Ana səhifə Toplum |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi BP şirkəti tərəfindən ətraf mühitə ziyan dəyməsi faktını araşdıracaq.
Axar.az xəbər verir ki, Xəzər dənizində BP-yə aid qazma platformalarından birindəki quyuda aparılan əməliyyat işləri zamanı Qazma məhlulunun dənizə axıdılması ilə bağlı nazirlik araşdırmalara başlayıb.
Nazirlikdən verilən məlumata görə, qısa zamanda araşdırmaların nəticələri məlum olacaq. Araşdırma zamanı əgər sözügedən ərazidə ətraf mühitə ziyan dəyməsi faktı müəyyən olunarsa, ziyanın həcmi hesablanacaq və qanunamüvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, qazma məhlulunun dənizə axıdılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hələlik BP şirkəti tərəfindən heç bir məlumat daxil olmayıb. Nazirlik öz mənbələrindən əldə etdiyi məlumatlar əsasında məsələnin yerində araşdırılması məqsədilə təcili olaraq həmin əraziyə ekspedisiya təşkil edib, araşdırma tədbirlərinə başlanılıb.
Xatırladaq ki, nazirlik belə halların baş verə biləcəyini nəzərə alaraq hələ 2002-2003-ci illərdən BP-yə və Azərbaycanda qazma işləri aparan təşkilatlara kimyəvi tərkibli qazma məhlullarından dəniz şəraitində istifadəni qadağan edib. Əvəzində su tərkibli məhlulların istifadəsinə icazə verib. BP-yə məxsus sözügedən bu qazma qurğusunda da su tərkibli qazma məhlulundan istifadə edilir. Buna görə də əvvəlcədən ehtimal etmək olar ki, məhlulun dənizə axması ciddi ekoloji fəsadlara səbəb olmamalıdır.
Ancaq nazirlik hər ehtimalı nəzərə alaraq bununla bağlı araşdırmaya başlayıb. Araşdırmanın nəticəsi olaraq ictimaiyyətə də məlumat veriləcək.
Tarix
2015.03.13 / 14:31
|
Müəllif
Nigar İxtiyarqızı
|