Ana səhifə Toplum |
Azərbaycan Ümumdünya Poçt İttifaqının Xidmət Keyfiyyəti
Fondunun (Quality of Service Fund – QSF) dünyanın 9 ölkəsinin
nümayəndəsindən formalaşan Qəyyumlar Şurasına (Board of Trustees –
BoT) üzv seçilib.
Axar.az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin (RYTN) Poçt sektorunun baş məsləhətçisi Nasir Həmidov
İsveçrənin Bern şəhərində 15 aprel – 01 may 2015-ci il tarixlərində
keçirilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) (Universal Postal Union
– UPU) yaz sessiyasında iştirak edib.
Sessiyanın sonunda baş tutan plenar iclaslarda ÜPİ-nin Xidmət
Keyfiyyəti Fondunun Qəyyumlar Şurasına növbəti müddətə səsvermələr
yolu ilə seçkilər keçirilib. Sözügedən quruma üzv olmaq üçün Şərqi
Avropa və Şimali Asiya regionu üzrə 1 vakant yerə 2 ölkədən
nümayəndələrin – Azərbaycan (Nasir Həmidov), Gürcüstan (Nuqzar
Breqvadze) namizədlikləri verilmişdi.
ÜPİ qaydalarına uyğun olaraq seçkilər Poçt Əməliyyatları Şurasının
(Postal Operations Council – POC) 40 üzv-ölkəsinin iştirakı ilə
aparılıb və Azərbaycan nümayəndəsi böyük üstünlük və səs çoxluğu
ilə (31 səslə) seçilib. Beləliklə, Azərbaycan növbəti müddətə
Şuranın üzvü seçilərək ÜPİ-nin ən vacib orqanının 9 üzvündən biri
olub.
Məlumat üçün bildirək ki, dünyanın bütün coğrafi regionlarını
təmsil edən və 9 ölkə nümayəndəsindən ibarət ÜPİ-nin Qəyyumlar
Şurasında, dünya ölkələrinin poçt xidməti keyfiyyətinin
yüksəldilməsi üzrə ÜPİ-yə təqdim etdikləri layihələrə baxılaraq
müzakirələrdən sonra təsdiqlənir, onların icrasına nəzarət həyata
keçirilir, icranın nəticələrinə görə müvafiq qiymətləndirmə işləri
yerinə yetirilir.
Sözügedən qurumda üzvlüyümüz Azərbaycanın imicinə müsbət təsir
etməklə yanaşı, ölkəmizin poçtu üçün ÜPİ çərçivəsində növbəti
layihələrin hazırlanması, qəbulu və tətbiq olunmasına da, əvvəlki
dövrdə olduğu kimi, geniş imkanlar yaradacaqdır.
Xatırladırıq ki, ÜPİ-nin QSF çərçivəsində Azərbaycan poçtu üçün
indiyə kimi 7 layihə hazırlanıb həyata keçirilib. Sözügedən
layihələr daxilində ümumi sayı 21 ədəd olmaqla poçt yüklərinin
daşınması üçün avtomaşınlar, yüzlərlə müxtəlif çeşidli skaner,
printer və s. avadanlıqlar alınaraq Azərbaycan poçt şəbəkəsində
istismara verilib.
Nəticədə, qlobal poçt zəncirinin bir hissəsi olan "Azərpoçt"
MMC-nin beynəlxalq poçt şəbəkəsinin keyfiyyətinin yüksəldilməsi
üçün əhəmiyyətli irəliləyişlərə nail olunub.
Tarix
2015.05.05 / 10:52
|
Müəllif
Nigar İxtiyarqızı
|