Yuxarı

Aslan Şirin: “Səyavuş Aslanın şalvarı…”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aslan Şirinlə onun ad günü ərəfəsində görüşdük. Sevimli aktyorumuz həmişəki kimi şən və hazırcavab idi. Elə ilk cümləsindən onun necə səmimi insan olduğunu anlamaq çətin olmadı.

- Aslan Şirini aktyorluq qabiliyyəti ilə yanaşı, həm də istedadlı müğənni kimi tanıyırıq.

- (Gülür) Elə deyirlər. Özümü tərifləməyi sevmirəm. Peşəkar müğənnilərin rəğbətini qazandığım üçün çox xoşbəxtəm. Mən bu gün əminliklə deyə bilərəm ki, Azərbaycanda ən çox tanınan müğənnilər məhz Mədəniyyət və İncəsənət Universitetinin tələbələridir. Onları siz də tanıyırsınız: Alim Qasımov, Faiq Ağayev, Brilyant Dadaşova, Aygün Kazımova, Teymur Əmrah, Nazpəri Dostəliyeva, Gülyanaq, Gülyaz Məmmədova bacıları və digərləri. Bu, universitetin uğurudur.

- Yaradıcı insan olaraq hansı yeniliklərə imza atmısınız?

- Vaxtilə Azərbyacanda fəaliyyət göstərən "Şou Biz" əyləncəli proqramlarla çıxış edən qrupun yaradıcısı olmuşam. O zaman şou məkanında iki qrup var idi, bizim qrupumuz və "Şou Əlili" qrupu.

Heç bəyənmədiyim ifadə var, amma təkrar etmək məcburiyyətindəyəm: "uşaqlıqdan bu sənətdəyəm".

- İlk addımlarınız hansı sahədə olub?

- Uzun illər AzTV-də çalışmışam, "Tələbə klubu", "Gənclik və zaman", "Test-əyləncəli proqram", "Gecə kanalı", "Salam gənclər" və digər verişilərin aparıcısı olmuşam. Onu deyə bilərəm ki, televiziyanın mənim püxtələşməyimdə yeri böyükdür və bu sahədə artıq, necə deyərlər, bişmişəm.

Bu orduda intizam yoxdur

- Bugünkü televiziya verilişləri, şou proqramlar sizi qane edirmi?

- Tam səmimi cavab verirəm; qətiyyən yox. İndi telekanallarda sanki bir çaşqınlıq var. Bilirsinizmi, hər verilişin öz kütləsi var, öz izləyici ordusu var. İndi təsəvvür edin ki, bu orduda intizam yoxdur, aləm qarışıb bir-birinə. Verilişlərdə də vəziyyət eynidir, uşaq proqramları böyüyə, böyüklər körpələrə qarışıb və izləyicilər bu sadə üsulla hazırlanan tezbazar və keyfiyyətsiz "xörəyi" yemək məcburiyyətindədirlər.

- Aparıcılara münasibətiniz necədir?

- Bir qədər əvvəl qeyd etdiyim kimi, aparıcıların mövqeyi verilişin formatından asılıdır. Veriliş yüksək səviyyədə tərtib edildikdə, bacarıqlı və peşəkar aparıcı mütləq şəkildə öz yerini tutur. Burada təbii ki, savadsız və qabiliyyətsiz insanlar yer tuta bilməz. Bu birmənalıdır.

- Sualı yersiz ünvanlamadım. Fikirləşdim ki, televiziyada peşəkar şəkildə bişmiş Aslan Şirin nə üçün yenidən hər hansı bir kanalda aparıcılıq etməsin?

- Əslində, bir neçə kanala aparıcılıq üçün dəvət almışam. İş burasındadır ki, teatra ayırdığım vaxt baxımından, zamanım çox az olur. Məhz bu səbəbə görə mən, edilən təkliflərdən imtina etmək məcburiyyətindəyəm. Amma bu, heç də o anlama gəlmir ki, mən, aparıcılıq etmək istəmirəm. Aparıcı olardım, həm də nümunəvi. Təsəvvür edin ki, mənim televiziyada çalışdığım müddətdə hər efir çıxışından sonra, bizə peşəkar diktorlar müxtəlif iradlar tutardı. Misal üçün, hansısa sözdə bir hərfi zəif tələffüz etdiniz və ya tutaq ki, "e" səsi səslənməli olduğu halda, "ye" deyildi və s. Yəni, bu dərəcədə güclü senzura var idi.

- Hazırda efirimizi senzura xilas edə bilərmi?

- Deyərdim ki, bəlkə də zamanla hə. Hər halda, bunun üçün çox iş görmək lazımdır.

Türkiyəli rejissorlarla iş birliyim

- Bilirik ki, bir neçə yerli və əcnəbi seriallarda yer almısınız. Müasir filmlərimizin durumu sizi qane edirmi?

- Mən deyərdim ki, yox. Başlayaq elə rejissor işindən. Təsəvvür edin ki, məhz rejissor işinin aktyora çox böyük təsiri var. Hətta bir sıra seriallarda xaricdən dəvət almış aktyorları izləmişəm. İnanın ki, bu bir dəhşətdir; mən inana bilmirdim ki, bu, həmin məşhur insanlardır. Onlar istər-istəməz dəyişilmək məcbiriyyətində qalıblar, filmə qarşı olduqca soyuq münasibət bəsləyiblər. Amma gəlin, götürək elə Türkiyəni. Orada aktyor filmə canını qurban verir. Mənim türkiyəli rejissorlarla çox sayda iş birliyim olub. "Avropa-Avropa" serialında rollardan birini canlandırmışam. Xaricdə sənətə və yaradıclığa münasibət tam başqadır.

- Necə edə bilərik ki, bizdə də münasibət tam başqa olsun? Axı, prezidentimiz İlham Əliyev tərəfindən serialların və filmlərin çəkilişi üçün dövlət büdcəsindən xeyli vəsait ayrılıb!? Belə olan təqdirdə nə çatmır?

- Bizdə bu iş uzun zaman alacaq. Adicə bir misal çəkim sizə. Rejissorla iş birliyi haqqında danışmağa gedirsən və görürsən ki, adi bir çayxanada sadə geyimdə oturub səni gözləyir. Təxminən bir ay keçir, bir də görürsən həmin rejissor artıq serial çəkilişinə başlayıb və dəbli geyimdə, olduqca dəbdəbəli məkanda danışıqlar aparır. Sizcə bu vəziyyət hansı məsələdən xəbər verir?

Peşəkarlara peşəkarcasına qonorar

- Yəni düşünürsünüz ki, ortada ədalət hökm sürərsə, işlər də planlı şəkildə davam edər və nəticədə keyfiyyətli iş meydana gələr?

- Əlbəttə. Bundan əlavə, gəlin, baxıb görək, seriallarda çəkilənlər kimlərdir? Əksəriyyəti adi şöhrət arzusunda olan və təmənnasız çəkilən insanlardır. Peşəkarlara isə qonorar elə peşəkarcasına ödənilməlidir deyə, onların əksəriyyəti bu cür serallarda yer almırlar. Rejissorlar bəzi tanınmış aktyorlardan öz filmlərində reklam daşıyıcısı obrazında sözün əsil mənasında istifadə edirlər.

- Sizin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparıcı aktyor olduğunuz haqqında məlumatlıyıq. Lakin bu yaxınlarda sizi, tam fərqli ampluada gördük. Rejissor Nicat Kazımova məxsus "Zorən şorgöz" və "Kölgə" tamaşalarında həm komik, həm də ciddi obrazla yadda qaldınız.

- Bəli. Mən Nicata hədsiz minnətdaram. O, tamaşaçıya mənim bütün səhnə bacarıqlarımı nümayiş etdirməyə geniş imkan yaratdı.

- Sizin üçün ciddi rol ifa etmək daha asandır, yoxsa komik?

- Əslində, ciddi obrazla tamaşaçını güldürmək daha çətindir. Mən komik obraz yaratdıqda, onsuz da hər kəs güləcək. Lakin deyərdim ki, hər iki janr da olduqca çətin və məsuliyyətlidir.

- Deyilənə görə, uzun müddət Türkiyədə müğənni kimi çalışdınız. Türkiyədə qalıb işləmək təklifi ilə razılaşardınızmı?

- Qətiyyən. Sizi inandırım ki, mənə bir sıra təkliflər də edilib, amma razılaşmamışam. Azərbaycanı heç bir ölkəyə dəyişmərəm. Üstəgəl, mən ailədə yeganə oğlan övladıyam. Ailəmin, anamın və bacılarımın mənə ehtiyacı var.

- Türk mahnılarının mahir ifaçısı kimi daha çox tanınırsınız. Bəstəkar mahnılarına niyə az müraciət edirsiniz?

- Türk mahnısı olan "İsyan"la bağlı deyirsinizsə, onu qeyd edərdim ki, bu mahnını sırf özüm hiss etdiyim kimi ifa etmişəm. Bəstəkar mahnılarına gəldikdə isə onu deyərdim ki, mən bəyəndiyim mahnıdan heç bir zaman imtina etməmişəm. Ümumiyyətlə isə, Cavanşir Quliyev, Elçin İmanov, Eldar Mənsurov kimi tanınmış bəstəkarlarla çalışmışam.

- Səhnə həyatınızda baş vermiş gülməli bir hadisəni danışardınız.

- Gülməli hadisələr çox olub. Amma bir hadisə oxucular üçün daha maraqlı olar. Deməli, tərəf müqabilim gözəl aktrisa Firəngiz Mütəllimova ilə "Varlı qadın" tamaşasında oynayırdıq. Mənim 30 saniyə zamanım var idi ki, pərdə arxasına keçib, cəld geyimimi dəyişərək, yeni kostyum geyinim. Təsəvvür edin ki, pencəyi geyindim, şalvar isə mənim ölçülərimə uyğun deyildi, bəlkə də 4-5 ölçü böyük idi. Kostymçu qadın özünü itirməyib mənə dedi ki, a, nə yaman arıqlamısınız, Aslan bəy? Siz deməyin, kostyumlar səhv düşüb və adları səhv salaraq Siyavuş Aslanın şalvarını mənə gətiriblər. Mən dərhal şalvarı bir təhər kəmərlə bağlayıb, səhnəyə çıxdım, amma tamaşanın sonuna qədər səhnədə üzü tamaşaçılara tərəf hərəkət etdim ki, şalvarın arxasında yığılan büzmələr seyr edənlərin nəzərinə çarpmasın.

Əməkdar artist

- Şəxsi və yaradıcı həyatınızdan razısınızmı?

- Bəli. Şəxsi həyatım öz qaydasındadır. Bir qız övladım böyüyür. Yaradıcılıqla bağlı onu qeyd edə bilərəm ki, dövlətimiz tərəfindən iki il əvvəl əməkdar artist adına layiq görülmüşəm. Ümumiyyətlə isə onu vurğulamaq istərdim ki, mən bu mərtəbəyə əziyyətlə, dişimlə-dırnağımla yol açaraq gəlmişəm. Əziyyətli işin bəhrəsini dadmaq başqa ləzzətdir.

Avtoportret yaradılsın

- Sonda sizin haqqınızda hansı məqamın qeyd olunmasını istəyərdiniz?

- İstəyərəm, məni gördüyünüz kimi təsvir edəsiniz. Bir çox insan mənə pozitiv olduğumu deyir. Biz hazırda teatrda sahilə qədər yol boyunca insanlardan necə olduqları haqqında soruşsaq, heç biri özünə pis deməz. Amma mən istərdim ki, mənim yaxşı cəhətlərimlə yanaşı, çatışmayan cəhətlərim haqqında da deyilsin, bir növ avtoportretim yaradılsın.

Aslan Şirinlə sağollaşaraq onun haqqında necə avtoportret yaradacağımı düşündüm. Haqqında heç bir qalmaqal eşitmədiyim, olduqca mədəni və intellektual aktyor haqqında yaratdığı obrazlar danışdı. O, "Anamın kitabı"nı sonda qəbul edən müasir gəncdir, "Zorən Şorgöz"ün vəfalı dostu Corcdur, o, ikili həyatını dərk edərək, uzaqlaşan "Kölgədir" və nəhayət, o, bizim sevimli aktyorumuzdur.

Teatrın əbədi simvolları olan gülüş və kədər simaları onun taleyinin tərkib hissəsidir. O, məhz həmin sənətkardır ki, doğma insan itkisini ürəyində dəfn edərək səhnəyə çıxıb və göz yaşlarını gizlədərək, həmin kədərdən xəbərsiz olan biz tamaşaçıları güldürməyi bacarıb. O, sadiq dostumuz Aslan Şirindir.

Tarix
2015.05.05 / 09:52
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla