Yuxarı

Tanımadığımız Boris Nemtsov…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim mətbuatın rus siyasətçisi Nemtsovun şəxsiyyətinə, faciəli ölümünə marağını görüb bu yazını yazmaq fikrinə düşdüm. Mərhumun şəxsiyyətinin şişirdilməsi, hətta siyasi lider səviyyəsinə yüksəldilməsi, siyasi sifariş qurbanı hesab edilməsi yerli ekspertlərin məsələdən xeyli bixəbər olmasını göstərdi. Odur ki, elə burdan başlayaq, mərhum Boris Nemtsovun müasir Rusiya siyasətində yerini və çəkisini aydınlaşdırmağa çalışaq.

Siyasi lider, bir qayda olaraq, ölkədə siyasi vəziyyətə, daha dəqiq desək, seçkilərin nəticələrinə (bütün səviyyələrdə) təsir etmək imkanı olan siyasətçilərə deyilir. Bunun üçün həmin şəxslərin ətrafında bütün ölkəni əhatə edən nüfuzlu siyasi partiyası, böyük sosial potensialı olmalıdır. Bu səviyyəli siyasətçilər, daha doğrusu, siyasi liderlər hazırda Rusiyada üçdür: Vladimir Putin, Gennadi Züqanov və Vladimir Jirinovski. Bəli, yalnız bu üç nəfərin rəhbərlik etdiyi siyasi partiyalar, müvafiq olaraq, Vahid Rusiya, Kommunist və Liberal Demokrat partiyaları bu gün Rusiyada seçkilərə gedə və 10 faizlik həddi (Rusiyada bu, 10 milyon seçici deməkdir) aşa bilərlər.

Göründüyü kimi, bu üç nəfərin arasında, təəssüflə də olsa, qeyd etməliyik ki, Boris Nemtsov yoxdur. Doğrudur, onun rəhbərlik etdiyi siyasi partiya, ya hərəkat həmişə olub, amma bu təşkilatların Rusiyada seçkilərə təsir etmək imkanları heç vaxt olmayıb. Deməli, bu təşkilatların rəhbəri də klassik anlamda siyasi lider deyil. Bəs onda kimdir Boris Nemtsov? Onun anım mərasiminə on minlərlə insanın yığışması, faciəli ölümünün dünyanın bir nömrəli xəbəri səviyyəsinə çıxması göstərir ki, o, ölkədə seçkilərin nəticəsinə təsir edə bilməsə də, ictimai rəyə təsir etmək imkanında olub. Siyasət isə, məlum olduğu kimi, ictimai rəyi əldə etmək və idarə etmək sənətidir.

Deməli, Nemtsov Rusiyada tanınan və qəbul olunan siyasətçidir, amma onlardan biridirmi, ya böyük siyasətçidirmi? Düşünürəm ki, bu sualları cavablandırmaq üçün mərhumun tərcümeyi-halına, qısa da olsa, nəzər salmaq lazımdır. Görək, rəsmi sənədlər nə deyir, mətbuatda hansı xəbərlər gəzir?

Boris Yefimoviç Nemtsov 1959-cu ildə məşhur kurort şəhəri Soçidə, imkanlı ziyalı ailəsində dünyaya gəlmişdi. Yəhudi əsilli idi, amma məlum Jirinovski kimi, yalnız anasının yəhudi olduğunu deyirdi. Atası tikinti mühəndisi, anası (hazırda 86 yaşındadır) uşaq həkimi idi. Orta məktəbi və universiteti Qorki şəhərində (indiki Nijni Novqorod), hər ikisini qızıl medalla bitirmişdi. İxtisasca dəqiq elmlərin nümayəndəsi - fizik idi, dayısının yolu ilə gedirdi. Dayısı bütün SSRİ-də tanınan radio-fiziklərdən biri olub.

Boris də onun kimi alim olmaq istəyir, elmi tədqiqat institutunda işləyir. Hətta radiofizikadan dissertasiya da yazır, 27 yaşında elmlər namizədi adı alır. Amma artıq 80-ci illərin ortaları idi və İttifaq hökuməti yaşıllıq şəhəri olar Qorkidə atom elektrik stansiyası qurmaq istəyirdi. Çernobıldan sonra (1986) bu, bütün İttifaqda söyüş kimi səslənirdi və Qorkinin bütün mütərəqqi ictimaiyyəti bu sərsəm layihəyə qarşı qalxdı. Boris Nemtsov da özünün dediyinə görə, bu hərəkatın ön sıralarında idi. Bununla da onun ictimai-siyasi həyatı başladı və ömrünün sonuna kimi davam etdidi.

Bunlar rəsmi sənədlərin və mərhum Nemtsovun dedikləri idi, indi görək qeyri-rəsmi xəbərlər və mətbuat nə deyir.

Napoleon 32 yaşında imperator olmuşdu, Nemtsov isə qubernator. Amma Nemtosov Napoleon deyildi, deməli, rəsmi sənədlərlə qeyri-rəsmi xəbərlər də fərqlənməli idi. Mətbuatın yazdığına görə, Nemtsov tələbəlik və gənclik illərində yeyib-içən, kef çəkən bir adam olub. Onun zərif cinsə və azartlı oyunlara həvəsi isə bir ayrı söhbətin mövzusudur. Amma Boris heç birinin aludəçisi deyildi, zatən hər ikisindən pul düzəldə bilirdi. Allah ondan heç nə əsirgəməmişdi: uca boyu (187 sm), atlet bədən quruluşu vardı, savadlı və məlumatlı adamdı. Deyilənə görə, "Katala" filmində (1989) göstərilən linzalardan Boris və onun uşaqları (onlara Qorkidə belə deyirdilər) hələ 1985-86-cı illərdə istifadə edirdilər. Deməli, Qorkidən qatara minir, Moskvaya kimi bir gecə vaqon-restoranda gedir, kartla qumar oyunlarına güc verirdilər. Qatar alverçilərlə dolu olurdu, Moskvadan defisit mallar gətirir, Qorkidə satırdılar. Onlar da gecə səhərə kimi vaqon-restoranda kef çəkirdilər və Nemtsovun uşaqlarının qarmağına keçirdilər. Uşaqlardan biri gözünə həmin linzalardan keçirir və yazıq alverçinin var-yoxunun dalına keçirdi. Uduzan narazılıq edən kimi bir-ikisini vurur, vaqon-restorandan çıxarırdılar.

Boy-buxunlu Boris bu işdə də birinci idi. Deyilənə görə, bütün bu sərgüzəştlər hardasa 1986-cı ildə, Nemtsov atom-elektrik stansiyasına qarşı mübarizə hərəkatına qoşulduqdan sonra sona çatır. Sonra onu tez-tez KQB-nin Qorki idarəsinin rəisi ilə birlikdə görürlər. Nemtsov deyir ki, bu, onun mübarizəsi ilə bağlıdır, hətta KQB maraqlanır. Amma bu maraqlar B.Nemtsovun 1990-cı ildə deputat seçilməsi ilə nəticələnir və KQB-nin yerli rəisi tezliklə naməlum şəraitdə həlak olur. Olsun ki, bütün bunlar sadəcə olaraq, sözdür…

Qeyd edək ki, Boris Nemtsov böyük siyasətçi olmasa da, istedadlı siyasətçi idi, nə zaman harda və kimi yanında olmağı fitrən hiss edirdi. Məsələn, o, Qorki şəhərindən Rusiya Federasiyası Dumasının deputatı kimi Rusiya prezidentliyinə Boris Yeltsinin namizədliyini dəstəkləyirdi və 1991-ci ildə onun Nijni Novqorod vilayəti üzrə vəkili idi. Boris Yeltsin də 1991-ci il iyulun 10-da prezident seçilən kimi adaşını Nijni Novqorod Adminstrasiyasının sədri (qubernator) təyin etdi. 1991-94-cü illərdə Boris Nemtsov həm də Rusiya prezidentinin Nijni Novqorod vilayəti üzrə səlahiyyətli nümayəndəsi oldu. 1997-ci ildə Prezident Yeltsinin seçimi kimi Rusiyanın enerji naziri vəzifəsinə irəli çəkildi, hətta həmin ildə baş nazirin 1-ci müavini təyin edildi. Həmin dövrdə onun hətta Prezident Yeltsinin varisi olduğunu, onun yerinə hazırlandığını deyirdilər. Həmin xəbərlərə görə, Nemtsovun Moskvaya gətirilməsində və yüksək dövlət vəzifələrinə irəli çəkilməsində Prezident Yeltsinin kiçik və sevimli qızı Tatyananın böyük rolu olub. Amma biz qəhrəmanımızın faciəsini nəzərə alıb bu mövzunun üzərindən sükutla keçirik.

Deyilənə görə, Napoleon da zərif cinsə qarşı həvəsli olub, Nemtsov isə, yuxarıda deyildiyi kimi, Napoleon deyildi. Amma Nemtsov da Napoleon kimi, yalnız bir dəfə səhv edib və özünü bitirib. Bu səhv də 1998-ci ildə Nijni Novqorod şəhərində Prezident Yeltsini gənc bank sədri Kiriyenko ilə tanış etməsi idi. Kiriyenko da Nemtsov kimi fizik idi, elmi-tədqiqat institutundan tanış idilər. Yeltsin Kiriyenkonu bəyəndi, Moskvaya gətirdi, hətta Baş nazir təyin etdi və bununla da yenicə dirçələn Rusiya iqtisadiyyatını böhrana məhkum etdi. 1998-ci ilin iqtisadi böhranı Rusiyada inkişafa son qoyduğu kimi, Boris Nemtsovun da siyasi karyerasına son qoydu. Bundan sonra onun uzun - 17 illik müxalifətçilik dövrü başladı….

Boris böyük siyasətçi olmasa da, böyük insan olub, dostla dost, düşmənlə düşmən olmağı bacarıb, adına layiq kişi (Boris - mübariz deməkdir) olub. Onun dostları, onu tanıyanlar, sevənlər, hətta keçmiş həyat yoldaşları (iki dəfə rəsmi evlənib, 4 uşağı var) onu məhəbbətlə, sevgi ilə, göz yaşı ilə xatırlayırlar. Hətta onu ekranda, verilişdə görənlər, mitinqdə eşidənlər ağlayır, bu böyük insana yas saxlayır. Dostları deyir ki, Boris mərd, cəsarətli, səxavətli, sözü ilə əməli bir adam olub. Gülləni gözünə sıxsan, qorxmazdı, qapısına gələni boş qaytarmazdı, restoranda, kafedə adamı əlini cibinə salmağa qoymazdı. Qadınlar onu həm də buna görə sevirdi, axı yaşından asılı olmayaraq hər bir qadın ağ atlı oğlan həsrətindədir. Boris Nemtsov da, sözün əsil mənasında, ağ atlı oğlan - taleyin və insanların sevimlisi idi…

1998-ci ilin iqtisadi böhranından sonra Boris Nemtsovun Rusiyada siyasi perspektivləri yox dərəcəsində idi. 2000-ci ildə Prezident Yeltsinin Vladimir Putin seçimi isə bu perspektivlərin üstündən ümumiyyətlə xətt çəkdi. Yuxarıda deyildiyi kimi, o, siyasi lider deyildi, ölkədə seçkilərin nəticələrinə təsir edəcək nüfuzu, siyasi təşkilatı, sosial potensialı da yox idi. Deməli, o, hakimiyyət üçün heç bir təhlükə törətmirdi. Elə özü də hakimiyyət, vəzifə istəmədiyini, azad söz, azad fəaliyyət, azad seçim imkanları uğrunda mübarizə etdiyini deyirdi. Hətta son müsahibələrinin birində "mənim ən böyük vəzifəm Boris Nemtsovdur" demişdi. Doğrudur, imkanlı adam idi, amma milyarder deyildi, odur ki, biznes maraqlarına da qurban gedə bilməzdi. Onun kimi 5-10 milyon dollar pulu olanlar indi Rusiyada minlərlədir. Amma od olmasa, tüstü çıxmaz deyirlər, deməli, nəsə vardı.

Bəli, vardı, Nemtsov son dövr müsahibələrində məlum Saakaşvilini xatırladırdı. Sözlərində sərhəd, etik normalar gözləməzdi, siyasi opponentlərinə qarşı çox kəskin ifadələr, hətta söyüş və təhqirlərə yol verərdi. Onun Rusiya rəhbərliyi, Paris hadisələri, çeçen lideri və s. haqqında sərt fikirləri, təhqiramiz ifadələri hələ təzədir, indi də dillərdədir. Bəlkə kiminsə xoşuna gəlməyib və onun fitvası verilib?!

Düşünürəm ki, biz bunu heç vaxt bilməyəcəyik. Əslində, elə bilməsək yaxşıdır - çox bilən tez qocalar, deyirlər…

Tarix
2015.03.05 / 09:58
Müəllif
Qаlib Аrif
Şərhlər
Digər xəbərlər

Sahibkarların “xiyar siyasəti”

Növbəti Dördgünlük savaş nə vaxt olacaq?

Ermənilər Abbasovdan niyə razı qalırdı?

Qərb-Rusiya savaşı: 2016 nə vəd edir? – Təhlil

Ərdoğanın qeyri-adi bəyanatı

Alternativ enerji nədir? – Mənbələr

Mahal dilini dinc saxlasaydı...

KQB mayorunun Sovetləri titrədən qətli

Tələ: Gözəl qız oğlanı evə gətirir, bu zaman...

“Qatil qarajda elektrik stulu düzəldibmiş” - Polis

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla