Ana səhifə Gündəm |
"Azərbaycan gücləndikcə bizə təzyiqlər də artır. Bizim müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir. Belə olan halda bizə qarşı təzyiqlər artır, təzyiq mexanizmləri işə salınır".
APA-nın xəbərinə görə, bunu bu gün Novruz şənliyi münasibətilə ictimaiyyət qarşısında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Prezident bildirib ki, bu gün bəzi xarici dairələr Azərbaycana
qarşı açıq kampaniya aparırlar: "Biz buna hazırıq. Bu kampaniya
əslində heç vaxt dayanmayıb. Sadəcə olaraq, önəmli beynəlxalq
tədbirlər ərəfəsində bu kampaniya daha da eybəcər forma alır. Biz
bunu üç il bundan əvvəl – 2012-ci ildə "Eurovision" müsabiqəsi
ərəfəsində görmüşük. Bu gün də birinci Avropa Oyunları ərəfəsində
bunu görürük".
Ölkə başçısı qeyd edib ki, bu, koordinasiya olunmuş şəkildə təşkil
edilmiş, bir və ya bir neçə mərkəzdən idarə olunan antiazərbaycan
kampaniyasıdır: "Bunun məqsədi ölkəmizi ləkələmək, qaralamaq,
işlərimizə kölgə salmaq və Azərbaycanı geridə qalmış,
qeyri-demokratik, azad olmayan ölkə kimi təqdim etməkdir. Bütün
bunlar təbii ki, yalan üzərində qurulur. Ona görə nə Azərbaycan
xalqı, nə dünya ictimaiyyəti buna inanmır. Azərbaycan xalqı hər
şeyi öz gözü ilə görür. Son illərin inkişafı, şəhərlərimizin
abadlaşdırılması, ölkəmizin iqtisadi, sosial inkişafı, beynəlxalq
nüfuzumuzun artırılması göz qabağındadır. Eyni zamanda, bizim
işlərimiz dünya ictimaiyyəti üçün də artıq sirr deyil. Çoxsaylı
tədbirlər, sərgilər, konfranslar, Azərbaycan mədəniyyətinin xarici
ölkələrdə təqdimatı artıq beynəlxalq ictimaiyyətə də Azərbaycan
haqqında kifayət qədər dolğun məlumatın çatdırılması üçün şərait
yaradır".
Prezident deyib ki, "ekspertlər", "politoloqlar", keçmiş dövlət
xadimləri, bəzi mətbuat orqanları sanki Azərbaycana qarşı soyuq
müharibə elan ediblər: "Bir daha demək istəyirəm ki, bütün bu
səylərin heç bir nəticəsi yoxdur, ola da bilməz. Dünyada elə qüvvə
yoxdur ki, Azərbaycan xalqının iradəsinə təsir edə bilsin".
Dövlət başçısı Azərbaycanda bütün azadlıqların təmin edildiyini
bildirib: "Azərbaycanda azad cəmiyyət formalaşıb. Hər kəs azaddır.
Azad mətbuat təmin edilib. İnternetə heç bir məhdudiyyət qoyulmur,
azad internet var. Sərbəst toplaşmaq azadlığı təmin edilib. Vicdan,
din azadlığı bəzi ölkələrdən fərqli olaraq tam şəkildə təmin
edilib. Ancaq bizi ittiham etmək istəyən dairələrin öz
ölkələrindəki vəziyyətə baxın. Bax elə dünən Avropanın mərkəzində
yüzlərlə nümayişçi döyülərək, söyülərək həbs edilib. Başqa yerlərdə
insanlar boğularaq, güllələnərək öldürülürlər. Heç kim də buna görə
məsuliyyət daşımır. Haradadır o qeyri-hökumət təşkilatları ki, bizi
ittiham edirlər? Niyə susurlar? Niyə öz səslərini ucaltmırlar? Niyə
o ölkələri ittiham etmirlər? Cürətlərimi çatmır? Yoxsa ki, bu,
ikili standartlar siyasətidir?! Yəqin ki, hər ikisidir. Nə üçün
beynəlxalq qurumlar bəyanatlar yaymırlar? Nə üçün qətnamələr qəbul
edilmir? Bax, bu suallara cavab almaq çox çətindir. Mən həm xarici
həmkarlarımla, həm beynəlxalq təşkilatların rəhbərləri ilə çoxsaylı
görüşlərimdə bu sualları açıq şəkildə onlara verirəm. Bəlkə buna
görə də Azərbaycana qarşı təzyiqlər daha da kəskinləşir. Əfsuslar
olsun ki, bu gün dünya siyasətində beynəlxalq hüquq yox,
riyakarlıq, ikili standartlar, ayrı-seçkilik, irqçilik,
islamofobiya, ksenofobiya hökm sürür. Budur bugünkü reallıqlar. Ona
görə, biz buna hazır olmalıyıq və hazırıq. Biz ölkəmizi
gücləndiririk, ölkəmizi inkişaf etdiririk. Bir daha demək istəyirəm
ki, Azərbaycanda bütün azadlıqlar mövcuddur – siyasi azadlıqlar,
vicdan azadlıqları, iqtisadi sərbəstlik. Bu gün Azərbaycan istər
iqtisadi inkişaf, istər dinlərarası dialoq baxımından nümunəvi bir
ölkədir".
Prezident qeyd edib ki, Yaxın Şərq, Avropa, MDB məkanında qanlı
toqquşmalar, etnik, dini zəmində qarşıdurmalar, qarşılıqlı
ittihamlar olduğu halda Azərbaycanda bütün millətlərin, dinlərin
nümayəndələri bir ailə kimi yaşayır: " Bu, bizim siyasətimizdir,
xalqın da sifarişidir. Azərbaycan bu gün dünya üçün əhəmiyyətli
ölkəyə çevrilib. Bizi beynəlxalq aləmdə dəstəkləyən ölkələrin sayı
durmadan artır. Dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik
Şurasına 155 ölkənin dəstəyi ilə seçilmişik. Qoy, bizi ittiham
etməyə çalışan ölkələr 155 ölkənin dəstəyi ilə seçilsinlər, görək
necə seçilirlər. Bax budur reallıq. Ona görə, əlbəttə ki,
Azərbaycan xalqını bu ədalətsizlik, ikili standartlar siyasəti,
riyakarlıq və siyasi mədəniyyətsizlik üzür. Ancaq bu, bizim
iradəmizə heç vaxt təsir edə bilməz".
Prezident qeyd edib ki, Azərbaycana təzyiq etmək istəyənlər üçün
Avropa Oyunları sadəcə bəhanədir: "Sanki bəzi xarici qüvvələr var
ki, bunu bizə çox görürlər. Baxmayaraq ki, biz öz üzərimizə böyük
məsuliyyət götürmüşük. Yəni, bu Oyunları iki il yarım ərzində
hazırlamaq çox çətin məsələdir. Bu Oyunlar Olimpiya Oyunlarının
səviyyəsində keçiriləcək. Olimpiya Oyunlarını keçirmək üçün yeddi
il vaxt verilir. Biz isə cəmi iki il yarıma, ən aşağı büdcə ilə
bunu edirik. Dünən Avropanın mərkəzində nümayişçilərin etirazına
səbəb bir binanın inşası olmuşdu. Bizim bütün Avropa Oyunlarına
hazırlıq işlərinə xərclədiyimiz vəsait bir binaya xərclənib. Bəs
haradadır "Transparency International"? Niyə bu işlərdə öz sözünü
demir? Avropada nəqliyyatla bağlı bir infrastruktur obyekti var. On
ildir inşa edilir. Bizim Avropa Oyunlarının hazırlanmasına
xərclədiyimizin ikiqatı qədər oraya pul xərclənib, hələ ki,
tikintisi qurtarmayıb. Bəs niyə bu barədə danışmırlar? Niyə bu
barədə yazmırlar? Bu, ritorik suallardır. Ancaq biz bu sualları
verməliyik və veririk. Çünki biz ədalətin tərəfdarıyıq. Hər yerdə
ədalət olmalıdır - cəmiyyətdə, ailədə, beynəlxalq münasibətlərdə.
Ədalət pozulduqda hər şey pozulur, inam pozulur. Sanki dünyada yeni
bir dəyərlər sistemi formalaşır. Ədalət əvəzinə qeyri-ədalətli
yanaşma, bərabərlik əvəzinə qeyri-bərabərlik, düzgünlük əvəzinə
riyakarlıq, yalan. Bax, biz buna qarşı mübarizə aparırıq. Əlbəttə,
Azərbaycan böyük dövlət deyil, amma bizim də kifayət qədər gücümüz
var ki, öz sözümüzü deyək, bölgədə və qitədə gedən proseslərə təsir
edək".
Tarix
2015.03.20 / 00:56
|
Müəllif
Axar.az
|