Yuxarı

“Bu əsəri Anar, Elçin yazsaydı…”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Soraq" layihəsində

Səxavət Talıblı memardır. Keçmiş SSRİ-nin bir çox şəhərlərində işləyib. Müstəqilliyimizin ilk vaxtlarında Türkiyədə bir çox uğurlara imza atıb. Erkən yaşlarından bədii yaradıcılıqla da məşğul olub, dövri mətbuatda imzası müntəzəm görünüb və sonradan qeybə çəkilib. Bu yaxınlarda nəşr etdirdiyi "Adəmin övladları" romanı isə ədəbi cameədə müzakirələrə səbəb oldu. AYB-nin üzvü, prezident təqaüdçüsüdür. Yumor hissi kifayət qədər yüksək olan memar-yazarla "Soraq" layihəsində görüşdüm.

Çox əziyyət çəkdim

- Səxavət, sən qəzəl şairi kimi tanındın. Satirik şeirlər də yazdın. Sonra birdən-birə irihəcmli əsərlərlə gündəmi zəbt etmək istədin.

- Faiq, mən hələ orta məktəbdə oxuyarkən hekayələr yazırdım, əlbəttə, çapa vermirdim, amma ilk hekayələrimdən biri olan "Dayça sövdəsi" rayon qəzetində çap olundu. Pis qarşılanmadı, haqqında yazdılar da.

- Demək istəyirsən, bu hekayə sənin yaradıcılığında dönüş yaratdı?

- Elədir, o hekayə həqiqətən də mənə əzizdir, birinci romanıma da əlavə etdim.

- Niyə? Mövzu qıtlığı idi, yoxsa olmuş hadisənin təsviri bir hekayədə dolğun təsvir edilməmişdi?

- Yox, yox, Allahımdan çox razıyam ki, mənim mövzu sarıdan korluğum yoxdur. Dostumuz Balayar Sadiq bir dəfə mənə dedi ki, gəl, hekayələrini birləşdir, bir roman şəklinə sal. Əvvəl çox əziyyət çəkdim, vaz keçmək istədim, sonra düşündüm ki, yəqin bu məni sınayır ki, görsün qabımda nə var nə yox.

- Və sən də hekayələrini uc-uca "bağladın".

- Hə, bu variant ikinci romanımda mənə çox kömək oldu.

Bu bir zarafat idi

- İkinci romanın "Adəmin övladları" adlandı. Bitirməzdən öncə böyük bir iddia ilə danışırdın. Əsər ortaya qoyulmadan salınan bu hay-küy nə idi? Ədəbi cameənin diqqətini özünə çəkmək istəyi deyildi ki?

- Şair, bu bir zarafat idi, istəyirdim adəm övladları mənim "Adəmin övladları" əsərimi oxusunlar. Oxutdura bildim, bu zarafat da burda bitdi.

- Amma hər zarfatda bir gerçəklik, ciddiyət də var. Deyirdin ki, bəzi romançılara sübut edəcəyəm ki, əsər necə olar.

- Bunu artıq oxucular müəyyən edər, mən bir söz idi demişdim.

- İradə adlı bir oxucu var, romanımı oxuyub. Soruşur ki, Səxavət bəy memardır, görəsən memar olaraq həyatına düzən verə bilibmi?

- İradə xanımı tanımıram, romanımı oxuyub, sağ olsun. Amma bu sualının cavabını nə əcəb o əsərdə görə bilməyib? Bəşəriyyətin tək bir memarı var, biz kimik ki, onun çəkdiyi düzənə müdaxilə edək.

- Bütün oxucularını tanımaqmı istəyirsən?

- Əlbəttə, bu, mümkün deyil, amma belə suallarla müraciət edənləri tanımaq istərdim.

Bu sualın çox köndələn olmadı ki?..

- Tanıyarsan. Bəs sənin xanım pərəstişkarların da var axı, onların qəzəbinə gəlməzsən?

- Faiq, bu sualın çox köndələn olmadı ki?..

- Yaxşı, qorxan gözə çöp düşər. De, səni əsərlərinə görə tanımaq istəyənlər daha səmimidir, yoxsa sənə görə əsərlərini oxuyanlar?

- Tam diqqət mərkəzimdə olan bir sual verdin. Qəribədir, adlarını çəkməyəcəm, yaxından tanıdığım bir neçə şair, yazar məndən kitab istədi. Verdim, sonra bu mövzuya heç qayıtmadılar, elə bil qurbağa gölünə daş atdılar.

- Səncə niyə? Paxıllıq vardı, yoxsa kitabını heç oxumadılar?

- Oxumadılar? Səni inandırım ki, bəlkə bir gecəyə bitirən də oldu.

- Bəs niyə susdular?

- Bu romanın yazılması onların süqutu idi. Barışmadılar…

Əkrəm Əylislinin "Daş Yuxuları"na cavab

- Bir dəfə dostlara dedin ki, aparın mənim əsərimi Əkrəm Əylisliyə göstərin və deyin ki, romanı belə yazarlar. Bu iddianda yazıçıya qarşı qəzəb də vardı...

- Elədir, mən bu sözü demişəm və indi də bu iddiadayam. Yenə də o kəlməni təkrarlayıram, buna şübhəsi olanlar varsa, aparıb bu əsəri ona çatdırsınlar. Bəli, mənim bu əsərim "Daş yuxuları"na cavabdır, özü də layiqincə.

- Həm də incik halda tənqidçilərə ünvanlanan mesajın da oldu: Bu əsəri Anar, Elçin, Çingiz Abdullayev yazsaydı, indi bir-birlərinə imkan vermədən haqqında yazardılar.

- Faiq, mən o haqda demişəm, amma ad çəkməmişəm, sadəcə demişəm ki, bu romanı tanınmış yazarlarımızdan, yəni xalq yazıçılarımızdan hər hansı biri yazmış olsaydı, yəqin ki, layiqi qiymətini alardı. Anar müəllim dünya şöhrətli yazarımızdır, o belə əsərləri zamanında yazıb, bizim hələ onun yerişini yeriməyimizə əsrlər var.

- Yox, sənin iradın tanınmış yazarların əsərlərinə məqsədli şəkildə müraciət edən tənqidçilərə hesablanmışdı. Kimdən ən çox umurdun ki, yazsınlar?

- Yəni mənim romanım haqdamı?

- Hə də…

- Uman yerdən küsərlər - atalar məsəli var. Əlbəttə, ilk növbədə dostlarımdan.

- Kimdir axı sənin ürəyinə xal salan o zalım dostlar?

- Mən səndən, Qəşəmdən, Balayardan, Dayandurdan və başqa dostlarımdan umuram.

- Biz tənqidçi deyilik axı…

- Tənqitçilər arasında da dostlarım var, amma niyə mən onu deməliyəm? Gərək özləri yazsınlar. Yəqin bu əsər haqda nə vaxtsa yazarlar.

Ədəbi mühütdə ögeyəm

- Yaxşı, giley-güzarı qoyaq qırağa. De görüm, özünü ədəbiyyat adamı kimi daha yaxşı hiss edirsən, yoxsa memar?

- Memarlıq incəsənətin onurğa sütunudur. O da bir poeziyadır. Mən hər iki yerdə rahatam. Amma deyə bilmərəm oxucum məni oxuyanda rahatdır, yoxsa yox. Memar kimi isə tikdiklərim göz oxşayıb…

- Özünü ədəbi mühütdə necə hiss edirsən? Ögey görünmürsən ki?

- Əlbəttə, ögey yerindəyəm, çünkü gündə bir yerdə olduğum dostlarım, ədəbi mühitdə bir tədbir, yığıncaq olanda bunu mənə çatdırmırlar, ögeyliyim çıxır üzə.

- Elə tədbirdə olmamaq? Bəs özünü bir yazar olaraq harda görürsən?

- Mənim elə böyük iddiam yoxdur, amma özündənrazı, yazıları beş qəpiyə dəyməyən "şair-nasir"lər olur, şou yaradaraq çevrələrinə özləri kimilərini yığaraq meydan sulayanda gülməyim gəlir. Bilirsən ki, mənim mindən yuxarı yaratdığım lətifə var. Belələrinə də həsr etmişəm, bu yaxınlarda işıq üzü görəcək "Lətifələr" kitabımda o insanları görərsiz.

- Səxavət, deyəsən axı ədəbi taleyindən nigaransan. Sən nəyi umurdun, nə arzulayırdın, amma gerçək olmadı. Sözzsüz ki, sualım ədəbi mühitlə bağlıdır.

- Mənim heç kəsdən və heç nədən umacağım yoxdur. Sadəcə bir şey mənə qaranlıq qalır, bəlkə buna sən aydınlıq gətirəsən.

- De görüm hələ, imkan daxilində…

- Yadındadır, mənim qəzəlimdən bir beyt paylaşdın:

Bükülən qamətimə əldə əsam da dözmür,

Əyilib dənləyirəm keçmişi yerdən, dən-dən.

- Yadımdadır, nə olub ki?

- Bax, bu qəzəli mən sosial şəbəkədə paylaşdım, həmişəki kimi, 20-25 oxucu bəyəndi. Amma bu beyti sən paylaşdığından az keçmədi ki, kifayət qədər sayda oxucu bəyəndi, hətta rəy də yazdılar.

"Kamaz" təkərlərinin altından çıxarıb düzəltmişəm

- Görünür, mənim ədəbi zövqümə dəyər verənlər daha çoxdur da…

- Bir söz demirəm. Şeirinə, qəzəlinə düzəliş verdiyim dost-tanışlar olur, pəh, 200, 250 nəfər bəyənir. İnan, o yazıları da "Kamaz" təkərlərinin altından çıxarıb, döyə-döyə düzəltmişəm e, Faiq bəy. Dünənə kimi qəzəllərinin sınıq- söküyünü düzəltdiyimiz "qəzəlxan"lar ustad olublar, meydanda var-gəl edirlər, bax, bu mənə çatmır. Bəlkə sən izahatını verəsən? Sonunda qəzəl paylaşmaqdan vaz keçdim. Bir də görürsən qəzəlin nə olduğunu dərk etməyən birisi şərh yazıb: sağ ol ustad, nə əla yazmısan, əlinə sağlıq. Gülünc bir vəziyyətdir, bilirəm ki, o adam heç bunu dərk etməyib, dərk etsəydi, elə şərh yazmazdı. Bu əsəri əslində o oxuculara mənim qəzəllərimi oxusunlar deyə yazdım.

- Bəs bayaq dedin ki, bu romanı Əkrəm Əylislinin "Daş yuxuları"na cavab olaraq yazdım.

- Sözümün üstündəyəm yenə də…

Xalqın saqqızını oğurlayıb…

- Hə, belə hallar olur. İzahatı da odur ki, çox vaxt ciddi yazılara fikir vermirlər. Sən bunlara bənd olma. De görüm, heç ürəyindən keçib xalq yazıçısı olasan?

- Yatıb yuxumdan belə keçirmərəm, amma dediyim kimi, elə iddiada olanlar var, özü də az deyillər. Qorx ki, blef qurub özünə, sözünə inamı olmayanları çevrəsinə toplamağı bacaran o şou yazarlar, - hətta TV jurnalistlərinin bəziləri də onların toruna düşüb - geniş kütləni də ələ alsın və kütlə bu axına qoşulsun. Bax, faciə budur. Xalqın saqqızını oğurlamaq, həqiqi xalq yazıçısı olmaq çətindir, şair.

- Deyəsən axı, çox giley-güzar etdik, de görüm, sən ədəbiyyatımızdan nə gözləyirsən, həm də ədəbiyyatımız səndən nə gözləsin?

- Ədəbiyyatımız yazardan nə gözləyər axı? Gələcək nəsil üçün yadda qalan hər nə varsa. Deyilməmiş söz, fikir, ideya, yaxşı əsər. O ki qaldı mənim ədəbiyyatımızdan gözlədiklərimə... Tərəfkeşlik, yerlibazlıq, dəyərsiz yazıları ucaldıb, gözəl əsərləri kölgədə qoymaları olmasa, hər şey gözləmək olar. Əlbəttə, yaxşıya doğru. Amma maləsəf, bu, belə deyil…

Tarix
2015.04.02 / 10:05
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla