Yuxarı

Seymur Baycanın adam aldatmaqlığı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Söz vaxtına çəkər – keçən ilin bu vaxtları, ya da bundan bir-iki ay sonra, nə isə ki müsəlmanın keçən dəfəsi idi. Onda hələ dollar özünü tərbiyəli aparırdı, Kultura.az saytının redaktoru Seymur Baycan (və ya Haycan) da "xalqı maarifləndirmə" missiyasını üzərinə təzəcə götürmüşdü, kəsəsi, onda hələ xoşbəxt idik…

Feysbukda "vaxt öldürəndə" bir elan gördüm:

"Kultura.az növbəti məqalə müsabiqəsini elan edir.

Kultura.az saytı Y.V.Çəmənzəminlinin "Studentlər" romanı ilə bağlı keçirdiyi məqalə müsabiqəsindən sonra növbəti məqalə müsabiqəsini elan edir. Yeni müsabiqə məşhur azərbaycanlı yazıçı, dahi ədib Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsəri barədədir".

Şərtlərə görə, müsabiqəyə yazı qəbulu 2014-cü ilin aprelin 25-dən iyunun 20-nə qədər (həmin gün də daxil olmaqla) nəzərdə tutulmuşdu.

Müsabiqənin mükafatı isə pul olacaqdı. Birinci yerin sahibi 500, ikinci yerin sahibi 300, üçüncü yerin sahibi isə 200 AZN məbləğində kar edəcəkdi. Hələ bu harasıdır, iki həvəsləndirici mükafat da nəzərdə tutulmuşdu.

Xülasə, işsiz-gücsüz (neyləyim, Filologiya fakültəsinin "ədəbi tənqid" ixtisası üzrə magistraturasını qırmızı diplomla bitirsəm də, iş yox idi, qırmızı diplom üzümü qızartmışdı), ata pulu xərclədiyim, özümü ərincək kimi tənbəl və hamamböcəyi kimi yararsız hesab etdiyim vaxtda əlimə fürsət keçmişdi. Məqaləni yazıb "yer tutacaqdım". Guya. Ondan əvvəl də "Azadlıq" radiosundakı şeir müsabiqəsinə qatılıb 3-cü yerə layiq görülmüşdüm – amma onda iddiam-filan yox idi.

P.S. Ümumiyyətlə, şeir sahəsində iddia gülünc gəlir mənə. Şeir birmənalı olaraq hissdir. Heç kim heç kimin hisslərinə qiymət verə bilməz. Zəif şeir bayağı hisslərin məhsuludur, kiməsə "niyə belə yazmısan?" - deyib, asıb-kəsmək "niyə belə hiss eləyirsən?" deməyə bənzəyir.

Amma elmi məqalə... Bu dəfə iddialıydım – nə də olmasa, Bakı Dövlət Universitetində məqalə daşımaqdan saçımda üç-dörd ağ tük bitib. Əmin idim ki, münsiflər ən "vicdansız" olduqları halda mənim məqaləmə 3-cü yeri verəcəklər. Müsabiqəyə göndərilən məqalələr saytda çıxdıqca oxuyurdum, adamın üstündə özündən böyüyü var, "ağıllarına gələni" pis yazmamışdılar. Bir-ikisi istisna olmaqla, məqalələri, elə bil, çilingər, dülgər, xarrat-zad yazmışdı. Məsələn, biri yazısına belə başlayır ki, bəs: "Neçə ildir, kitabxanaya getmirdim". Köşə yazısı ilə məqaləni ayıra bilməyən adamlar 300-500 manatın dərdindən özlərini biabır eləmişdi. Amma onları qınamıram, biabır olduqlarını başa düşsələr, yazmazdılar axı. Həm bir adam neçə il kitabxanaya getmədiyini necə belə "sevincək" halda deyə bilər? İfrat səmimiyyət məndə həmişə ikrah hissi doğurub.

Elmi məqalə yazmaq üçün müəyyən araşdırma prosesi keçmək, ən azı, bir neçə ədəbiyyat siyahısından istifadə etmək və s. lazımdır. Bu "biədəb yazılar"ı gördükcə ümidlənirdim. Pisniyyətəm axı. Nə isə, iyunun 20-si gəlib çatdı, məqalələrin qəbul vaxtı bitdi, hətta vaxtı İran saqqızı kimi dartıb bir neçə gün uzatdılar da. Mən də arada Seymur Baycan ilə əlaqə saxlayıb müsabiqənin nə yerdə olub-olmadığını soruşurdum. Hətta aramızda belə bir "mehriban" dialoq da keçmişdi.

– Salam, bəy. "Oqtay Eloğlu" müsabiqəsi üçün məqalə göndərmək istəyirəm. Müsabiqə baş tutub, ləğv olunmayıb ki? Əsər qəbulu iyunun 20-nə kimidir, hə? Gecikməmişəm?

– Nə bilim, baxaq da, ayın 20-nə qədərdir.

– Məqalə hazırdır, axşam göndərəcəyəm. Yəni müsabiqənin baş tutması üçün bəlli bir say olmalıdır?

– Bəli. Bizim xalq da avaradır, yazı-filan yazmağa canları çıxır, bunlarınkı odur ki, boş başlarıyla mübahisə etsinlər.

– Heç olmasa, 10 yazı yoxdur?

– Ay bacı, sənə nə, yazını yazırsan yaz, yazmırsan yazma.

– Sakitləşin, mən də əsəbiləşə bilirəm! "Mənə nə"si odur ki, müsabiqə olmayacaqsa, istəmirəm məqaləm saytınızda çıxsın, vəssalam.

Demək, bu qara-qışqırığın üstündən yay keçdi, payız keçdi, qış keçdi, indi yaz gəlir, müsabiqədən bir xəbər çıxmadı ki, çıxmadı. Amma müsabiqədən xəbər çıxmasa da, Seymur əmidən "Mədəni səviyyəmizin qalxması" adlı bir yazı çıxdı. Belə deyək də, "üzrxahlıq yazısı". Əmi nağılına belə başlayır ki, "Yusif Vəzir Çəmənzəminlinin "Studentlər" əsəri mövzusunda yazı müsabiqəsini elan edəndə cibimdə cəmisi on manat pul var idi". Sonra da deyir ki, "bu dəfə müsabiqənin keçirilməsinə lazım olan maddi dəstəyi əvvəldən həll etmək qərarına gəldim". Amma yenə də ortada böyük bir "heç nə" oldu. Müsabiqə vaxtı əminin başına bir alma düşdü və ayıldı ki, "ey daadi-bidad, mən nağarajam bəs?" Adama deyərlər, yorğanına görə ayağını uzat da. Pulun yoxdur, nə müsabiqəbazlıqdır? Və ya əvvəlcədən deyərdin ki, "narod, bu müsabiqədə pul mükafatı yoxdur". And olsun "milli səviyyəmizə" ki, pul mükafatı olmasa da, mən o məqaləni göndərəcəkdim. Sadəcə, deməyim odur ki, bu "Avropa qiyafəli müsəlman kişisi" "camaatın başına corab hördü", lakonik desək, aldatdı. Bir yazıyla da bu biabırçılığı ört-basdır eləməyə çalışdı. Heç olmasa, yazını da vaxtında yazmadı e.

Bir insan niyə bu qədər "rahat Məhəmməd"lik eləsin ki? Nə isə, mənim onunla "ağızlaşmağa" halım yoxdu, sadəcə, mesaj yazmağa həvəsim yox idi, burda yazdım, gedim ciddi yazılar yazım.

Tarix
2015.03.19 / 23:35
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla