dövrdə bu ölkələr arasında açıq qarşıdurma olmasa da, Türkiyə II Dünya mühibəsindən sonra NATO-nun üzvü olduğundan, isti münasibətlər də yaranmayıb, sadəcə olaraq, bir-birlərinin varlığına dözüblər. SSRİ-NATO qarşıdurması ilə müşahidə olunan bu dövrə indi "dəmir pərdə", "soyuq müharibə" dövrü də deyilir.

XX əsrin sonlarında Sovet imperiyasının çökməsi və Rusiya Federasiyasının yaranması ilə Rusiya-Türkiyə münasibətlərində rəqabət dövrü də, faktiki olaraq, başa çatıb, müttəfiqlik dövrü başlayıb. Təbii ki, bunun çox ciddi iqtisadi və siyasi əsasları olub. Sovet İttifaqı dağıldıqdan sonra müttəfiq respublikalar arasında iqtisadi əlaqələr də qırılmış və bu əlaqələr üzərində qurulmuş Rusiya sənayesi çökmüşdü, bazarda tələb təklifi üstələyirdi. Türkiyədə yüngül sənaye isə sürətlə inkişaf edirdi, bazarda təklif tələbi üstələyirdi. Sovet İttifaqının süqutu ilə "soyuq müharibə" sona çatmış, "dəmir pərdə" götürülmüşdü. Odur ki, 90-cı illərin əvvəllərində Türkiyə mallarının Rusiya bazarına axını, faktiki olaraq, işğal xarakteri daşıyırdı. Az qala bütün Rusiya türk paltarı geyir, türk ərzağı yeyir, Türkiyədə istirahət edirdi. Türkiyə biznesi Rusiyaya gəlmiş, tikinti sektorunu ələ keçirmişdi. Rusiya biznesi də ləng olsa da, Türkiyə bazarlarına girirdi.

Məlum olduğu kimi, Türkiyə böyük və zəngin ölkə olsa da, karbohidrogen ehtiyatları kasadlığından enerji təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Rusiya isə dünyada qaz ehtiyatlarına görə 1-ci, neft ehtiyatlarına görə 4-cüdür. Odur ki, Rusiyanın neft-qaz şirkətləri də Türkiyənin yanacaq bazarını işğal edib, "Cənub axını", "Türk axını" kimi neçə-neçə beynəlxalq enerji layihəsinə start verilib. Təbii ki, burda neft-qazla Rusiya kimi zəngin olan İrana qarşı beynəlxalq sanksiyaların tətbiqi də öz sözünü deyib.

Məlum olduğu kimi, XXI əsrdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi ərzaq təhlükəsizliyi qədər önəm daşıyır. Və hər bir ölkə öz imkanları çərçivəsində bu problemi həll etməyə və əhalisinin təhlükəsizliyini təmin etməyə çalışır. Məsələn, Böyük Britaniya karbohidrogen ehtiyatları ilə zəngindir, Fransa isə enerji təhlükəsizliyini atom-elektrik stansiyalarının hesabına təmin edir. Odur ki, Türkiyə də özünün enerji təhlükəsizliyini təmin etmək üçün atom-elektrik stansiyalarının tikintisi kimi meqalayihələri həyata keçirmək niyyətindədir. Amma bu sahədə kifayət qədər təcrübəsi olmadığından, beynəlxalq əməkdaşlığa üstünlük verməlidir. Fransa ilə Rusiya arasında seçim qarşısında qaldıqda isə, təbii ki, üstünlük ikinciyə verilməlidir. Əvvəla, Fransanın da daxil olduğu iqtisadi təşkilat - Avropa Birliyi Türkiyəni qəbul etmir. Sonra, Rusiyada texnologiyalar da, materiallar da, xammal da Avropa Birliyndəkindən ucuzdur. Bu həm də Rusiya şirkətləri üçün onlarla milyardlıq bazar deməkdir.

Bir sözlə, Rusiya ilə Türkiyə arasında iqtisadi və ticari əlaqələr sürətlə, məcazi desək, həndəsi silsilə ilə genişlənir. Rəsmi statistikaya görə, 2014-cü ildə Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi 50 milyard dollara yaxınlaşıb. Uzun müddət Rusiyada yaşamış və işləmiş bir adam kimi cəsarətlə deyə bilərəm ki, bunlar ancaq rəsmi rəqəmlərdir. Hazırda yalnız Moskva ilə Türkiyə arasında ticarət dövriyyəsi 50 milyarddan çox ola bilər və bu rəqəm hər gün artır. Biz hələ Türkiyə biznesinin Rusiyanı, Rusiya biznesinin isə Türkiyəni işğalından danışmırıq, burda söhbət artıq 100 milyardlardan gedir.

Beləliklə, Rusiya-Türkiyə münasibətləri hazırda ümummilli əhəmiyyət daşıyır, bu ölkələr bu gün bir-birindən asılı olan ölkələrdir, faktiki olaraq, strateji müttəfiqdirlər. Yuxarıda deyildiyi kimi, 150 milyonluq Rusiya Türkiyə paltarı geyir, Türkiyədə istirahət edir. Bu gün Rusiya-Avropa münasibətlərinin uzun müddətə pozulduğu bir dövrdə Türkiyə ilə münasibətlərin möhkəmlənməsi, əlaqələrin genişlənməsi Rusiya üçün həyati əhəmiyyət daşıyır. Avropanın qəbul etmədiyi Türkiyə isə Rusiyanın hesabına enerji təhlükəsizliyin təmin edir.

Deməli, bu gün Rusiya-Türkiyə münasibətlərinin iqtisadi bazisi o qədər möhkəmdir ki, onların nəinki pisləşməsi, hətta gərginləşməsi də real görünmür. Vladimir Putinin Çanaqqala mərasiminə yox, erməni tədbirinin 100 illiyinə qatılması isə məsələnin üzdə olan tərəfidir. Hazırda Qərb dünyası ilə Rusiya "soyuq müharibə" vəziyyətindədir, NATO Rusiya sərhədlərinə doğru irəliləyir, Gürcüstan, Ukrayna hadisələri bunu bir daha sübüt edir. Qərbin növbəti hədəfi Ermənistandır və bu, sübuta ehtiyacı olmayan bir məqamdır. Rusiya isə, yuxarıda deyildiyi kimi, 100 illərdir Ermənistana xərc çəkir, onu öz forpostu kimi bəsləyir və itirmək istəmir. Gümrüdəki Rusiya bazasının rus əsgərinin erməni ailəsinə soxulması və uşaqdan böyüyə kimi bir ailəni qırması fonunda bu təhlükə real xarakter almışdı və az qala, bütün Ermənistan Rusiyaya qarşı qalxmışdı. Odur ki, belə bir həssas məqamda Putin kimi praqmatik, təcrübəli siyasətçinin Türkiyənin tədbirini seçməsi başa düşülən olmazdı və Ermənistanda da yaxşı qarşılanmazdı.

Yeri gəlmişkən, Putinin Ermənistan səfəri ərəfəsində Türkiyə Prezidenti Ərdoğanla telefon əlaqəsi saxlaması və məsləhətləşmələr aparması barədə mətbuata sızan məlumatlar da məntiqli görünür və həqiqəti əks etdirir. Vladimir Putin sadəcə olaraq, peşəkar siyasətçi kimi çıxış edib və Ermənistanla əlaqədar problemi strateji müttəfiqinə izah edib, Çanaqqala tədbirində Rusiyanın yüksək səviyyədə - Dövlət Dumasının sədri Narışkinin şəxsində təmsil ediləcəyini bildirib. Ərdoğan da təcrübəli və uzaqgörən bir siyasətçi kimi beynəlxalq vəziyyəti qiymətləndirib və çox güman ki, öz həmkarına xeyir-dua verib. O ki qaldı Putinin Ermənistanda verdiyi bəyanatlara və Türkiyə prezidentinin cavabına, bunlar daxili auditoriyalara hesablanmışdı və mətnindən də göründüyü kimi, iki strateji müttəfiq arasında gərginlik yaradacaq qədər ciddi xarakter daşımırdı.

Tarix
2015.05.05 / 11:00
Müəllif
Qаlib Аrif
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla