Yuxarı

“Dedilər, ya işlə, ya da şeir yaz...” - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəfil qonaq" layihəsində

Bu dəfə "Qəfil qonaq" olaraq keçmiş dənizçi, şair-bəstəkar Hüseyn Sözlünün Həzi Aslanov qəsəbəsindəki evinin darvazasının düyməsini basdım. Nəvəsi içəridən mikrofonla çağırışıma səs verdi:

- Kimdir?

- Babana de, Faiq əmi gəlib.

Az keçmiş Hüseyn müəllim qapıda görünür. Səmimi görüşürük:

- Qapı açıq idi ki, keçərdin həyətə, - kənara çəkilib balaca qapıdan keçməyimə şərait yaradır.

Həyət səliqə-sahmanı ilə göz oxşayır. Ağaclar budanıb, gövdəsi ağardılıb. Yaz bu həyətdə özünü daha çox göstərə bilib. Yay vaxtı daima oturduğumuz iri həmişəyaşıl ağacın altında seyrək yarpaqlar var. Meyvə ağaclarının çiçəkləri budaqların çılpaqlığını yox edib, həyətə xüsusi yaraşıq verir.

Hüseyn müəllim qəfil gəlmiş qonağını evə dəvət edir və hiss edirəm ki, qəfil gəlişimdən bir qədər narahatdır. Amma heç nə soruşmur. Eləcə:

- Gündüz zəng etmişdin, heç demədin ki, gələcəm.

- Hə bu "Qəfil qonaq" layihəmiz üçün idi. Eləcə dəqiqləşdirirdim ki, işdəsən, ya yox.

Hüseyn müəllimin iş otağına keçirik. Az sonra oğlu Hikmət gəlir, görüşürük. Sonra xanımı Elonora müəllimə çay tədarükü görür. Hüseynlə illərin tanışıyıq. Bu evdə özümü rahat hiss edirəm.

Qısa tanıtım verim: Hüseyn Sözlü 1946-cı ilin aprel ayında Şərur rayonun Şəhriyar kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Bakıda Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbində təhsil alıb. Xəzər Dəniz Gəmiçiliyi İdarəsində çalışıb. Polşada, Rumıniyada, Finlandiyada, Bolqarıstanda, Norveçdə, İngiltərədə, Türkiyədə, İranda və daha onlarla ölkənin sularında üzüb. Eyni zamanda Odessa Ali Dəniz Mühəndisləri İnstitutunu bitirib. Həm də orta ixtisas musiqi təhsili var. Tar sinfində oxuyub. Yaradıcılıqla isə hələ orta məktəbdə oxuyandan məşğul imiş. Bu haqda söz salıram.

- Erkən yaşlarımdan şeirlər yazırdım. Musiqiyə marağım isə daha çox idi, - deyir.

Şairin ad günü ərəfəsində ötən günlərini vərəqləyirəm. Xatirələrini dilə gətirir. Sözsüz ki, həyatının yarıdan çoxunu keçirdiyi dəniz söhbətimizin əsas mövzusu olur:

- İlk işlədiyim gəmi "Çupura" tankeri idi. Heyətdə cəmi iki azərbaycanlı idik.

- Dənizli günlərinizə necə başladız?

- İlk günlər çox darıxdırıcı idi. Həm də bizim millətə qarşı heyətdə, elə gəmiçiliyin özündə də ayrı-seçkilik, ögey münasibəti görməmək olmurdu. Boş vaxtım az olurdu, imkan olduqda şeir yazırdım. Bir dəfə İngiltərədə olarkən qəribə bir mənzərənin şahidi oldum. Mehmanxanada idik. Səhər yuxudan durub gördüm ki, pəncərəmə iki qumru qonub. Cütlük idi. Elə mehriban duruşları vardı ki... Ailəli idim. Birdən-birə qəribliyimi, tənhalığımı hiss etdim. Zümzümə ilə bir mahnı ifa etdim. Sözlərini də özümdən toxudum. "Sevgilim" adlanacaq bu mahnı sonradan bir neçə müğənni tərəfindən ifa olundu.

Hüseyn müəllimin həyat yolu çox maraqlı keçib. Uzun müddət donanmada müxtəlif vəzifələrdə çalışıb. Yaxın ətrafından başqa heç kimə şeirlə, musiqi ilə ilgiləndiyini sezdirməyib. Vaxtilə mənim çalışdığım Xəzər Dəniz Neft Donanmasının baş mühəndisi olub. Hər kəs onu xeyirxah adam kimi tanıyır. İndi təqaüddə olsa da, özəl dənizçilik şirkətləri onun təcrübəsindən, bacarığından yararlanır. Dənizi gözəl bilir və gəmi texnologiyasının əvəzsiz mütəxəssisidir. Lakin son illər özünü bədii və musiqi yaradıcılığına həsr edib desəm, ifrata varmaram.

- Həmişə xarici sularda üzmüsünüz. Sonradan da məsul vəzifələrdə çalışdınız. Amma ilk əvvəllər deyəsən yaradıcılığa ötəri həvəs olub.

- Ötəri demək olmazdı. Doğrudur, yazdıqlarımı üzə çıxarmazdım. Vaxtım olanda, sahmana da salırdım. Amma kitab dərc etdirmək haqda heç fikrim də olmamışdı.

Çayımız təzələnir. Durub kitablarından gətirir.

- 9 kitabım dərc olunub. Özü də bu məsələdə sənin xidmətin oldu, bunu hər zaman deyirəm. Yadındadır da, kitabını gətirmişdin mənə. Xeyli söhbət etdik, söz-sözü çəkdi və öyrəndin ki, mən də şeir yazıram. Təkid etdin, şeir dəftərlərimi verdim sənə və məni təhrik etdin ki, bunları dərc edək. Hər yerdə deyirəm bunu.

- Əşi, mənlik nə var e burada. İstedad elə şeydir ki, hansı yolla olsa, üzə çıxmalıdır. Bu, Allahın işidir.

- Hə də, elə Allah da sənin vasitənlə mənə dedi ki, yazılarını topla.

Yadımdadır, Hüseyn Sözlünün ilk kitabına "Dənizə bağlıyam mən" adını qoyduq. Kitabda lirik və dənizlə bağlı şeirlər daha çox idi. Əsasən gənclik illərinin qələm təcrübələrini oxucularının öhdəsinə verdik.

- Hüseyn müəllim, hər kəs bilir ki, dəniz işi ağır bir işdir. Siz də rəhbərlikdə təmsil olunurdunuz, işiniz çox idi. Yaradıcılığınız mane olmurdu ki?

- Yox, yaradıcılığım işimə mane olmurdu. Amma yaradıcılığıma mane olanlar oldu. Tez-tez televiziyalara dəvət olunurdum. Rəhbərlik mənə qadağalar qoydu, "Ya işlə, ya da şeir yaz", - dedilər.

- Və birdən-birə sizin sözlərinizə və musiqinizə aid kasetlər yayılmağa başladı.

- 100 dən çox bəstəm var. Razim Paşayev, Şakir Quliyev və bir neçə bəstəkar şeirlərimə müraciət edib. Müğənnilərdən isə Qədir Qızılsəs, Sabir Əliyev, Yusif Mustafayev, Səyyad Əlizadə, Dilşad Musyaeva, Əlikram Bayramov, Rahidə Baxış, Manaf Ağayev, Elxan Şirinov və digərləri mənim mahnılarımı ifa edib. Təkcə "Gülüm, hey, gülüm" mahnımı 20 dən çox müğənni oxuyub. Bütün toylarda ifa olunur. Hətta Türkiyənin tanınmış müğənnisi Hayri Öztürk bu mahnıya klip də çəkdirib. Yutubda yerləşdirilib.

Stolunun üstündə Rüstəm Behrudinin, Fərqanənin, Narıngülün, Kəmaləddin Qədimin, Hacı Arifin, Sənəm Səbayelin, Arzu Kazımqızının şeir kitabları var. Dolabdakı kitablara baxıram. Anarın, Elçinin, Mövlud Süleymanlının, Şərif Ağayarın, Əkbər Qoşalının və mənim iş yoldaşım Pərviz Cəbrayılın kitabları. "Öləngi"ni əlimə götürürəm. Baxıb qımışır:

- Hə, tanıdın deyəsən, bu kitabı səndən götürmüşəm. Oxuyub qaytaracaqdım, nə sən istədin, nə də mən verdim.

Kitabı yerinə qoyuram. Dolabda "Avrasiya şairləri antologiyası" kitabının 2 cildliyini görürəm. Hüseyn müəllim aydınlıq gətirir:

- Martın 6-dan 8-nə kimi Antalyada olduq. Şeir şöləni idi. Biz ora getməzdən öncə Arzu Kazımqızının sözlərinə türkçülüklə bağlı bir mahnı da yazdım. Aygün adlı gənc müğənni ifa etdi. 10 gün qabaq göndərmişdik. Bəyəniblər. Orada qərara alındı ki, bu mahnı "Avrasiya şarkısı" adlandırılsın. Və bu, hər il keçiriləcək mərasimin himni kimi səslənsin. Münsiflər heyətinin hər biri yaxınlaşıb: "Hocam, bu böyük bir sənət əsəridir", - dedilər. Təkcə bir nəfərdən başqa. Sonradan öyrəndik ki, o özü də bəstəkardır.

Hüseyn Sözlü ilə söhbətimizin arasına hansısa səsyazma studiyasından gələn zəng girir.

- Bu axşam, yeni mahnılarım yazılacaq. Orda olmalıyam, sən gəldin, getmədim. Gözləyirlər. Bəlkə birlikdə gedək?

- Yox, şair. Siz gedin mahnını yazdırın, mən də oxucularımızın oxuyacağı yazını.

Tarix
2015.04.06 / 09:20
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla